Ədalət Şükürov: “İnsanlarda o müğənniyə maraq yoxdur”.

Ədalət Şükürov: “İnsanlarda o müğənniyə maraq yoxdur”.
Əməkdar artist Ədalət Şükürov həmkarlarının pul qazanmadığını deyir. SİA-ya açıqlamasında müğənni bu sözləri dedi: "Onsuz da Azərbaycanda heç bir müğənni diskindən pul qazanmır, qazanmayacaq da. Ona görə ki, müvafiq qanunlar işləmir. Həmçinin klipindən də pul qazanan müğənni tanımıram. Əksinə, hazır məhsulla bərabər, telekanala pul ödəyirsən. Bu şəxsi kanalın öz iş üslubudur və heç kimin qarşısında şərt qoya bilmərik. Məsələnin digər tərəfi isə budur ki, müğənninin Azərbaycanda konsertindən pul qazanmaq şansı yoxdur. Əgər elə bir müğənni görsəniz ki, pul qazana bilir, ondan mənim üçün avtoqraf götürün. "Qazanıram" deyən, gözünün içinə qədər yalan danışır".

"Brilliant Dadaşova deyir ki, mən o zaman konsert verçəyəm ki, bu işdən pul götürə bilim. Belə çıxır ki, xalq artistinin arzusu bu tezlikdə həyata keçməyəcək?" sualına əməkdar artist belə cavab verib: "Brilliant xanımın adı-sanı var. Əgər belə bir şey olsa, çox sevinərəm. Əslində, onun elə bir imkanı var, qalır həyata keçirmək. Nəzərə almaq lazımdır ki, konsert çoxlu pul tələb edir və burada sən dekorasiya, icarə haqqı, musiqiçilərin pulu, reklam işi və s. işlərə ciddi məbləğdə vəsait xərcləməlisən. Əgər konsert zalına 4000 adam gələrsə və hər biri biletə ən azından 50 manat xərcləsə, onda qazancdan söhbət gedə bilər. Brilyant xanım nəinki 50 manat, 500 manata da layiq bir sənətçidir.

Mahnı mövzusuna gəlincə, Azərbaycanda müğənni kimi hamı özünü güclü hesab edir. Təəssüflər olsun ki, üzlərinə baxanda bunu hiss etmək olmur. Bəziləri var ki, özünü "bərkgedən" müğənni sayır, amma onu heç bir yerə dəvət etmirlər. Çünki insanlarda o müğənniyə maraq yoxdur. Çağırmırlarsa, deməli onun pulu da yoxdur. Pulsuzluq da özünü biruzə verir. Üst-başı, yaxud avtomobili buna bir sübutdur. Deməli qazanc yeri yoxdur. Yaxşı müğənninin isə həmişə toyu var. İnsanlar hərif deyil ki, "Əhmədə" boş yerdən pul qazandırsın. Tərəzinin gözündə kimə tələbat olduğu aydın olur. Tərəzi də insanların müğənniyə, mahnıya ehtiyacıdır. Əslində bu, gözəl bir stimuldur ki, sənətçi öz üzərində çalışsın. Ona da tələbat yaransın, insanlar məclisində görsünlər. Bir məqamı qeyd edim - Azərbaycanda müğənnilər arasında ən çox mənim mahnılarım oxunur. Bu, insanların ehtiyacıdır. Kiməsə pul vermirəm ki, mahnım xoşuna gəlsin".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB