"Bəzi gənclərimiz efirlərdə soyunanları görür və kitab oxumağı unudur" ÖZƏL

Əməkdar incəsənət xadimi, rejissor, ssenarist, aktyor Əbdül Mahmudov gənclərin kitab oxumamasından gileylənib. SİA-ya açıqlama verən rejissor buna görə efirləri günahlandırıb: “Hazırda bildiyiniz kimi, pandemiya dövrünü yaşayırıq. Bəzilərimiz işləsək də digərlərimiz evdə oluruq. Evdə asudə vaxtımız çox olur. Lakin gənclərimizin çoxu boş vaxtını elmə, təhsilə həsr etmir, bir kitab oxumur.

Bir çox gənclərimizin də belə savadsız olmalarına səbəb bəzi televiziya kanallarıdır. Çünki efirlərdə gənclərimizi elmə, təhsilə cəlb edən verilişlər yoxdur. Bir proqramda görmədim ki, hansısa kitabın müəllifindən söz açılsın. Televiziya kanallarının bir çoxunda yemək bişirirlər. Sinəsini-ayağını çöldə qoyan müğənniləri efirlərə dəvət edirlər. Çox təəssüflər olsun ki, artıq aparıcılarımız da onların siyahısına qoşulub. Açıq-saçıq paltarda verilişlər idarə edirlər. Proqramda qeyri-etik hərəkətlər sərgiləyirlər. Belə aparıcılar maarifləndirici verilişlər aparmaqdansa, özlərini təbliğ etməklə məşğuldurlar.

Onu da deyim ki, artıq kişilərimiz də efirlərdə biyabırçılıq açıblar. Saqqallı, saçlı, cırıq şalvarlı, qolu döyməli “oğlan”lar peyda olub.

Belə lazımsızlar saatlarla televiziya kanalını məşğul edirlər. Bəzi müğənnilər, aparıcılar, aktrisalar efirlərdə baldırlarını açıb, pul qazanmaqla məşğuldur. Bunlara bir “dayan” sözünü deyən də yoxdur. Gənclərimiz belələrinə baxıb, nə götürsün? Onlarda bu soyunanları görür və elmi, təhsili, kitabı unudur. Artıq kəndlərdə yaşayan gənclərimiz belə Bakıya axın edir. Efirlərə çıxıb, tullanır, mahnı oxuyur. Yəni bayağı təbliğin dalınca qaçırlar. Bu da gəncliyimizi uçuruma aparır.

Amma unutmayıq ki, biz müsəlman ölkəsiyik. Hər şeydə əxlaq, mənəviyyat gözlənilməlidir”.

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə