Güləşçilərimiz uğurlu çıxışlarını davam etdirirlər

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında Azərbaycan güləşçiləri uğurlu çıxışlarını davam etdirirlər. SİA-nın məlumatına görə, bu gün mübarizə aparan Azərbaycanın yeganə qadın güləşçisi Jalə Əliyeva (57 kq) A qrupunda ilk görüşdə özbəkistanlı Layloxon Sabirovaya "tuşe" ilə qalib gəlib.

Kişilərdən Məhəmməd Əhmədiyev (87 kq) B qrupunda ilk görüşdə cəmi 26 saniyəyə tacikistanlı Bəxtəvər Həsənovu 8:0 hesabıyla məğlub edib. O daha sonra qırğızıstanlı Atabəy Azisbəyə sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olub.

Sabah Şəriəti (130 kq) B qrupunda ilk görüşdə özbəkistanlı Mumincan Abdullayevə 4:1 hesabıyla qalib gəlib.

Murad Məmmədov (60 kq) qazaxıstanlı Yernar Fidəhmədova 4:1 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.

Qeyd edək ki, bu gün titullu güləşçilərimizdən Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) da mübarizə aparacaq.

Xatırladaq ki, Azərbaycan güləşçiləri bu anadək 6 qızıl, 6 gümüş və 6 bürünc medal qazanıb. Bu nəticə ilə Azərbaycan güləşdə yalnız İrandan geridədir.

Bütün xəbərlər Facebook səhifəmizdə