Yaxşı, tək günah bizdədirmi? - AKTRİSA DANIŞDI

“Ölkədə kino-serial sektorundaki çatışmazlığı hamımız bilirik, görürük. Bu sahənin inkişafı üçün tənqid çox önəmlidir, bir daha təkrar edirəm tənqid, təhqir yox! Hə, bir də maliyyə. Siz bizim hansı şəraitdə serialı çəkdiyimizi, hansı çətinliklərlə boğuşduğumuzu bilsəz, bizə çoxdan medal taxmışdız”. SİA xəbər verir ki, bu sözləri aktrisa Ləman Mərrih paylaşıb. O, kino sferasını tənqid edən tamaşaçılara cavab verib.

“Deyəcəksiniz ki, nə məcburdur ki, çəkməyin amma biz çəkməsək, hamı geri addım atsa, hamı çətinliyi görüb dabanına tüpürüb qaçsa, necə inkişaf edəcəyik? Bizi (həm aktyorları, həm texniki tərəfləri ) türklərlə müqayisə edirsiniz, əla, bəs onlarda olan şəraitdən, bir seriya üçün ayrılan puldan xəbəriniz varmı? Bəlkə də bizim bir illik serial büdcəmizlə onlar 1 seriya çəkirlər. Yaxşı, tək günah bizdədirmi? Deməzdim! Mən bizim boşluqları görürəm, qəbul edirəm, sizə haqq qazandırıram, onları aradan qaldırmaq üçün öz üzərimə düşən hərşeyi edirəm və edəcəyəm. Bəs siz? Serialla filmi ayıra bilirsizmi? Ümumiyyətlə serial və film arasındaki fərqdən xəbəriniz varmı? Bizim kanallara baxmadığınızı dəfələrlə fəxrlə orda-burda deyirsiniz, başa düşürəm, haqqınız var. Bəs siz hazırsızmı yaxşı serial izləməyə? Siz bir film yutuba düşmədən ona 5-6 manat verib kinoteatrda baxmağa hazırsızmı? İnkişaf qarşılıqlı olur, əzizlərim, siz bizə, biz də sizə baxıb inkişaf etməliyik, başqa yolu yoxdur. Heç nə 5 il əvvəlki kimi deyil, 5 il sonra da indiki kimi olmayacaq. Ləng gedirik, amma əsas odu irəliləyə bilirik! Sevgilər, sayğılar!”.

Qeyd edək ki, Ləman Mərrih “Ata ocağı” serialında oynayır. “Zəhər tuluğu” filmində isə baş rolu canlandırıb.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...