İndiki dövrdə fərdi müəllim yanına getmədən universitetə hazırlaşan və tələbə adını qazanan abituriyent tapmaq demək olar ki, müşkül məsələdir. Hətta vəziyyət o yerə gəlib çatıb ki, uşaqlar məktəbə qədəmlərini qoymadan repetitor yanına getməli olurlar. Lakin heç bir repetitor yanına getmədən qəbul imtahanına hazırlaşan və yüksək bal toplayan tələbələrdə az deyil. SİA olaraq şəhər sakinlərinin bu barədə fikirlərini öyrəndik.
Şəhər sakini Nəzakət Səmədzadə: "Məktəbdə verilən təhsil bəzən bizi qane etmir. Bu səbəbdən repetitor yanına getməyə ehtiyac yaranır. Mən düşünürəm ki, 80% tələbə repetitor yanına gedərək ali təhsil müəssisələrinə qəbul olurlar. Yəni hazırlığa getmədən yüksək nəticə toplamaq çox çətindir deyə düşünürəm".
Şəhər sakini Səltənət Sultanova: "Mən hesab edirəm ki, hazırlığa getmədən ali təhsil almaq mümkündür. Lakin 11 illik təhsil sisteminin çoxda səmərəli olduğunu düşünmürəm. Məsələn, ingilis dili fənni üzrə 11 ildə ingilis dilini tam şəkildə öyrənə bilmirik. Halbuki, bu neçə il ərzində bir neçə dil öyrənə bilərik. Məncə bu mövzuda günah bir qədər tədrisdə, bir qədər də tələbənin üzərinə düşür".
Şəhər sakini Müzəffər Qurbanlı: "Mən repetitorluğun əleyhinə deyiləm. Bu model son illərdə ortaya çıxıb. Əvvəl şagirdlər orta məktəbdə aldıqları biliklərin hesabına ali məktəblərə daxil olurdular. Repetitor yanına gedən şagird daha ciddi nəzarətə götürülür. Şagirdin vaxtı-vaxtında müəllimin yanına gedib-gəlməsi, müəllimə xüsusi ianə xərclənməsi və bütün bunların valideyn tərəfindən daha ciddi nəzarətə götürülməsi yaxşı nəticə verir. Orta məktəbə gedən şagirdi isə valideyn güclü nəzarətdə saxlamır. Həmin şagirdlər də hazırlığa gedə bilmədikləri, digər abituriyentlərdən “geri qaldıqları” üçün ruhdan düşürlər. Mən düşünürəm ki, ali məktəblərə qəbul imtahanlarında heç bir müəllim yanına getməyən şagirdlər də yaxşı nəticələr əldə edirlər".
Şəhər sakini Elçin Məmmədov: "Mən özüm Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyasında təhsil alıram və repetitor yanına gedərək universitetə qəbul olmuşam. Məncə repetitor yanına getmədən ali təhsil almaq olduqca çətindir. Çox nadir hallarda tələbə öz billik və bacarıqlarına güvənərək, repetitor yanına getməyərək universitetə qəbul ola bilər. Nadirən olsa da belə hallar bəzən baş verir".
Şəhər sakini Elnurə Şükürova: "Repetitor yanına getmədən ali təhsil almaq məncə mümkündür. Burada həm savadlı müəllim, həm də məqsədi olan tələbə modeli önəm daşıyır. Ali məktəblərə qəbulda uğurlu nəticələrə nail olan gənclərimiz müəllim yanına getmədən belə yüksək bilik nümayiş etdirə bilərlər".
Şəhər sakini Südabə Abdullayeva: "Mən hesab edirəm ki, orta təhsil müəssələrində dərslər normal keçirilsə repetitor yanına getməyə ehtiyac yaranmaz. Bununla yanaşı proqramlara yenidən baxılma zərurəti yaranır. Çünki orta təhsil məktəblərində tədrisin keyfiyyəti planlaşdırmadan asılıdır. Yəni tədrisdə bu qədər eksperimentlər xeyir vermir".
Şəhər sakini Könül Əhmədli: "Məncə hər bir abituriyent hazırlığa getmədən də yüksək nəticə əldə edə bilər. Bunu mən öz təcrübəmə əsasən deyirəm. Dayanmadan gecə-gündüz oxuyaraq, sadəcə, lazım olanları dərindən mənimsəyərək yadda saxlayaraq və istirahətə də vaxt ayırmaq şərti ilə mümkündür. Qəbul imtahanlarına çox ciddi şəkildə hazırlaşmaq lazımdır ki, sonunda əziyyətin bəhrəsini görmək mümkün olsun".
Şəhər sakini Xədicə Əlizadə: "Məncə insan istəsə hər şey edə bilər. Çünki bütün imkanlar dərsliklərdə var. Repetitor yanında da eyni dərslər keçirilir, fərqlilik görmürəm. Hesab edirəm ki, məqsədini qarşısına qoyan insanlar nəticə əldə edə bilərlər. Bu mənim subyektiv fikrimdir".

Şəhər sakini İbrahim Haşimov: "Fikrimcə, oxumaq, məqsədinə nail olmaq istəyən harada yaşamasından asılı olmayaraq öz arzusuna çatacaqdır. Məncə insan məqsədi özü üçün hədəfləməlidir. Şagirdlərimiz özlərinə güvənməli, əzmlə çalışmalıdırlar. Çəkilən əziyyət hər zaman qiymətləndirilir, yetər ki, qarşıya qoyduğumuz hədəflərimiz olsun".

Şəhər sakini Rüstəm Rəhimov: "Düşünürəm ki repetitor yanına getmədən olduqca çətindir. Bizim uşaqlarda hazırlığa gedirlər. Əsasən də ingilis dili fənni üzrə çətin olduğu üçün müəllim yanına getməyə ehtiyac yaranır".
Şəhər sakini Rafiq Hüseynov: "Tələbələrin müəllim yanına getmədən universitetlərə qəbul olmasını daha məqsədəuyğun hesab edirəm. Hər bir tələbənin məqsədi olmalıdır, qarşıya qoyduğu məqsədə çatmalıdır. Bu nəinki təhsil sahəsinə bütün sahələrə aiddir".
Aytac Xəlilova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB