"Axı biz bu pandemiyaya nə qədər tab gətirə bilərik?" - FAYTONÇU NAZİM NARAZILIQ ETDİ
“Pandemiya bütün incəsənəti və yaradıcı insanları məhv etdi”. Bu sözləri SİA-ya açıqlamasında "Faytonçu" ləqəbi ilə tanınan azərbaycanlı müğənni Nazim Pişyari deyib.
Onun sözlərinə görə, artıq bir ildən çoxdur ki, nə el şənlikləri, nə tədbirlər, nə konsertlər var: “Bilirsiniz ki, yaradıcı insan nədənsə ilhamlanmalıdır. Amma bu ilham pərisi gəlməyəndən sonra bu insan necə yarada, necə fəaliyyət göstərə bilər. İstər musiqiçi, istər xanəndə, istər bəstəkar olsun hamısı bu pandemiyadan əziyyət çəkir. Pandemiya bütün dünyanın incəsənətini məhv etdi o cümlədən Azərbaycanda da bütün işlər dayandı. Mən isə bu yaxınlarda bir neçə restoranla müqavilə bağlamışam. Nə etmək olar? Hamımız ailə başçısıyıq. Ailəmizi dolandırmalıyıq”.
Müğənni həmçinin qeyd edib ki, bir çox sənət adamları işsizlikdən və pulsuzluqdan nələri isə satmağa məcbur olub: “Bunlar istisna hal deyil. Hətta bəzilərinin banklarda problemləri yaranıb. Bank borclarını ödəmək üçün evlərini girov qoyan, ya da maşınını satanlar var. Eşitdiyim qədər bəziləri taksi sürür, bəziləri başqa sahələrə əl atıblar. Axı nə edə bilərlər? Bu insanlar ailələrini dolandırmalıdırlar. Axı musiqiçilərin nə qədər pulu ola bilər? Axı biz oliqarx deyilik. Axı biz bu pandemiyaya nə qədər tab gətirə bilərik? Çünki iki ay məhərrəmlik ayını güclə başa vururuq. İndi 1 ildən artıq davam edən pandemiyaya necə dözə bilərik? Elə bir sənətçi, musiqiçi yoxdu ki bu vəziyyətdən əziyyət çəkməsin”.
Gülər Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB