Bayağı mahnılar musiqi mədəniyyətimizə necə təsir edir? - ARAŞDIRMA

Bayağı mahnılar musiqi mədəniyyətimizə necə təsir edir? - ARAŞDIRMA

Dünyanın müxtəlif ölkələrində öz tarixi inkişafı boyu musiqi mədəniyyəti müxtəlif mövcudluq formalarını inkişaf etdirmiş, müxtəlif mərhələlərdən keçmişdir. Musiqi insan təfəkkürünün səviyyəsi və mədəniyyətin inkişaf etdiyi bütün sosial baza ilə müəyyən edilir.

Bu da təbiidir, çünki musiqi mədəniyyətinin səviyyəsi insan cəmiyyətinin inkişafında həmişə öz əksini tapmışdır. Musiqi mədəniyyət şüurudur. Dünyanı, insanı əhatə edən hər şeyi ruhlandırır və canlandırır. Buna görə də musiqi mədəniyyətinin inkişafı bütövlükdə müasir cəmiyyətin inkişafı ilə qırılmaz şəkildə bağlıdır.

Mədəniyyətin inkişafına, zövqlü musiqinin təbliğinə, dəyərli mahnı mətnlərinin musiqiyə gətirilməsinə ciddi diqqət yetirməlidir. Bu gün Azərbaycanda kifayət qədər mahnı mətni yazmaqda mahir olan şairlər var və onların yazdığı mahnı mətnləri özünə kifayət qədər tamaşaçı cəlb edə bilib. Amma buna baxmayaraq, bayağı mahnıların, mahnı mətnlərinin mövcudluğu cəmiyyəti narahat edir.

Nəzərə alsaq ki, musiqinin əsas işi, vəzifəsi, funksiyası zövq vermək, əhvalı dəyişmək, insana ruh verməkdir, amma bəzi nəsnələr sadaladıqlarımızdan tamamilə uzaqdır. Onu da qeyd edək ki, bu nümunələr cəmiyyətə kütləvi şəkildə ixrac edildikcə gənclərin ona marağı artır.

Bu gün Azərbaycan özünəməxsus gözəlliyi ilə dünya miqyasında öz yerini tutur. Əlbəttə, Azərbaycan musiqisi dünyada tanınırsa, uğuru hər zaman göz qabağındadırsa, onu yaradanları unutmaq olmaz.

Artıq neçə onillikdir ki, cəmiyyətimizi “bayağı mahnılar” problemi narahat edir.

Bayağı mahnılar dinləmək musiqi mədəniyyətimizi korlayırmı?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Bu barədə müzakirələr şəxsi söhbətlər səviyyəsindən tutmuş mətbuatın bütün növlərinə – qəzetlər, televiziyalar, radiolar və nəhayət sosial şəbəkələrə qədər geniş bir müstəvidə davam etməkdədir.

Hətta opera və simfonik musiqinin ən çox yazıldığı XVIII-XIX əsr Avropasında belə bu janrlar şəhər və kəndlərdə səslənən bayağı musiqilə müqayisədə azlıqda qalırdı. Ciddi musiqiyə elitar kəsim, bayağı musiqiyə isə sadə zəhmətkeşlər qulaq asırdı. Sözsüz ki, yalnız bayağı musiqi dinləyən bir şəxsi ruhən kamil insan saymaq çətin olar. Amma minillərin təcrübəsi göstərir ki, insanların total maarifləndirilməsi, total kamilləşdirilməsi utopik ideyadır, bunu reallaşdırmaq mümkün deyil.

Bəstəkar İlhamə Adil qızı: "İlk öncə qeyd edim ki, əvvəlki dövrlə müqayisədə zövqlər çox dəyişilib. Əvvələr efirlərdə bayağı mahnılar səslənmirdi. Çünki bədii şura, qayda-qanun var idi və incəliklərə fikir verilirdi. Müğənninin səhnə mədəniyyəti, geyimi tamaşaçılara xoş təəssürat bəxş edirdi. Biz gözümüzü açandan o mədəniyyəti görmüşük. Ailəmizdə valideynlərimiz həmişə bizə zövqlü musiqilər dinlədirdi. Bacım da bəstəkardır. Düzgün təməlin qurulmasında zövq böyük rol oynayır. Təbii ki, bu missiyanı mən də öz ailəm də təbliğ edirəm. Zövqləri düzgün şəkildə formalaşmış insanlar istəsələr də bayağı musiqiləri dinləyə bilmirlər. Çünki onların zövqləri tamamilə başqa cür formalaşır.

Cəmiyyətin bayağı mahnılara meylləri niyə artıb?

Çünki efirlərdə bayağı mahnılara çox yer ayrılır. Ürək ağrısı ilə vurğulamaq istəyirəm ki mədəniyyətimiz uçuruma doğru gedir. Toyu efirə çıxarmağın əleyhinəyəm, efirin öz mədəniyyəti olmalıdır. Zövqsüz, bayağı mahnılar artdıqca, təəssüf ki, insanların zövqləri də korlanır. Bu da bizi çox narahat edir. Peşəkar bəstəkarlara müraciətlər azalması zövqlərin korlanmasından xəbər verir. Onu da qeyd edim ki, bayağı mahnıların reklamı güclü , ömürləri isə qısa olur. Peşəkar bəstələrdə isə əksinədir. Necə ki, korifey bəstəkarlarımızın əsərləri hələ də yaşayır, ümüd edirəm ki bunda sonra yazılan peşəkar bəstələr də tarixdə qalacaq. Dövr dəyişdikcə zövqlər də dəyişir, müasir janlarlara müraciət artır. İnsanlar anlamalıdırlar ki, nəzərdə tutduğumuz müasirlik bayağılıq deyil. Bayağı mahnılar artdıqca peşəkar bəstəkarların yaradıcılığına mənfi təsir göstərir. Bəzi ifaçılar bizim kimi peşəkar bəstəkarların mahnılarına qəliz , akademik və bu dövr üçün çox ağır bəstələr olduğunu hesab edirlər. Musiqi mədəniyyətimizin inkişafı üçün savadlı bəstəkarlar yetişməlidir. Valideynlər öz övladlarına mədəniyyəti düzgün aşılasınlar. Tez-tez teatra, operaya aparsınlar. Azərbaycan musiqisi çox zəngindir . Çalışmalıyıq ki zənginliyi mizi qoriyub saxlayaq və gələcək nəsillərə ötürək".

Havar Şəfiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə