" “Eurovision 2021”in iştirakçılarında ötən ildəki həvəs yoxdur" ÖZƏL

" “Eurovision 2021”in iştirakçılarında ötən ildəki həvəs yoxdur" ÖZƏL

Müğənni-bəstəkar Murad Arif “Eurovision 2021” mahnı müsabiqəsində Azərbaycanı “Mata Hari” mahnısı ilə təmsil edəcək müğənni Samirə Əfəndi haqqında danışıb. SİA-ya açıqlama verən Murad sözügedən ifaçını bəyəndiyini dilə gətirib: “Samirəyə uğurlar arzu edirəm. Mən o, xanımın şəklini dəfələrlə sosial media hesabımda paylaşmışam. Şərhimdə bildirmişəm ki, Əfəndini “Eurovision 2021” mahnı müsabiqəsinə göndərmək lazımdır. Çünki Samirə gözəl xanımdır və yaxşı da səsi var. Mən Samirə Əfəndini çox bəyənirəm. İnanıram ki, sözügedən xanım Niderlandın Rotterdam şəhərində reallaşacaq “Eurovision 2021” mahnı müsabiqəsinin öhdəsindən gələcək".

M.Arif bu il keçiriləcək “Eurovision 2021” mahnı müsabiqəsi haqqında da söz açıb: “Bildiyiniz kimi, pandemiyaya görə keçən il “Eurovision” mahnı müsabiqəsi keçirilmədi. Amma ötən ilin mahnıları çox gözəl və iddialı idi. Keçən ilin iştirakçıları və mahnıları bu ildən qat-qat daha güclüdür. Mən də elə təəssürat yaranıb ki, artıq “Eurovision 2021” mahnı müsabiqəsinin iştirakçılarının ötən ildəki kimi həvəsləri yoxdur. Amma bu sözümü Samirə Əfəndiyə şamil etmirəm.

Məsələn keçən il “Eurovision” mahnı müsabiqəsində Rusiyanın mahnısı çox gözəl idi. Amma bu il o qədər də güclü deyil.

Onu da qeyd edim ki, keçən il “Eurovision” mahnı müsabiqəsinə qatılan iştirakçıların bəziləri bu il yenidən səhnədə olacaq, digərlər isə dəyişdirilib”.

Bəstəkar koronavirus xəstəliyindən də bəhs edərək, gileylənib: “Bütün dünyanı bürüyən COVID-19 xəstəliyinə görə artıq heç kimi nəyəsə görə qınamaq olmur. Çünki insanlarda nəsə etməyə həvəs qalmayıb.
Amma ümid edirəm ki, dünya yenidən düzələcək. Koronavirus xəstəliyi həyatımızda olmayacaq. Hər il ənənəvi keçirlən festivalları yenidən kütləvi şəkildə izləyəcəyik”.

Qeyd edək ki, “Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsi ötən il koronavirus pandemiyası səbəbilə ləğv edilmişdi. Bu il 65-ci dəfə təşkil ediləcək yarışmada Azərbaycanı müğənni Samirə Əfəndi “Mata Hari” mahnısı ilə təmsil edəcək. O, mayın 18-də birinci yarımfinalda çıxış edəcək.

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə