17 Noyabr Milli Dirçəliş Günü haqqında ŞƏHƏR SAKİNLƏRİ NƏ DEDİ? - SORĞU

17 Noyabr Milli Dirçəliş Günü haqqında ŞƏHƏR SAKİNLƏRİ NƏ DEDİ? - SORĞU

Bakının əsas mərkəzi olan Azadlıq meydanı 1988-ci ilin noyabrın 17-də Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq mitinq başlatdı. O, vaxt bütün xalq bir yumruq kimi birləşmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekab ayının əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı. Bu hərəkat Azərbaycanda milli azadlıq hərəkatı kimi qiymətləndirilir və torpağımızın istiqlaliyyət qazanmasında əsas amil sayılır. 1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur. 17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb. Mənəvi əsaslarını və ilkin addımlarını ötən əsrin 60-cı illərindən götürən bu tarix daha sonra Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə öz mənəviyyatını bərpa etdi. Beləliklə müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoydu. SİA Milli Dirçəliş Günü barədə şəhər sakinlərinin fikirlərini öyrənib.

Şəhər sakini Dəyanət Babayev: "Milli Dirçəliş Günü Azərbaycan tarixi üçün mühüm tarixi gündür. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan xalqının tanınması, Avropa Şurasına üzv olmağımız kifayət qədər dünyada öz sözümüzü deməyimizə kömək oldu. Ən əsası isə 44 günlük müharibədə bütün dünyaya öz gücümüzü və ərazi bütövlüyümüzün hər məqamdan üstün olduğunu çatdırdıq".


Şəhər sakini Sevda Məmmədova
: "Milli Dirçəliş Günü millətimizin fəxr edəcəyi günlərdən biridir. Biz özümüz də 1988-ci illərdə həmin meydanda idik. Mən düşünürəm ki, insanların səsi eşidildi. Beləliklə Azərbaycanımızın azad olunmasına, gözəl yaşamağımıza, müstəqillik əldə etməyimizə gətirib çıxardı.

Mən düşünürəm ki, tarixdə yadda qalacaq bir gündür. Sevinirəm ki, sosial şəbəkələrdə hər kəs müstəqillik günü ilə bağlı paylaşımlar edir, həmin günü anırlar. Həmin vaxt meydanda deyilən bir şeiri demək istəyirəm:

Millət yoludur, haqq yoludur yolumuz, tutduğumuz yol
Ey haqq, yaşa, ey sevgili millət, yaşa var ol
Yaşasın, millətim, dövlətim
Səsi hər zaman ucalardan gəlsin".

Şəhər sakini Hikmət Musayev: "Zəfər Günü, Bayraq Günü və Milli Dirçəliş Gününün noyabr ayına təsadüf etməsi qürurverici hadisədir. Azərbaycanın dünya arenasında öz yolunu, öz mədəniyyətini qoruyub saxlamağı bacarması bugün dövlətimizin inkişaf edən dövlətlər sırasında olduğunu sübut edir. Bu fikrimcə, qürurverici haldır və iqtisadi, siyasi cəhətdən inkişafımıza yol açır".

Şəhər sakini Vasif Nəbizadə: "Bu gün Ulu Öndər tərəfindən əsası qoyulan bir gündür. Milli Dirçəliş Günü Azərbaycan Respublikası üçün tarixi əhəmiyyət kəsb edir. Xalqımızın, dövlətçiliyimizin və milli dəyərlərimizin qorunması bizim üçün ən başlıca meyarlardan biridir. Azərbaycanın bugün dünyada tanınması dirçəlişimizlə birbaşa əlaqəlidir. Həmçinin xalqımızın bir yumruq olub birləşməsi, azadlığı uğrunda mübarizə aparması bu gün torpaqlarımızın azad olunnmasında mühüm rol oynadı".

Şəhər sakini Lamiyə Babazadə: "Milli Dirçəliş Günü bizim üçün önəmli gündür. Bizim içimizdə fərəh doğurur, ona görə ki bugünü qeyd etmək bizə də nəsib olub. Bir Azərbyacan vətəndaşı üçün fəxr hissi oyadan, azadlığına qovuşan torpağlarımızda addımlamaq ən gözəl duyğulardan biridir".

Şəhər sakini Sultan Səməd: "17 noyabr Milli Dirçəliş Günü Ümummilli Lider Heydər Əliyevin əzmi nəticəsində müstəqilliyimizə qovuşmağımıza səbəb oldu. Bu gün tarixi gündür. Fəxr olunmalı məqam isə Heydər Əliyevin əsasını qoyduğu müstəqilliyimizin bugündə qorunub saxlanılmasıdır. Bunun nəticəsidir ki, torpaqlarımız azad olub. Ən Ali zirvəyə layiq addımı cənab İlham Əliyev ataraq bizi torpağlarımıza qovuşdurdu".

Şəhər sakini Xədicə Qarayeva: "Bu gün Azərbaycanın iqtisadi, siyasi sahədə öz sözünü deməsinin birbaşa Dirçəliş Günü ilə əlaqəli olduğunu düşünürəm. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır".

Şəhər sakini Fatimə İsayeva: "Bu gün Azərbaycanın yenidən öz müstəqilliyinə qovuşduğu gündür. 17 noyabr xalqımızın milli-azadlıq hərəkatının başlanğıc günüdür. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu siyasət nəticəsində müstəqil respublikamızda iqtisadiyyatın fasiləsiz inkişafı təmin edildi. Vətəndaşlarımızın maddi rifahı yaxşılaşdırıldı, dövlətçiliyimiz möhkəmləndirildi, ölkəmiz dünyada söz və nüfuz sahibi kimi tanınaraq müdafiə qüdrətini daha da artırdı".

Aytac Xəlilova

Bütün xəbərlər Facebook səhifəmizdə