Narkomaniya qlobal problem kimi pandemiya qədər təhlükəlidir. Dünyada milyonlarla insan hazırda narkotikdən asıllı vəziyyətdədir. Keçən il dünyada təxminən 275 milyon insan narkotik vasitələrdən istifadə edib, onlardan 36 milyonu narkomaniya pozuntusundan əziyyət çəkib. 2019-cu ildə 494 000 insan narkotik istifadəsi və bununla bağlı sağlamlığa təsirindən dünyasını dəyişib. Demoqrafik dəyişikliyə əsaslanan proqnoz 2030-cu ilədək narkotiklərdən istifadə edənlərin sayının dünyada 11%, Afrikada isə 40% artacağını göstərilir.
Narkotiklərlə əlaqəli ölüm halları və bunun nəticəsində yaranan sağlamlıq üçün mənfi nəticələr qlobal miqyasda artmaqda davam edir.

Narkotik bazarı
Hesabata görə, dərman bazarı COVID-19 pandemiyasının başlanğıcında baş verən tənəzzüldən sonra tez bir zamanda fəaliyyətini bərpa edib və nəticədə qlobal bazarda narkotik ticarəti artıb. Tədarükün artmasına quruda və suda narkotik vasitələrin qanunsuz dövriyyəsi marşrutlarının sayının artması, qeyri-qanuni dövriyyə üçün şəxsi təyyarələrdən istifadə və narkotiklərin son istifadəçilərə təmassız çatdırılması səbəb olub.
Həmçinin pandemiya zamanı Avropada kokain tədarük zəncirlərinin şaxələndirilməsi haqqında məlumat verilib.
Ölkəmiz narkomaniya ilə necə mübarizə aparır?
SİA mövzu ilə bağlı araşdırma edib.
Azərbaycanda da narkomanların sayı getdikcə artır. Xüsusilə, gənclərin və yeniyetmələrin bu bəlaya düçar olması cəmiyyəti ciddi narahat edir. “Ağ ölümə” qarşı dövlət səviyyəsində mübarizə aparılmasına baxmayaraq, narkotik istifadəçilərin sayı azalmır, əksinə hər keçən gün yeni qurbanlar bu qarşısıalınmaz xəstəliyə düçar olurlar. Vəziyyət artıq o həddə çatıb ki, mütəxəssislər həyəcan təbili çalaraq, bütün qurumları və vətəndaşları narkomaniyaya qarşı səfərbər olmağa, ölüm yuvalarının kökünü kəsməyə çağırırlar.

Son vaxtlar artan narahatlıq “patı” və ya “şüşə” adlandırılan metamfetaminin geniş yayılması ilə bağlıdır. Qaçaqmal yolu ilə ölkəmizə gətirilən bu narkotik vasitənin qiymətinin çox ucuz olduğu - təxminən 5-15 manata satıldığı bildirilir. Belə bir ucuz vasitənin geniş yayılması Azərbaycanda narkomaniyanın əhatə dairəsini genişləndirib və artıq demək olar ki, ölkənin hər yerində narkotik vasitələr satılır.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bəhruz Orucov: "Ümumiyyətlə, narkomaniya nəinki bizim cəmiyyətin bütün dünyada qlobal problemlərdən hesab edilir. Narkomaniyanın artm səbəbləri əslində müxtəlifdir. İlk növbədə qeyd edilməlidir ki, sosial problemlər və bundan yaranan nəticələr narkomanlığın geniş yayılmasına vüsət açır. İşsizlik, bunun nəticəsindəcinayətkarlığın artması, narkomaniyanın müxtəlif təbəqələrə yol açmasına şərait yaradır. Bundan əlavə qeyd edilməlidir ki, sintetik və kimyəvi yolla əldə olunan narkotiklərin ölkəyə qanunsuz gətirilməsi bu bəlanın aşağı təbəqədən olan kütlələrə çox asanlıqla yol tapmasına səbəb olur. Statistika bunu deməyə əsas verir ki, ölkədə istehlak olunan narkotik vasitələrin böyük əksəriyyəti ölkə xaricindən gətirilən narkotiklərin payına düşür. Düzdür, əslində, narkotiklərin qanunsuz dövriyyəsi, narkomanlıq və narkobiznesin yayılmasına qarşı qətiyyətli tədbirlər görülür, bu istiqamətdə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən təşkilati hüquqi və praktiki tədbirlər həyata keçirilir, lakin bunlara baxmayaraq narkotik vasitələrin ölkəyə axımının tamamilə dayandırılmasına nail oluna bilinmir. Ölkədə yayılan narkotiklərin, əsasən, kimyəvi tərkibli olub, ucuz başa gəldiyindən bu tip narkotik vasitələr aşağı təbəqələrin nümayəndələri tərəfindən asanlıqla əldə olunur.
Bir daha qeyd edilməlidir ki, narkomaniyanın yayılmasının əsas səbəbi narkotik vasitələrin ucuz və əlçatan olmasıdır. Narkotik vasitələrin yayılmasının qarşısını almaq, əslində, maariflənmədən keçir.
Bununla əlaqədar, təhsil müəssisələrində narkotikin bəla olması və ağır nəticələrə səbəb olması təbliğ edilməlidir. Bunun üçün ictimai əsaslarla fəaliyyət göstərən təşkilatlar gənclər arasında maarifləndirmə işləri aparmalıdırlar. Təbii ki, narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizədə hüquq mühafizə orqanlarının fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Lakin effektiv mübarizə üçün vətəndaşların sözügedən təşkilatlara yaxından köməklik göstərməsi də böyük rol oynayır. Bu bəlanın qarşısını almaq üçün vətəndaşlarımız, QHT və HMO ilə qarşılıqlı surətdə fəaliyyət göstərməlidirlər. Qeyd edilməlidir ki, cinayət və inzibati qanunvericilikdə narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizədə cəza tədbirləri müəyyən edilmişdir. Lakin müşahidələrimiz onu göstərir ki, bu tədbirlər kifayət deyildir. Daha yaxşı olardı ki, narkomaniyanın qarşısı cəza təhdid altında deyil, profilaktik tədbirlər nəticəsində alınardı. Bunun üçün isə biz bütün enerjimizi və gücümüzü səfərbər etməklə bu bəlanın qarşısını almalı, geniş yayılmasına, gənclərə yol tapmasına imkan verməməliyik.
Çox təəssüflə qeyd olunmalıdır ki, narkomaniyanın əsas hədəfi gənclərdir. Onların arasında yetkinlik yaşına çatmayanlar böyük üstünlük təşkil edir. Aşağı yaş qruplarından olan şəxslərin zəif psixi inkişafı və həyat təcrübələrinin olmaması onları ilk növbədə qurbana çevirir. Düzdür, qırx yaşdan yuxarı şəxslər arasında da narkotik aludəçilərinə rast gəlinir. Amma onu da unutmaq lazım deyil ki, bu bəla insanlara heç bir şans tanımır, narkomanlar uzunömürlü olmurlar".
Havar Şəfiyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB