Samirə Əfəndinin “Eurovision-2021” üçün geyimini bu məşhur modelyer hazırlayacaq

Samirə Əfəndinin “Eurovision-2021” üçün geyimini bu məşhur modelyer hazırlayacaq

Azərbaycan təmsilçisi Samirə Əfəndinin “Eurovision-2021” səhnəsində çıxışı üçün nəzərdə tutulan geyiminin dizaynı dünya şöhrətli modelyer Rüfət İsmayıla həvalə edilib. SİA-nın məlumatına görə, “Affair” brendinin təsisçisi Rüfət İsmayılın kolleksiyaları dəb həftəsində Nyu-York, Milan, Florensiya, Tehran və digər şəhərlərdə təqdim olunub.

Rüfət İsmayıl ifaçının geyimi haqda fikirlərini bildirib: “Əfəndi üçün geyim hazırlayarkən əsas məqsədimiz güclü, özünə inamlı qadının ruhunu çatdırmaq idi. Başqa vacib məqam isə Milli elementlərin mövcudluğuydu, hansı ki, bütün bunların bir obrazda birləşməsi elə də asan deyildi. Səhnədə sənətçini heç də ondan geri qalmayan gözəl obrazlarda olan rəqqaslar tamamlayacaq və biz əminik ki, səhnə kostyumları vasitəsilə istədiyimiz ideyanı tamaşaçılara çatdıra biləcəyik. Ən əsası isə Samirənin geyinəcəyi kostyumda özünü qəlbləri fəth edən biri kimi hiss etməsidir. Axı sənətçinin geyimi öz üzərində necə təqdim etməsi çox önəmli məqamdır”.

Sənətçinin kostyumu qiymətli və yarı qiymətli daşlarla bəzədiləcək, onda müasir tərzdə milli elementlərin birləşməsi olacaq.

Qeyd edək ki, şüarı “Open up!” olan “Eurovision-2021” mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 18-i və 20-də, final mərhələsi isə mayın 22-də Rotterdam (Niderland) şəhərində keçiriləcək. Təmsilçimiz Samirə Əfəndi birinci yarımfinalda çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə