Uşaqlar neçə yaşdan etibarən dişlərini fırçalamalıdır? - PEDİATR DANIŞDI
"Uşaqların ilk dişləri çıxdığı andan etibarən dişlər fırçalanmalıdır. Təbii ki, süd dişləri 6-cı aydan sonra çıxmağa başlayır və bu müddətdə uşaqlar öz dişlərini fırçalaya bilmədikləri üçün valideynlər yumşaq tüklü fırçalardan istifadə edə bilərlər". Bu fikirləri SİA-ya açıqlamasında pediatr Sevda Novruzova bildirib.
Onun sözlərinə görə, hətta yumşaq bezlərdən, tamponlardan istifadə edərək dişlərin dibini, yaxud da damağı silə bilərlər: "Ümumiyyətlə, damaqlar təmiz saxlanmalı və analar buna diqqət yetirməlidirlər. Bəs süd dişləri tökülürsə, onları təmizləməyə ehtiyac varmı? Süd dişləri bir müddət sonra tökülür və daimi dişlərlə əvəz olunur. Daimi dişlərdən əvvəl damağa yaxşı qulluq edilibsə, daimi dişlərdən sonra bu faktor damağın sağlamlığına öz təsirini göstərir.
Uşaqlar üçün diş fırçaları seçərkən nələrə diqqət yetirməliyik? Əvvəla onu qeyd edim ki, çox yumşaq tüklü fırçalardan istifadə olunmalıdır. Həmçinin, diş pastalarından da istifadə etmək mümkündür. Diş pastası seçərkən qablaşdırmanın aşağısında yaşıl cizgisi olan pastanı seçməliyik. Çünki onlar tam təbiidir. Yanlışlıqla uşaq pastanı udarsa qorxulu problem yaranmaz. 2 yaşından sonra uşaqlarda rahat şəkildə dişlərini fırçalamaq vərdişləri yaranır.
Bəzən uşaqlar dişlərini fırçalamaq istəmirlər. Bunu məcburi bir iş kimi deyil, əyləncəli bir məşğuliyyət kimi uşaqlara açılamalıyıq. Diş fırçalayarkən hər hansı bir musiqini dinləmək və ya qısa cizgi filmlərə baxmaq onlara daha əyləncəli gəldiyi üçün bu prosesə tez adaptasiya ola bilərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB