YAP-ın 30 illiyi münasibəti ilə Yasamal rayonunda silsilə tədbirlər davam edir

YAP-ın 30 illiyi münasibəti ilə Yasamal rayonunda silsilə tədbirlər davam edir

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının “Z.Xəlilov küç.33” (Bakı Dövlət Universiteti) ünvanı üzrə ərazi partiya təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illik yubileyi münasibəti ilə tədbir keçirilib. Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Partiyanın qızıl fondu, 91-lərdən biri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Şahlar Əsgərov, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, AMEA-nı Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, Bakı Dövlət Universiteti rektorunun müşaviri, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə, “Z.Xəlilov küç.33” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov, ərazi üzrə partiyanın üzvləri, universitetin professor-müəllim heyəti və vətələbələr iştirak edib.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlardan öncə tədbirdə Yeni Azərbaycan Partiyasının 30 illik uğurlu fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
İştirakçıları salamlayaraq tədbiri açıq elan edən “Z.Xəlilov küç.33” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov tədbirin baş tutmasının əsas səbəbinin qarşıdan gələn Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi ilə bağlı olduğunu qeyd edərək bildirdi ki, ümumilli lider Heydər Əliyevin dərin zəkası və siyasi iradəsinin təcəssümü olan Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Ümummilli Liderin müəyyən etdiyi strategiyanı ötən müddətdə uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən Prezident, Partiyamızın Sədri cənab İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun dövrün çağırışlarına çevik reaksiya verən, yüksək idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı lider olduğu bir daha təsdiqini tapır.

Çıxış edən Bakı Dövlət Universiteti rektorunun müşaviri, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə qeyd etdi ki, tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın sevimli partiyasına çevrilməsinin tək bir səbəbi var idi - xalqın partiyanın sədrinə olan sevgisi, inamı. Çünki zaman göstərdi ki, xalq Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz gələcəyini təmin etmiş oldu. Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqil və suveren dövlət kimi fəaliyyətini təmin edən kursu hazırladı və onu həyata keçirməyin bütün incə yollarını layiqli davamçısı İlham Əliyevə miras kimi qoydu. Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan regionun ən qüdrətli dövlətidir, dünyada böyük nüfuza malikdir. Regionda Azərbaycanın razılığı olmadan heç bir layihə icra olunmur. Ölkə daxilində sabitlik, firavanlıq hökm sürür, insanların rifah halı gündən-günə yaxşılaşır.

Partiyanın qızıl fondu, 91-lərdən biri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Şahlar Əsgərov çıxışında qeyd etdi ki, ulu öndər Heydər Əliyev partiyanın uğurlu gələcəyini onun yaradılmasının ilk illərindən görürdü. O, müasir Azərbaycanın davamlı və nəhəng uğurlara imza atacağından əmin idi. Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 800 minə yaxın üzvü var. Bu üzvlərin böyük hissəsi gənclərdir ki, onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynadılar. Əsası məhz Ulu Öndər tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti yekunda öz müsbət nəticəsini verdi. Ötən il 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoydu, xalqımız adını tarixə qalib xalq kimi yazdırdı.

Çıxış edən Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, AMEA-nı Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov bildirdi ki, ulu öndər Heydər Əliyevin ətrafında yaradılan Yeni Azərbaycan Partiyası qısa müddət ərzində siyasi səhnədə layiqli yer tutdu və xalqı öz ətrafında sıx birləşdirdi. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin yüksək nüfuzu, xalqın ona böyük inam və etimadı Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində yüksəlişini təmin edən mühüm faktorlardan birinə çevrildi. YAP qısa müddət ərzində Azərbaycan xalqının iradəsi əsasında hakimiyyətə gələrək ölkəmizin həyatında keyfiyyətcə və mahiyyətcə tamamilə yeni mərhələnin başlanmasını, yeni Azərbaycan quruculuğunun həyata keçirilməsini təmin etdi. Bu gün Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olaraq nüfuzu davamlı olaraq artır. Sıralarında 800 minə yaxın vətəndaşı, cəmiyyətin bütün təbəqələrindən olan fəal, intellektual və vətənpərvər insanları birləşdirən YAP bütün seçkilərdə möhtəşəm qələbə qazanaraq, sözün əsl mənasında, qələbələr partiyasına çevrilib.

Yekun nitq ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Yeni Azərbaycan Partiyasının yaranma zərurətindən, inkişafı dövründən və bu günki qüdrətindən danışaraq, dövlətçiliyimizin inkişafında və xalqımızın firəvan həyatının təmin olunmasındakı əhəmiyyətli rolundan bəhs edərək, Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası xalqımızın çox çətin duruma düşdüyü vaxtda, nicat yolunu Ulu Öndər Heydər Əliyevdə görən ziyalılarımızın Əvəzedilməz Lider Heydər Əliyevə müraciəti əsasında tarixi zərurətdən yarandığını, qısa müddət ərzində monolit olmaqla öz sıralarını sağlam əqidəli üzvlərlə genişləndirərək ümumxalq partiyasına, uğur və zəfər partiyasına çevrildiyini qeyd etdi.Bu gün Prezident İlham Əliyevin sədrliyi ilə uğurlu fəaliyyətini davam etdirən Yeni Azərbaycan Partiyasının ötən 30 ildə bir çox tarixi əhəmiyyətli uğurlara imza atmışdır.Çıxışına davam edən B.Nəbiyev qeyd etdi ki, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın 2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsində azad edilməsi, düşmən üzərində böyük tarixi Qələbə qazanılması bir tərəfdən ümumi rifahın, tərəqqinin və inkişafın məntiqi yekunudursa, digər tərəfdən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müstəsna hərbi-siyasi məharətinin və çoxşaxəli dövlətçilik fəaliyyətinin ən parlaq nümunəsidir.Çıxışının sonunda B.Nəbiyev çıxışının sonunda qarşıdan gələn Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyi münasibəti ilə Partiyamıza üzv olan bütün əməkdaşları təbrik etdi.

Tədbirinin sonunda ərazi üzrə partiyaya üzv olan bir qrup şəxsə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyi münasibəti və partiyanın ictimai-siyasi həyatında aktiv fəaliyyətə görə fəxri fərmanlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə