İctimai nəqliyyatda insanların davranışı xalqın inkişafının göstəricisidir -SOSİOLOQ DANIŞDI9Ğ

“İctimai nəqliyyatda insanların davranışı, hərəkəti ümumilikdə əhalinin, xalqın inkişafının bir göstəricisidir. Yəni istənilən ölkəyə qonaq gedən şəxs avtobusda on dəqiqə belə harasa getsə, ölkə haqqında artıq müəyyən bir təsəvvürə sahib olur”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu bildirib.

Onun sözlərinə görə, sosiologiyada müşahidə metodu adlandırılan bir metod var: “O metodun özünün xüsusiyyətləri də var. İctimai nəqliyyatda etiket qaydalarından danışdıqda mütləq bir neçə şeyi fərqləndirmək lazımdır. Biri var ki, insanların öz tanışları ilə münasibəti, ikincisi avtobusda kənar insanlarla münasibət, üçüncüsü isə sürücü ilə münasibətdir. Bunların hər birinə ayrı-ayrılıqda ciddi diqqət etmək lazımdır. Bizim avtobuslarda adətən tanış insanlar biri-birləri ilə hündür səslə danışırlar. Eynilə də bəzi insanlar telefonla danışdıqda belə sanki ictimaiyyət içərisində olduqlarını unudurlar.

Eyni zamanda ictimai nəqliyyatlarda sürücüyə qışqırmaq, bağırmaq qəti yolverilməzdir. Bu halda sürücünün təbii olaraq fikri yayına bilər və qəza baş verə bilər. İctimai nəqliyyatda insanlar biri-birləri ilə nəzakətli davranmalıdırlar. Bizim xalq hər zaman bütün dünyada ictimai nəqliyyatda cavanların yaşlı nəslə yer verməsi ilə məşhur olub. Lakin son zamanlar isə bunun əksinə olan bir təbliğat hökm sürür, cavanlar artıq yaşlı nəslin nümayəndələrinə yer vermək istəmirlər. Bu da xoşagəlməz bir haldır. Ümumiyyətlə ictimai nəqliyyatlarda baş verən xoşagəlməz hallar həm ölkə əhalisini narahat edir, həm də ölkəmizin qonaqlarında mənfi bir rəy formalaşdırır. Başqaları ilə nəzakətli davranmaq təhlükəsizlik baxımından da olduqca vacibdir. Bu cür vacib məsələ ilə bağlı mümkün qədər çalışıb ictimai fikir formalaşdırmaq lazımdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə