Gəncləri ailədən uzaqlaşdıran səbəblər nələrdir? - ARAŞDIRMA

Gəncləri ailədən uzaqlaşdıran səbəblər nələrdir? - ARAŞDIRMA

Gənclik və yeniyetməlik həyatın ən mühüm dönüş nöqtələrindən biridir. Bunun ən çətin dövrlərdən biri olduğunu da deyə bilərik. Gənclik dövründə sürətli fiziki, psixoloji və sosial dəyişikliklər baş verir. Təcrübə, idealizm, qarşıdurma və qeyri-müəyyənlik, şəxsiyyət hissi, ayrılıq və fərdiləşmə dövrüdür.

Yeniyetməlik dövründəki gənclər müdaxilə olunmaqdan daha çox yaxşı yönləndirilməyə və məsləhətə ehtiyac duyur. Məlum olduğu üzrə bu dönəmdə gənclər çox həssas olur. Bu səbəbdən də bir sıra faktorlar onları ailədən uzaqlaşdırır.

Araşdırmalar göstərir ki, ailədən ən çox uzaqlaşan gənclər daim tənqid olunanlardır. Dağınıqlıq, texnologiya asılılığı, aşırı reaksiya bildirmə, təhlükəli dostların əhatəsinə düşmək və vecsizlik gəncləri ailədən uzaqlaşdıran ən əsas faktorlardandır.

Yeniyetməlik dövründəki gənclər bir şeydən tez sıxılır, səbrsiz olur, daim öz şəxsiyyətlərini axtarır, içinə qapanır və özlərini yanlız hiss edir. Bunu görmədiyimiz və onların yanında deyil, qarşısında olduğumuz zaman araya ciddi bir uzaqlıq girir.

Yeniyetməlik 11-12 yaşlarında başlayır. Gəncləri daim kontrolda saxlayan və onların səhv etməyinə imkan verməyən ailələr övladlarını özlərindən uzaqlaşdırır. Bəs, nə etmək lazımdır? Onları nə tamamilə kontrol altında saxlamaq, nə də çox sərbəst buraxmamalıyıq. Orta nöqtəni tutmaq çox vacibdir. Onların duyğularını anlamasaq və şəxsiyyətlərinə hörmət etməsək bizdən daha da uzaqlaşacaqlar. Bu səbəblə onlara qarşı olan davranışlarımızı süzgəcdən keçirməli və daha ehtiyatlı olmalıyıq.

Ailə birliyi xoşbəxtlik üçün vacibdir. Valideynlər də həmişə eyni düşünməyə bilər. Ailədə ortaq nöqtəyə gəlib birgə qərar qəbul edilərsə, yeniyetmələr də bundan mənfi təsirlənməz. Amma həyat yoldaşları arasında fiziki və psixoloji zorakılıq olarsa, bu gənclərə mənfi təsir edir. Bu vəziyyət gəncin zamanla ailədən uzaqlaşmasına səbəb olur.

Valideynlər ailədə nə qədər səmərəli və birgə fəaliyyət göstərsələr, sağlam fəaliyyət üçün zəruri olan ailə nizam-intizamı bir o qədər yaxşı təmin edilər. Valideynlərin vəzifələrindən biri də övladlarını müstəqil fəaliyyət göstərə bilən, təşəbbüskar, özünə güvənən, üzərinə düşən vəzifələri yerinə yetirən şəxsiyyətlər kimi yetişdirməkdir. Lakin bu sadaladığımız xüsusiyyətlərə malik olacaq fərdləri yetişdirmək üçün müəyyən bir nizam-intizam təmin edilməlidir.

Ailədə birliyi pozan ən mühüm səbəblərdən biri də ər-arvad arasında olan fiziki zorakılıqdır. Bu zaman həm fiziki, həm psixoloji təzyiq göstərən, həm də ona məruz qalan şəxs yeniyetmənin gözündə zəif görünür. Biri özünü idarə edə bilmədiyi və balanssız davranışlarına görə, digəri isə qarşısını ala bilmədiyi üçün aciz roluna düşür.

Bəzən gəncə qarşı olunan tək bir şiddət davranışı travmaya səbəb ola bilər. Bundan əlavə, ər-arvadın biri-birinə etdiyi xəyanət də yeniyetməlik dövründə olan gəncə ciddi travmadır. İnternet və mobil telefonlardan şüursuz istifadə ilə də artan bu ciddi problem valideynlərin övladlarının gözündə hörmətini itirməsinə səbəb olur və nizam-intizamın saxlanmasını çətinləşdirir.

Ailədə ana və atanın biri-birinə qarşı olan güvən problemi də gəncləri ailədən uzaqlaşdırır. Bu vəziyyət gənclərin ailəyə inamını sarsıtmaqla yanaşı, onların gələcəyə ümid və inamla baxmasına mane olur.

Valideynlərin gənclərin kompüter və televiziyadan istifadə azadlığı, əks cinslə danışıq tərzi, geyim tərzi kimi dəyərlərlə daha çox bağlı olan məsələlərdə fərqli düşünmələri onlara mənfi təsir edir. Valideynlər uşağın yatmaq vaxtını təyin etmək, yemək qaydası, dərs cədvəli, dostları ilə gediş-gəliş kimi məsələlərdə fərqli düşünə bilər. Fikir ayrılıqları halında ana-ata övladlarına qarşı anlayışlı olmalı və ortaq nöqtəyə gəlinməlidir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə