Uşaqlarda kəkələmə necə yaranır? - MÜTƏXƏSSİS ŞƏRH ETDİ

Uşaqlarda kəkələmə necə yaranır? - MÜTƏXƏSSİS ŞƏRH ETDİ

"Kəkələmə nitq aparatının əzələ qıcolması nəticəsində nitqin tempinin və ritminin pozulmasıdır. Həmçinin, nevrozla bağlı nitq qüsurudur". Bu fikirləri SİA-ya açıqlamasında defektoloq-loqoped Fatimə Qasımlı bildirib.

Onun sözlərinə görə, qızlara nisbətən oğlanlarda daha çox müşahidə olunur: "Kəkələmənin yaranmasının 2 səbəbi var. Funksional və orqanik.

Funksional kəkələməyə tez-tez təsadüf edilir. Mərkəzi və perferik sinir sistemində heç bir orqanik zədələnmə olmur. 2 yaşdan 5 yaşa qədər nitqin geniş frazalı dövründə yaranır. Bu hal ən çox həyəcanlanan və əsəbi uşaqlarda müşahidə olunur. Ağır məişət şəraiti, yanlış tərbiyə üsulu nitqin ümumi inkişafdan qalması, həddən artıq sürətli danışmaq, kəkəc adamı yamsılamaq və s. buna aid etmək olar.

Orqanik kəkələmə isə istənilən yaş dövründə yarana bilər. Bu hal mərkəzi sinir sisteminin orqanik zədələnməsi nəticəsində yaranır.

Xarakterindən asılı olmayaraq kəkələmə 3 növə ayrılır.

Klonik- Bu kəkələmənin erkən və yüngül formasıdır. Bu zaman uşaq səsi və ya hecanı təkrarlayır. bu hallara ən çox uşaq yaşlarında təsadüf olunur. Bunun qarşısı vaxtında alınmazsa tonik növə çevrilə bilər.

Tonik- Bu kəkələmənin ən ağır növüdür. Bu növdə uşağın nitqində uzun müddətli dayanmalar olur. Bu zaman uşaqda gözqırpma, üzqızarma, həmçinin soyuq tərbasma halları baş verir.

Qarışıq- Bu növ isə bundan əvvəlki hər iki növün xüsusiyyətlərini özündə birləşdirir.

Ümumiyyətlə, kəkələmə ya qəflətən, ya da tədricən yaranır və yavaş-yavaş güclənir".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə