Röya anasından danışdı: "10 yaşımda onunla evləri təmizləyib, pul qazanırdım" FOTOLAR

Xalq artisti Röya Ayxan ilk dəfə anasını göstərib. SİA-nın məlumatına görə, ifaçı sosial media hesabında anası ilə birgə çəkdirdiyi fotoları yayımlayıb və bu sözləri əlavə edib: "İlk dəfədir ki, anamla şəklimi paylaşıram. Anam Azərbaycan Dillər Universitetinin məzunudur, ingilis dili müəlliməsidir. Gözümüzü açandan o həm çalışıb, həm də bizə baxıb, böyüdüb.

İngilis dili müəllimi olmasına baxmayaraq, günün ikinci yarısı mən, yaxud bacımı götürüb təmizləyəcəyi evlərə gedərdi. Həmin insanların paltarlarını gətirib yuyub, ütüləyib geri aparardıq. Yəni, anam bütün bu əziyyətləri keçmiş bir qadındır. Demək istəyirəm ki, artıq 10 yaşım olanda onunla işləyib pul qazanırdım. Beşmərtəbəli binada yaşayırdıq. 1-5-ə kimi qonşularımıza şirniyyat satırdım. Anamın rəfiqəsinin dükanı var idi. Şirniyyatları o gətizdirirdi. Bu işi də anama həvalə etmişdi ki, satıb pul qazansın. O vaxtdan söz verdim ki, ana, səni o qədər xoşbəxt edəcəm ki, heç kəsə möhtac qalmayacaqsan. Öz evin olacaq, kirayədə qalmayacaqsan. Demişdim ki, anama qulluq edəcəklər, onunla maraqlanacaqlar. Nəhayət, bu arzuma çatmışam!

Anam kimi yüzlərlə belə zəhmətkeş xanımlar var. Bütün qadınlara arzularının çin olmasını diləyirəm. Qız övladları daim analarının yanında olsun, onlar üçün yaşasın. Heç bir çətinlikdən qorxmayın, problemin həllini intiharda görməyin! Hər birimiz ağır günlər keçirmişik. Amma arzular insanı məqsədinə qədər aparır. Arzularınız tükənməsin!

Anamın simasında bütün anaları, qadınları 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirəm!"

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...