"Kəlbəcər tezliklə inkişaf etmiş rayonlarımızdan birinə çevriləcək"

Kəlbəcər rayonunun işğaldan azad olunmasının iki ili tamam olur. Bu günümüzün qürurverici hadisələrindən biri məhz budur ki, artıq torpaqlarımızın işğaldan azad edildiyi tarixləri qeyd edirik. 30 ilə yaxın işğala 44 gündə son qoyan Azərbaycan Ordusu Ermənistanı diz çökdürdü, kapitulyasiya aktını imzalamağa məcbur etdi. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi oldu. Bəyanata əsasən, Ermənistan Kəlbəcər rayonunu noyabrın 15-də boşaltmalı və ərazini tam olaraq Azərbaycana təhvil verməli idi. Lakin Ermənistan vaxtın azlığını və relyefin çətinliyini əsas göstərərək Rusiya Prezidentinin vasitəçiliyi ilə Azərbaycandan əlavə vaxt istədi. Beləliklə, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verildi. Azərbaycan Ordusu 25 noyabrın ilk dəqiqəsindən Kəlbəcərə daxil oldu. Bununla da 27 ildən sonra Kəlbəcər azadlığına qovuşdu.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya deyib. Təşkilatın sədri bildirib ki, Kəlbəcər 27 ildən sonra tarixi sahibinə qovuşdu. Kəlbəcər kimi strateji əhəmiyyəti olan rayonun işğaldan azad edilməsi son dərəcə böyük tarixi uğurdur. Bu gün işğaldan azad edilmiş ərazilərimiz sürətli bərpa-quruculuq dövrünü yaşayır. Dövlətimizin başçısı İlham Əliyevin bu ərazilərimizə mütəmadi səfərləri yeni sosial obyektlərin təməlinin qoyulması, yaxud açılış mərasimlərinin keçirilməsi ilə yadda qalır. Kəlbəcərin azad olunmasından cəmi 2 il keçib, artıq rayonda quruculuq işləri, infrastrukturun qurulması istiqamətində çox ciddi layihələr gerçəkləşdirilib və sürətli iş gedir. Bu günədək görülən və gələcəkdə də görüləcək işlərin miqyasına diqqət yetirdikdə tam əminliklə söyləmək olar ki, Kəlbəcər tezliklə inkişaf etmiş rayonlarımızdan birinə çevriləcək.

F.Şadlinskaya qeyd edib ki, torpaqlarımızın işğaldan azad edildiyi tarixləri qeyd edərkən bu sevinci bizlərə yaşadan, qanları, canları ilə tarix yazan şəhidlərimizi, qəhrəman əsgər və zabitlərimizi yad etməyə bilmərik. Məhz onların fədakarlığı və şücaəti nəticəsində tarix yazıldı, torpaqlarımızın 30 illik işğalına son qoyuldu. Dövlətimiz onların fədakarlıqlarını unutmur. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9424 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə