Ermənistan Fransanın ənənələrini davam etdirir – DEPUTATIN MÖVQEYİ
“Fransa Senatının qərarı Azərbaycana qarşı qərəzin, ermənipərəst mövqenin bariz nümunəsidir. Bu ölkənin mahiyyətində azərbaycanofob, türkofob və islamofob siyasət özünə kök salıb. Bu da təsadüfi deyil, çünki Fransa kimi imperialist düşüncə və təfəkkürdə olan dövlət və xalqlar adətən özlərinin törətdikləri insanlıqdankənar əməllərə, müstəməkəsi olduğu ölkələrdə yerli xalqlara qarşı irqi, dini ayrıseçkilikdən irəli gələn cinayətləri ört-basdır etmək üçün özlərini demokratik, insan haqlarını qoruyan birisi kimi təqdim edirlər. Eyni ilə ermənilər kimi, türk xalqına qarşı misli görünməmiş cinayətlər, soyqırımı törətdiklərinə baxmayaraq, türkləri də baş verməmiş cinayətlərdə suçlayırlar. Fransa uzun illər Əlcəzairdə insanlıqdan kənar hadisələr törədib, 1,5 milyon əlcəzairlini qətlə yetirərək bəşəri cinayət, soyqırımı törədib, amma bu gün hamıya insanlıq dərsi keçməyə çalışır. Təbii ki, bu da yalnış yanaşmadır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycan Parlamentinin Fransa ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.
Deputat bildirib ki, əvvəla Fransa Senatının qərarları beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlikdir: “Azərbaycanın bütün dünya ölkələri, o cümlədən beynəlxalq təşkilatlar tərəfindən tanınan ərazisi və suveren hüquqları var. Fransa qanunverici orqanı vasitəsilə Azərbaycanın iç işlərinə qarışır, açıq şəkildə separatizmi dəstəkləyir, terror təşviq edir. Fransa ilə Azərbaycan arasında ikitərəfli öhdəlikləri, xüsusilə Azərbaycanla Fransa arasında 1993-cü il dekabrın 20-də imzalanmış “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında” müqaviləni görməzdən gəlir, dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn aliliyini heçə sayır. Belə ədalətsiz mövqeyi ilə Fransa nə sülhyaratma proseslərində, nə də BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi fəaliyyət göstərə bilməz. Cənab Prezident İlham Əliyev də haqlı olaraq Fransanın bundan sonra Ermənistan-Azərbaycan danışıqlarında vasitəçi kimi iştirak etməsinin qeyri-mümkün olduğunu bildirib. Ermənilərin dəfələrlə Azərbaycanın Parisdəki səfirliyinə qarşı vandalizm və terror aktları törədiblər, XİN bununla bağlı öz kanalları vasitəsilə rəsmi Parisə etirazlarını çatdırıb. Buna baxmayaraq Fransa hüquq-mühafizə orqanları diplomatik korpusların qorunması və toxunulmazlığı barədə qanunlara əhəmiyyət verməyərək, eyni zamanda xəbərdarlıqlara baxmayaraq Azərbaycan səfirliyinin binasını erməni terrrorçulardan qorumaqda lazımi tədbir görmədilər. Bu da təbii ki, “Diplomatik əlaqələr haqqında” 1961-ci il tarixli Vyana Konvensiyasının tələblərinin kobud şəkildə pozulması, ikili standartdır”.
A.Hüseynov qeyd edib ki, Fransa Senatının Azərbaycanı hərbi cinayətlərdə ittiham etməsi də absurddur: “Fransaya ilk öncə özünün Afrika ölkələrində - Cibuti, Nigeriya və Çadda törətdikləri soyqırımı cinayətlərinin hesabatını, beynəlxalq məhkəmədə isə cavabını versin. Fransa 50-dən artıq dövlətinin ərazisinini işğal edib, sərvətlərini talan edib, xalqları uzun illər əsarətdə saxlayıb, vəhşiliklər, habelə insanlıq və bəşəriyyət əleyhinə cinayətlər törədib. Əlcəzair torpağında keçirdiyi çoxsaylı nüvə sınaqları səbəbindən yerli xalq arasında ölüm sayı kifayət qədər artıb, kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərin xəritələri hələ də yerli hökumətə verilmir. Diqqət edin, Fransa da Ermənistan kimi basdırılan milyonlarla minanın xəritəsini verməkdən yayınır. Bir növ, Ermənistan “böyük bacısı” Fransanın ənənələrini davam etdirir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB