Müğənillər pandemiyada necə gəlir əldə edirlər? SORĞU-FOTOLAR

Bildiyiniz kimi, pandemiya ilə əlaqədar elan edilmiş karantin qaydalarına əsasən toyların keçirilməsinə qadağa qoyulub. Bu şərait el şənliklərindən maddi gəlir əldə edən məşhurların heç də ürəyincə deyil.

Maraqlıdır, müğənnilər hazırda hardan gəlir əldə edirlər? Bununla bağlı SİA-ya sorğu keçirib.

Həmin sorğunu təqdim edirik:

Xalq artisti Səməd Səmədov: “Bildiyiniz kimi, hazırda koronavirus xəstəliyinə görə toyları keçirilməsinə qadağa qoyulub. Mənim də el şənliklərindən başqa əlavə gəlir yerim kimi restoranım, mağazam yoxdur. Ona görə bütün günü evdəyəm. Amma Allaha şükürlər olsun ki, hələ aclıqdan ölməmişəm. Pandemiyadan öncə toylardan əldə etdiyim bir az pulum qalıb. Onu xərcləyirəm".

Əməkdar artist Firuzə İbadova: “Hər kəsə məlumdur ki, hazırda Azərbaycanda toylar keçirilmir. Bu da el şənlikləindən maddi gəlir əldə edən müğənnilərin yaşayış tərzinə çox böyük təsir edir. Mənim də maddi durumum olduqca pisdir. Bəzi qızıllarım var. Onları satıb, pul əldə etmişəm. Borclarım da var".

Müğənni Bahar Lətifqızı: “Toylardan başqa heç bir gəlir yerim yoxdur. Bu gedişlə əlavə işlə məşğul olacam. Universitetdə dərs deyə bilərəm. Muğam və xalq mahnılarından dərs verməyi düşünürəm".

Müğənni Yaşar Cəlilov: “Hər kəsə məlumdur ki, pandemiya ilə əlaqədar olaraq Azərbaycanda el şənlikləri keçirilmir. Amma mənim əlavə gəlir yerim var. Belə ki, prodüserim Vüsalə Kərimova ilə birgə gözəllik salonu işlədirik.

Xüsusi ilə qeyd edim ki, hamı kimi pandemiyanın mənə də maddi baxımdan çox böyük təsiri olub. Belə ki, koronavirus xəstəliyindən öncə xərclərim çox idi. Artıq azatmışam. Çünki əvvəl gəlir çox idi, indi isə azalıb. Kreditlərim var. Həmin kreditlər banklar tərəfindən dondurulub. Yalnız faiz hissələrini ödəyirəm. Ona görə də indi ki, dövrdə hamı kimi məndə bu durumdan çıxış yolu tapmağa çalışıram".

Müğənni-bəstəkar-aparıcı Murad Arif: "Bildiyiniz kimi, el şənlikləri yoxdur. Amma bütün həyatımı toylara bağlamamışam. Mahnılar bəstələyirəm, bu tipli kommersiya sifarişlərim olur. Daha sonra aparıcılıq edirəm. Bu şəkildə gəlir əldə edirəm. Amma səhnə üçün darıxmışam".

Meyxanaçı Samirə Yusifqızı: “Hazırda pandemiya ərəfəsindəyik. Çox ciddi maddi sıxıntılar yaşayıram. Vəziyyətim heç də ürək açan deyil. Toyların olmadığı bir vaxtda taksiçilik fəaliyyəti ilə məşğulam. Ancaq çörək pulu qazanıram. Kreditlərimi də verə bilmirəm. Evimi satışa çıxarmışam. Alan da yoxdur".

Meyxanaçı Vasif Əzimov: "Bütün dünyanı cənginə alan koronavirus xəstəliyi Azərbaycandan da yan keçmədi. Pandemiyaya görə hazırda Bakıda el şənlikləri keçirilmir. Bildiyiniz kimi də biz sənəçilərin gəlir yeri yalnız toylardır. El şənliklərinin də olmaması maddi gəlirimə çox böyük təsir edir.

Amma bu yaxınlarda meyxanaçı dostlarımla birgə Moskvaya səfər etmişdik. Orada iki el şənliyinə qatıldım. Hətta pandemiyaya görə qiymətdə az da olsa endirim etdim".

Prodüser-aparıcı Vüsalə Kərimova: "Pandemiyaya görə Azərbaycanda toyların keçirilməməsi biz məşhurlara maddi baxımdan çox pis təsir edib. Gəlir yerimiz azalıb. Pandemiyadan öncə toylar idarə edirdim. Hazırda müğənni Yaşar Cəlilovla birgə açdığımız gözəllik salonunu işlədirəm və telekanalların birində aparıcılıq edirəm. Televiziyadan maaş verirlər. Yalnız gəlir yerlərim bunlardır. İnşaallah ki, pandemiya bitər, normal həyatımıza geri dönərik".

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə