Xalq artisti: "Lazımsız verilişlər insanların beynini kütləşdirir" ÖZƏL-FOTOLAR
Xalq artisti Naibə Allahverdiyeva pandemiyadan bəhs edib. SİA-ya açıqlama verən aktrisa depresiyaya düşdüyünü bildirib: “COVID-19 xəstəliyinə görə həyatımız dondurulub. Sanki həyat dayanıb. Bu durumdan çox bezmişəm. Həyat maraqsızlaşıb. Sabaha artıq ümidsizlik yaranıb. Ömrümüzdən günlər gedir. Artıq insanlarımızın çoxu 65 yaşına çatmamış dünyasını dəyişir. Bu qədər sənətkarlarımız koronavirus xəstəliyindən dünyasını dəyişdi. Onların ölümü Azərbaycan mədəniyyətinə böyük itkidir. Sənətkarlarımızın yoxluğu mədəniyyətimizin inkişafına böyük təsir edir.
Bu hadisələr artıq psixologiyamı pozub, depresiyaya düşmüşəm”.

Naibə xanım verilişlərə getməməyinin səbəbini açıqlayıb: “COVID-19-dan dünyalarını dəyişən sənətkarlarımızın çoxu telekanallarda yoluxurlar. Artıq mən də qorxuram. Koronavirusa yoluxmamaq üçün verilişlərə getmirəm. Həm də hər proqramda iştirak etməyi sevmirəm. Üstəlik də efirlərdə hansı yeniliyimdən danışım? Çünki teatrlar bağlıdır. Yeni yaratdığım tamaşada rolum da yoxdur. Mən efirlərdə şəxsi həyatım haqda danışmağı sevmirəm. Qalmaqallarda adım heç vaxt hallanmayıb. Məni hər zaman tamaşaçılar sənətimə görə, sevib, hörmət ediblər”.

Aktrisa telekanallarda yayımlanan verilişlərin çoxunu bəyənmədiyini də etiraf edib: “Proqramlarımızın əksəriyyətini bəyənmirəm. Çünki verilişlərdə insanları maarifləndirici söhbətlər etmirlər. Televiziyalarda yayımlanan proqramlar insanları elmə, təhsilə dəvət etməlidir. Mədəniyyətimizin inkişafı ilə bağlı verilişlər yayımlanmır. İnsanların çoxu rəssamlarımızı tanımır. Çünki efirlərdə təbliğ etmirlər. Nə qədər sosial verilişlərə baxmaq olar?

44 günlük Vətən müharibəsi zamanı qələbə çaldıq. Buna görə düşündüm ki, yəqin cəmiyyətimiz tamam dəyişəcək. Fikirlərimiz sıfırlanacaq. İnsanların dünyagörüşünün dəyişilməsində də televiziyanın böyük rolu var. Amma yenə əvvəlki düşüncəmizdəyik. Heç nə dəyişilməyib. Lazımsız verilişlər insanların beynini kütləşdirir. Bu da Azərbaycan gəncliyini məhv edir.

Sonda arzum budur ki, 44 günlük Vətən müharibəsi zamanı əldə etdiyimiz qələbəni ürəklə qeyd edək. Pandemiya ölkəmizdə qurtarsın. Şuşamız mədəniyyət mərkəzinə çevrilsin. Orada biz aktrisalar gözəl tamaşalar oynayaq. Dünyaya səs salaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB