İran qonşu olaraq Azərbaycana qarşı riyakar siyasət yürüdür

İran qonşu olaraq Azərbaycana qarşı riyakar siyasət yürüdür

Son iki ildə xüsusilə də Azərbaycanın 44 gün davam edən, 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması ilə yekunlaşan Tarixi Zəfərdən sonra İran Azərbaycana qarşı münasibətlərdə daha da açıq düşmənçilik mövqeyinə keçmişdir.Azərbaycanın ortaq tarixi keçmişə malik
olduğu İranla münasibətləri heç zaman hamar yolla getməyib. Azərbaycan balanslaşdırılmış siyasət yeridən, bütün dünya ölkələri ilə normal münasibətlər saxlamağa can atan dövlət olsa da, bir sıra hallarda bəzi qonşu ölkələr dövlətimizə düşmən münasibətindən əl çəkmir.

Ümumiyyətlə, İran Azərbaycanın uğurlarına daim qısqanclıqla yanaşıb. Bu, istər Azərbaycanda din pərdəsi altında radikal qruplaşmaların yaradılmasında və qızışdırılmasında, istər rəsmi şəxslərin zaman-zaman Azərbaycanın suverenliyi və mövcudluğunu şübhə altına alan bəyanatlarında, istər Azərbaycanın Qarabağ
bölgəsini işğal altında saxlamış Ermənistanla sıx siyasi-iqtisadi əməkdaşlıq qurmasında, istərsə də Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra ölkəmiz üçün yaranmış yeni əlverişli geosiyasi reallığı qəbul etməməsində özünü büruzə verir.İran qonşu olaraq Azərbaycana qarşı riyakar siyasət yürüdür. 30 il işğal müddətində sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib, digər yandan təcəvüzkar Ermənistana dəstək verib. İran Qatabağ münaqişəsi bitdikdən sonrs iki ölkə arasında sülh müqaviləsinin əldə edilməsini açıq-aşkar əngəlləyir.

Birinci Qarabağ müharibəsində olduğu kimi, bu dəfə də İran Ermənistan üçün siyasi, hərbi və iqtisadi "nəfəslik" funksiyasını üzərinə götürmüşdü. Amma ordumuzun şanlı qələbəsinə mane ola bilməyən İran bu dəfə Vətən müharibəsindən sonra yaranmış yeni reallığı qəbul etməməyə, Azərbaycanın uğurunun təsirini uzaq perspektivdə azaltmağa çalışır. Bu proses bu gün də davam edir və əsasən, Azərbaycanın 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq bəndinə uyğun olaraq Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz birbaşa əlaqəni təmin etmək üçün yaradılan Zəngəzur dəhlizinin icrasının qarşısını almağa yönəlib. Rəsmi Tehran hər vəchlə bu layihənin reallaşmasına qarşı çıxır və tez-tez Ermənistanın ərazi bütövlüyünün "qırmızı xətt" olduğunu bəyan edir.

Maraqlıdır ki, cənub qonşumuz Cənubi Qafqazda sərhədlərin toxunulmazlığına bu qədər həssas olduğunu Azərbaycan torpaqlarının 30 ilə yaxın davam edən işğalı dövründə göstərmədi. Əksinə, işğalçı Ermənistanla sərhədlərini açıq saxlayaraq Qarabağın işğal altında qalmasına bilavasitə dəstək oldu, işğala sponsorluq etdi.

İranın Azərbaycanla sərhəddə 30 ildə ilk dəfə keçirdiyi iri miqyaslı hərbi təlimlərin keçirilməsi hərbi avantüra və səmərəsiz əzələ nümayişidir. Bu isə onu göstərir ki, İran öz ənənəsinə sadiq qalaraq ermənipərəst siyasətini davam etdirməkdədir. Azərbaycan bütün təhdidlərin qarşısını almağa, bütün təxribatlara qarşı lazımi şəkildə cavab verməyə qadirdir. İran öz potensialını və ikitərəfli münasibətlərin mahiyyətini adekvat dəyəndirməlidir. Cənubi qafqazın lider ölkəsi, Avropanın enerji təhlükəsizliyində başlıca rollardan birini oynayan, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş, 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkaına sədirlik edən, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş hesab olunan, Qüdrətli Qalib Orduya malik olan və bütün dövrlərdə humanitar xarakterli qlobal təşəbbüslərlə çıxış edən Azərbaycan ilə hədə və təhdid dilində danışmaq kimsəyə fayda gətirməz

Milli Məclisin deputatı
Rauf Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə