Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi ilə İqtisadi Araşdırmalar və Tədris Mərkəzi tərəfindən birgə həyata keçirilən “Hazır mühasib – Naxçıvan” layihəsi başa çatıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, layihənin başa çatması münasibətilə keçirilən tədbirdə layihə iştirakçıları ilə birlikdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin və İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin əməkdaşları, muxtar respublikanın büdcə və kommersiya təşkilatlarının mühasibləri də iştirak ediblər. Tədbirdə çıxış edən Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova layihənin mahiyyəti və əhəmiyyəti barədə danışıb. Bildirib ki, iqtisadiyyatın müxtəlif sahələrində beynəlxalq inteqrasiyanın rolunun artması ölkəmizdə də tətbiq olunan uçot və hesabat işlərinin eyniləşdirilməsini, hamı üçün anlaşıqlı olmasını tələb edir. Bu gün mühasibat uçotunun beynəlxalq standartIara uyğun qurulması və maliyyə vəziyyətinin şəffaf şəkildə qiymətləndirilməsi üçün əmək bazarında kifayət qədər peşəkar mühasiblərə ehtiyac var. Muxtar respublikada bu istiqamətdə kadr hazırlığına və gənclərin karyera quruculuğuna dəstək olmaq məqsədilə 6 ay ərzində ödənişsiz qaydada və onlayn şəkildə keçirilən kurs müvafiq dərs vəsaitləri əsasında tədris olunub, iştirakçılar mütəmadi olaraq imtahanlarda iştirak ediblər.
İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin prezidenti Radil Fətullayev çıxışında mərkəz haqqında geniş məlumat verib. Qeyd edib ki, mərkəz 2009-cu ildə təsis edilib və mühasibatlıq sahəsində mövcud olan beynəlxalq təcrübəyə əsaslanaraq təlimlər təşkil edən bir qurum kimi ixtisaslaşıb. Layihədə iştirak tələbə və gənclərə beynəlxaIq standartlara uyğun maliyyə hesabatlarını hazırlayıb təqdim etmək, mühasibat sahəsi ilə bağlı nəzəri və praktiki biliklərin artırılması bacarıqlarını qazandırıb.
Radil Fətullayev müəllifi olduğu tədris vəsaitlərini Maliyyə Tədris Mərkəzinə hədiyyə edib. Sonra Maliyyə Tədris Mərkəzinin və İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin tanıtım videosu izlənilib. Layihə iştirakçıları Şamxal İbrahimov, Nail Mustafazadə, Fatimə Rzayeva və digərləri çıxışlarında kursun əhəmiyyətini qeyd edib, təşkilatçılara minnətdarlıqlarını bildiriblər.
İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev Naxçıvan Muxtar Respublikasında mühasibat uçotu sahəsində kadr hazırlığına verdiyi dəstəyə görə təşəkkürnamə plaketi ilə təltif olunub.
Hər iki mərkəz tərəfindən iştirakçılara “Fərqlənməyə”, “Müvəffəqiyyətə” və “İştiraka görə” sertifikatları təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB