Azərbaycanda çoxuşaqlılıq dəb olub? - ARAŞDIRMA

Azərbaycanda çoxuşaqlılıq dəb olub? - ARAŞDIRMA

Gəlir sağlamlıq vəziyyətini təyin edən ən vacib amillərdən biridir. Dünya Bankının hesabatlarına görə, dünya əhalisinin beşdə biri beynəlxalq yoxsulluq həddinin altında yaşayır.

Uşaqlar isə cəmiyyətdə yoxsulluğun təsirinə məruz qalan ən həssas qrupdur.

Yoxsulluq zamanı ən çox əziyyət çəkən həmin ailənin ən gənc üzvləri, yaşamaq, inkişaf etmək və böyümək hüquqlarına malik olanlardır. Bu gün inkişaf etməkdə olan ölkələrdə hər 10 uşaqdan 4-ü ifrat yoxsulluq şəraitində doğulur.

Yəni yoxsulluq artdıqca evdə paylaşılan yeməklər azalır, kasıblıq ən çox anaları və balaca körpələri köməksiz qoyur. UNİCEF-in məlumatına görə, yoxsulluq uşaqların həm bədənlərini, həm də zehnini məhv edir və nəticədə yoxsulluq sonrakı nəsillərə ötürülür.

2018-ci ildə aparılan iqtisadi araşdırmalara görə, Azərbaycanda əhalinin ən çox artımı 50-60-cı illərdə qeydə alınıb. Bu onillikdə əhali 40 faizə qədər artıb. Bu, o deməkdir ki, əhalinin orta hesabla ildə artımı 4 faiz təşkil edib. Ancaq artım 2000-ci ildən 2007-ci ilə qədər cəmi 0,7 faiz təşkil edib. Təbii artımın tempi təxminən 6 dəfə aşağı düşüb. Araşdırma nəticəsində o da ortaya çıxıb ki, doğumun aşağı düşməsi indi olmasa da qarşıdakı 15-20 ildə ölkənin insan potensialının azalması baxımından böyük problemlər yarada bilər.

Yoxsulluq uşaqların həm bioloji, həm də psixi potensialına mənfi təsir göstərir. Vaşinqton Universitetinin tədqiqatçılarının yeni araşdırması nəticəsində məlum olub ki, pis şəraitdə yaşayan uşaqların beyin strukturunda baş verən dəyişikliklər birbaşa yoxsulluqla bağlıdır. Beyin strukturunda baş verən bu dəyişikliklər uşaqlarda depressiya riskini artırır.

Ailənin varlı və ya kasıb olmasının uşağa təsiri var. Tədqiqatlar bunun onların şəxsiyyətlərinə necə təsir etdiyini göstərir.

Uşağın şəxsiyyəti ailə ilə formalaşır. Bəs, ailənin iqtisadi vəziyyəti uşaqlara necə təsir edir?

Varlı və kasıb uşaqların fərqləri

Amerikalı sosioloq Annette Lareau 2003-cü ildə bu barədə araşdırma edib. Araşdırmaya görə, zəngin ailələr uşaqlarının asudə vaxtları ilə daha çox maraqlanır, onları bir fəaliyyətdən digərinə keçirirlər. Amma kasıb ailələr övladları ilə bu sahədə dialoq qurmayıblar. Onlara uşaqların heç bir marağı, hissləri, müəllimləri və ya dostları ilə ünsiyyəti o qədər də maraqlı olmur.

Lareaunun sözlərinə görə, ümumiyyətlə, kasıb ailələrin uşaqları özlərini daha yaxşı aparır, daha az şikayət edir, vaxtlarını səmərəli keçirmək üçün daha yaradıcı hərəkət edirlər. Lakin onlar öz hüquqlarını müdafiə etməkdə uğurlu deyillər.

Dünyada aparılan araşdırmalar göstərir ki, uşaq sahibi olmağın bir çox mənfi tərəfləri var. Belə ki, büdcəyə xeyli yük düşür, uşaq iş qadınlarına mane olur və s.

Bütün bu neqativlər təəssüf ki, bugünkü insanların hissləridir. Orta səviyyəli Amerika ailəsi 18 yaşına qədər hər uşağa təxminən 245,340 dollar xərcləyir. Böyük Britaniyada uşaq böyütmək xərcləri 2003-cü illə müqayisədə 63% artıb.

Bizim əksəriyyətimiz “Əyninə şalvar ala bilmir, evlənir”, “Pul qazana bilmir, amma xanımı bütün günü hamilədir” deyə düşüncələrlə gəzirik. Buna görə insanları qınayırıq ki, kasıbdırsa, çox uşaq sahibi olmasın.

Bəs, insanlar niyə belə qeyri-sağlam şəraitdə, imkansızlıqda bu qədər uşaq dünyaya gətirirlər?

Bir məqalədə bunlar qeyd olunub:

“Müharibədə və yoxsulluqda olan insanlar niyə sevişirlər? Qadınlar niyə hamilə qalırlar?

Xüsusilə müharibələrdə, böyük depressiyalarda uşaqların sayı artır.

Vətənində, torpağında gedən müharibələrdən qaçıb başqa ölkələrə qaçqın düşmüş insanlara diqqət yetirin. Hamısının övladları ya başlayan müharibələrlə eyni vaxtda doğulub, ya da o vaxt qadınlar hamilə olublar.

İnsanlar çətin şəraitdə şüurlu şəkildə uşaq sahibi olurlar?

Dünyanın ədalətsiz şərtlərində bəzi insanlar yemək, içməyə su, xəstələnəndə dərman, sığınacaq, geyinməyə paltar tapa bilmədiklərində, demək olar ki, hamısının bu şərtlərə məhəl qoymayaraq uşaq sahibi olduğunu görürük. Onlara hirslənirik, əsəbiləşirik və sorğu-sual edirik; “O uşağa necə baxacaqsan? Niyə doğdun?".

Şüuraltı kodlarımız insanlara “yaşamaq və gələcək nəsil yaratmaq üçün çoxalmaq” göstərişini verir. İnsanlar bunu instinktiv şəkildə, xüsusən də çətin şəraitdə edirlər.

Günümüzdə kasıb insanların uşaq sahibi olma ehtimalı varlı insanlara nisbətən daha çoxdur.

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Cərrah, mama-ginekoloq Ləman Əliyeva: “Bu barədə hər cürə pasientə rast gəlmək olur. Bir uşaq doğub daha sonra övlad sahibi olmaq istəməyənlər də var.

Amma 3-cü dəfə doğum edən pasientlərlə daha çox rastlaşıram. Sanki indi çoxuşaqlılığa daha çox önəm verirlər.

Sanki əvvəl bir dövr var idi ki, ailələr tək övlada üstünlük verirdi. İndi isə sanki keçmiş dövrə qayıtmışıq. Yəni, bir çox ailə çox uşaq həvəsindədir”.

4 il bundan öncənin statistikasına görə, ölkədə 1 milyon 832 mindən çox ailə mövcud olub. Dövlət Statistika Komitəsinin məlumatına görə isə son 20 ildə Azərbaycanda çoxuşaqlı analar qeydə alınmayıb. 20 il öncə yalnız 8-12 uşağı olan qadınlar çoxuşaqlı analar kateqoriyasına daxil edilirdisə, indi 4-5 uşaq doğanlar bu statusun qeyri-rəsmi daşıyıcısıdır. Əgər 80-ci illərdə nəsilvermə qabiliyyətinə malik qadınlar 35-40, bəzən hətta 50 yaşında da dünyaya uşaq gətirirdisə, indi 35 yaşı ötən qadınlar bundan imtina edir.

Dövlət Statistika Komitəsinin məlumatında əhalinin nəsilvermə əmsalının aşağı düşdüyü göstərilib. Hazırda nəsilvermə qabiliyyətinə malik qadınların hər birinə 2 uşaq düşür.

2020-ci ildə isə Azərbaycanda 5 və daha çox uşaqlı ailələrin sayı 3 minə, 4 uşaqlı ailələrin sayı 125 minə yaxın olub. 1 uşaqlı ailələrin sayı 400 min, 2 uşaqlı ailələrin sayı 53 min, 3 uşaqlı ailələrin sayı isə 260 min civarındadır. Statistikaya görə, 3 və daha çox uşaqlı ailələrin sayı getdikcə azalır, 1-2 uşaqlı ailələrin sayı isə artır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə