Qaz istismarı sahəsində mühüm dəyişiklik olacaq - YENİLİK

Eldəniz Vəliyev: Bundan sonra qaz istismarı idarələrinin əməkdaşları mənzillərdə qaz sistemi ilə bağlı yoxlama aparmaq hüququna malik olacaq

Bu gün “Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası keçirilib. İctimai təşkilat nümayəndələrinin və jurnalistlərin iştirak etdiyi tədbir Feysbuk sosial şəbəkəsi üzərindən canlı yayımlanıb.

Azəriqaz-ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev qaz təchizatı sahəsində baş verən yeniliklərlə bağlı ətraflı məlumat verib. Onun bildirdiyinə görə, cari ildə 14 kənd və 38 yaşayış massivi qazlaşdırılıb. Limit məsələsinə toxunan şöbə rəisi qeyd edib ki, son məlumata görə, abonentlərin 58,8 faizi (1 milyon 441 min abonent) 1200 kubmetrlik 1-ci limiti keçməyib. Azəriqaz rəsmisi bunu aparılan işlərlə və abonentlərin qaz cihazları ilə davranışının yaxşılaşması ilə əlaqələndirib.

Qaz təhlükəsizliyinin təmin olunması sahəsində vəziyyətlə bağlı sualları cavablandıran şöbə rəsisi bildirib ki, texniki şərtləri pozan abonetlərdə qəzaların baş verməsi təəssüf ediləsi haldır. Qaz cihazlarının və xətlərinin özbaşına dəyişdirilməsi, köçürülməsi bəzən ağır faciələrə səbəb olur - deyən İB rəsmisi abonentləri belə hərəkətlərdən çəkinməyə çağırıb. İndiyədək Azəriqaz əməkdaşlarının mənzillərə daxil olmasının qadağan edildiyini deyən E.Vəliyev may ayında Prezident fərmanı ilə təsdiq edilmiş və hazırda Nazirlər Kabinetində formalaşdırılmaqda olan təlimatlara əsasən qaz istismarı idarələri əməkdaşlarının mənzillərə texniki baxış keçirməsinə icazə verildiyini deyib və bildirib ki, əməkdaşları mənzilərə buraxmayan abonetlərə qazın verilişi dayandırılacaq.

İB-nin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov sayğaclarla bağlı suallara aydınlıq gətirib: “Məişət tipli qaz sayğacları üçün dövrü yoxlama müddəti 5 il, sənaye tipli qaz cihazlarının isə 3 ildir. Bu müddətdən bir sayğacların yoxlanması həyata keçirilir. Bu ilin əvvəlinə 650 minə yaxın sayğacın dövri yoxlama müddəti çatmışdı, onlardan 250 minə yaxını yoxlanıb. Çıxarılan qaz sayğaclarına müdaxilə halları keçən il 20.800, bu il isə 8.900 təşkil edib, yəni, bu hallar təxminən 2 dəfə azalıb ki, bu da şəffaf qutuların quraşdırılması ilə bağlıdır”.

Sayğacların tez-tez koda düşməsi ilə bağlı suala cavab olaraq R.Məhyəddinov bildirdi ki, yeni sayğaclarda bu problem yoxdur, sayğacda balans olduğu halda kartda balans qala bilər və istənilən vaxt sayğaca yüklənə bilər, digər sayğaclarda isə aboinet nəzarət etməlidir ki, balans qurtaranda qaz açıq halda qalmasın, yaxşı olar ki, balans bitənə yaxın yeni balans əlavə edilsin.

Qazın keyfiyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirən şöbə rəisi qeyd edib ki, bu yalan məlumatdır, çünki qazın emal proseduru, standartları var ki, sırf bu prosesdən sonra qaz abonetlərə verilir. Abonentlərə mədən qazının, təmizlənməmiş səmt qazının verildiyi haqda məlumatların heç bir əsası yoxdur- deyə o bildirib.

Bütün evlərdə, mənzillərdə qaz detektorlarının tətbiq olunmasını Azəriqaz-ın hansısa formada həyata keçirə və ya stumullaşdıra biləcəyi haqda suala cavab olaraq İB rəsmiləri bildirdilər ki, son vaxtlar verilən texniki şərtlərdə bu nəzərdə tutulur və yeni abonentlərdə bu detektorların quraşdırılmasının vacibliyi podratçı şirkətlərə tapşırılıb. Lakin əvvəlki abonentlərin mənzilinə məcburi qaydada detektor quraşdırmaq üçün İB-nin səlahiyyəti yoxdur, bununla bağlı müvafiq qanuna düzəliş tətbiq edilməli və sonra bu proses həyata keçirilməlidir. Qeyd olunub ki, Azəriqaz bütün abonentləri bu cihazları quraşdırmağa çağırır və onlara bunun vacibliyi izah edilir.

Bəzi ərazilərdə qaz verilişinin müvəqqəti dayandırılmasının səbəblərinə gəldikdə isə Azəriqaz rəsmiləri bildirdilər ki, həmin ərazilərdə yeni binalar istifadəyə verildikdən sonra, mövcud qaz boruları normadan artıq yükləndiyinə görə, daha böyük ötürücü borularla dəyişdirilməsi üçün zəruri işlər aparılır və bu zaman qısa müddətə qaz verilişi dayandırılır.

Lalə Mehralı

Bütün xəbərlər Facebook səhifəmizdə