Aktrisa Aydan Axundzadə Şabrandakı evinə gedib. SİA-nın məlumatına görə, aktrisa ora ilə bağlı xatirələrini bölüşüb: "Həyatımın qürubunda, ömrümün qum saatında son bir ovuc vaxt qalanda, yay günü şaxəli bir ağacın kölgəsində, yellənən kürsüdə əyləşib, qırışmış əllərimlə köhnə şəkilləri vərəqləyib, mənə yalnız surəti qalmış insanlara baxıb bir neçə dəqiqəlik cavanlaşacam. Uşaqlığım, gəncliyim və ahıllığım arasındakı sərhəd silinəcək. Bütün yolum son nöqtədə cəmləşəcək.
Şəkildən mənə baxan doğmaların üzünü oxşayıb, nəyə peşman olduğumu, nəyə isə olmadığımı düşünəcəm.
Bir vaxtlar bəyəndiyim bahalı çantanı ala bilmədiyimə və ya nə vaxtsa, arzuladığım işi başqasının əlimdən almağına, mənə qarşı olunan haqsızlıqlara göz yumduğuma, can atdığım kiminsə məni bəyənmədiyinə, dünyaca məşhur olmadığıma, quru çörəyi suya batırıb yediyimə və sairə... Heç biri məni peşman etməyəcək. Qəti...
Peşman olacağım sayca az, amma bəlkə də dəyərdə ağır şeylər olacaq. Vaxt var ikən bərk qucaqlamadığım, eqomu təmin etməkdən ötəri qəlb qırdığım, acı sözlər dediyim, fürsətim var ikən əl uzatmadığım, özüm günahkar bəndə ikən başqalarında günah axtarıb, özümə bəraət qazandığım, özümü artıq və ya əskik hiss etdiyim üçün... Mənəvi peşmanlıq, başa düşürsüz də...
Məni maraqlandıran yalnız bir "məna" olacaq: görəsən, məndən sonra kimsə heç olmasa bir dəfə mənim şəklimə tumar çəkib, məni tanıdığına şad olacaqmı? Adımı xoş anında anacaqmı? Hər il dünyaya "gələn" günümüzlə bərabər "gedən" günümüz də təyin olunub, sadəcə, onu biz bilmirik. Təki "gedən" günümüz Allahın xoş əhvalına və bəraət saatına düşsün.
Bu, ana tərəfdən nənəmin köhnə evidir. Uşaqlığımız bu evdə keçib və indi onun hər daşından, daşına düşən hər çatından xatirələr püskürür. Xatirələrlə vidalaşmaq çox ağırdır. Amma hər ayrılığın bir vüsalı var, elə deyil? Gedənlərlə bir daha görüşmək ümidiylə".


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB