"Xalqın adamı xalqdan getdi"

Müğənni-bəstəkar Murad Arif gecə saatlarında dünyasını dəyişən Əməkdar artist Baloğlan Əşrəfovun ölümündən bəhs dib. SİA-nın məlumatına görə, ifaçı mərhum müğənni ilə bağlı xatirələrini bölüşüb: "Adamın mahnıları 40 ildir xalqın dilində, nəğmələri başqa ölkələrin ulduzlarının repertuarında, özü də ən ilk gündən xalqın artisti idi... Dünyadan köçərkən "Əməkdar" deyirlər... 69 yaşında. Məncə, "Baloğlan" özü xalq üçün bir titul, bir dərəcə idi.

Çox zaman sənət və şəxsiyyət mövzusunda mübahisələr olur... İndi deyim, hər kəsin şəxsi həyatı şəxsi məsələdir. Amma sənətində təkrarsız, gözəl olan biri öz yerini, ağzının danışığını da bilirsə, olur tam. Bax, Baloğlan Əşrəfov həmişə tam olub. Fərqli, istedadlı və mədəni.

2016-cı il idi, müğənni Elton Hüseyməliyevin musiqi direktoru idim. Bir dəfə birlikdə məclisdə idik. O toya gələndə də "filankəslərin məclisidir" deyə, bir söz kimsə demişdi. Çox yadımda qalmayıb, nə isə... Toyu Baloğlan müəllim öz ansamblı ilə aparırdı... Qonaqlar da yalnız Baloğlan tərzi, üslubunu, mahnılarını istəyirdi. Elton da dəvət almışdı. Olur də, məclisdə 2-3 nəfər şuluqluq salmağa, mane olmağa cəhd edər. Kimsə, Eltonun repertuarına müdaxilə etmək istəyir, bəlkə də yersiz sifariş var, ya nədirsə, səhnədə narahatlıq yaranır. Bunu bizim masadan Baloğlan müəllim gördü, dərhal, sıçradı səhnəyə, mikrofona 2 kəlmə söz dedi... Zabitəsi, ciddiliyi və kim olmasını hiss etdim, məclis sahibinə irad bildirdi, o adamları da anında çəkdilər səhnədən uzağa, Elton ifasına davam etdi, ən sona qədər də hər şey rahat keçdi. Bir çoxu bu hadisəyə kənardan baxar, azarkeşlik edər, sevinərdi ki, "Bu cavanlar göylə gedir, qoy başı ağlına gəlsin", yaxud qürrələnər ki, "Görürsən camaat məni tələb edir"... Həm də hər adamın cürəti deyil ki, filankəsin toyunu dayandırıb, məclis əhlinə irad bildirsin. Bu epizodla Baloğlan Əşrəfovu şəxsiyyət kimi kəşf etdim. Sonralar daha çox görüşdük, tanıdım, dəyər verdim, dəfələrlə verilişlərimdə qonaq oldu. Şahidəm ki, insanlar onun özünün də, səsinin də, nəğmələrinin də vurğunu idi.

Bu yaxınlarda ağlıma gəldi ki, elə-belə, səbəbsiz zəng edim, hal-əhvalını soruşum. Çəkindim, ertələdim, gec oldu...
Xalqın adamı xalqdan getdi. Başınız sağ olsun...".

Bütün xəbərlər Facebook səhifəmizdə