Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səlahiyyətləri artırılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səlahiyyətləri artırılıb.

SİA APA-ya istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Nazirliyin vəzifələri sırasına aşağıdakılar əlavə edilib:

- dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı texniki tələbləri müəyyənləşdirmək;

Dövlət qurumlarının göstərdikləri xidmətlərin elektron formada təşkili və təkmilləşdirilməsi məqsədilə aşağıdakıları həyata keçirmək:

- dövlət qurumlarının malik olduqları informasiya sistemləri və ehtiyatları ilə tanış olmaq, göstərilən xidmətlərin elektron formada təşkili ilə bağlı tədbirlər görmək;

- elektron xidmətlərin göstərilməsi üzrə texniki tələbləri müəyyənləşdirmək;

- dövlət qurumlarında elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət qurumlarının informasiya sistemlərinin və ehtiyatlarının təşkili və fəaliyyəti üzrə qiymətləndirmələr aparmaq və nəticəsi barədə arayışlar, hesabatlar hazırlamaq;

- elektron xidmətlərin göstərilməsi üzrə dövlət qurumlarına metodik və əməli köməklik göstərmək;

- dövlət qurumlarının elektron xidmətləri barədə vətəndaşlardan daxil olan irad və təklifləri təhlil edərək, aidiyyəti dövlət qurumlarına məlumat göndərmək;

İnformasiya sistemləri və ehtiyatları, habelə elektron xidmətlərlə bağlı dövlət qurumları tərəfindən təqdim olunan layihələrə, onların texniki və səmərəliliyi baxımından məqsədəuyğunluğu barədə rəy vermək.

Eyni zamanda fərmana əsasən, nazirliyin hüquqları artırılır:

Nazirliyin hüquqları sırasına aşağıdakılar əlavə edilir:

- dövlət qurumlarının malik olduqları informasiya sistemlərinə və ehtiyatlarına çıxış əldə etmək, dövlət qurumları tərəfindən göstərilən xidmətlərin elektron formada təşkili ilə bağlı müvafiq proqram təminatını hazırlamaq məqsədilə həmin qurumların xidmət prosesini öyrənmək və müvafiq təkliflər vermək;

- elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi ilə bağlı layihələrin təşəbbüsçüsü, icraçısı və ya sifarişçisi kimi çıxış etmək;

- dövlət qurumlarında elektron xidmətlərin təşkilində istifadə olunacaq informasiya sistemlərinin və ehtiyatlarının yaradılması zamanı onların təsdiq olunmuş layihələrə, texniki normalara, standartlara və tələblərə uyğun həyata keçirilməsinə nəzarət etmək və istismara qəbulunda bilavasitə iştirak etmək;

- dövlət qurumlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin həyata keçirilməsi məqsədilə yaradılmış infrastruktura qoşulmaları üçün dövlət qurumlarına təkliflər vermək və onların təmin edilməsinə nəzarət etmək;

- elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi ilə bağlı dövlət qurumlarının təkliflərini toplamaq, onları təhlil etmək və rəy vermək.

Bütün xəbərlər Facebook səhifəmizdə