"Müğənnilərin efirlərdə arsız-arsız qol qaldırıb oynamaqları lazımsızdır" MÜSAHİBƏ

Əməkdar artist Firuzə İbadovanın SİA-ya verdiyi müsahibəsini təqdim edirik:

- Hazırda pandemiya dövrüdür. Bu günləri necə keçirirsiniz?

- Koronavirus infeksiyası bütün dünyanı bürüyüb. Sadəcə olaraq, qayda-qanuna əməl etməliyik. Bir tikə çörəyə görə özümüzü təhlükəyə atmamalıyıq. Hazırda heç kim acsızlıqdan zarımır. İnsanların bir məqsədi olmalıdır ki, Covıd-19-a qalib gələk. Mən də koronavirus infeksiyasına görə evə qapandım. Həm də qorxdum ki, 93 yaşlı anam xəstəliyə yoluxar.

- Koronavirus xəstəliyinə görə toylar yoxdur. Bəs necə maddi gəlir əldə edirsiniz?

- Evimdə başı papaqlı yoxdur. Mən də evimdə nə varsa, onu bişirib yedim. Çox ağıllı qadınam. Sənət adamıyam. Efirdə ağlaya bilmərəm, bu, mənə yaraşmaz. Maddi durumumuzun pis olmasını biz sənətçilərin tamaşaçılara göstərməyə haqqı yoxdur. Onu da qeyd edim ki, xəstəlik vaxtı heç kimə zəng edib, pul istəməmişəm.

Şükür Allaha hər şey yaxşıdır, çünki Qarabağımız alınıb. Rahatlıqda deyə bilirik ki, Qarabağ Azərbaycandır! Biz buna görə şanlı Ordumuza və Cənab Prezidentimiz İlham Əliyevə borcluyuq.

- Verilişlərə tez-tez getməməyinizin səbəbi nədir?

- 5-6 ay idi ki, efirlərə getmirdim. Çünki verilişlərə marağım qalmayıb, stimul yoxdur. Ölkəmizdə kifayət qədər şəhidlər var. Mən efirdə nədən danışa bilərəm. Susanda deyəcəklər özündən razıdır, ağlayanda söyləyəcəklər bicdir.

- Efirlərdə müğənnilərin hansı hərəkəti sizə xoş gəlmir?

- Bildiyiniz kimi, hazırda Azərbaycanda həddindən artıq şəhid var. Bəzi sənətçilərin proqramlarda arsız-arsız qəh-qəhələri, lazımsız qol qaldırıb oynamaqları mənə pis təsir edir. Mən istəməzdim ki, efirlərdə belə hadisələr yaşansın, çünki analarımızın gözü yaşlıdır. Mənim qohumlarımdan da şəhid olanlar oldu.

- Sizin üçün şou-biznes nə deməkdir?

- “Şou-biznes” sözünü kiçiltmək olmaz. O, sözdə böyük anlam var, yəni sənətini göstərib, pul qazanmaq.

- Son günlər məşhur simalar boşanmaları ilə gündəmə gəlirlər. Buna münasibətiniz necədir?

- Boşanmaq həyatın çətin günlərinin gəlməsi deməkdir. Boşanmağı zəfər və bayram adlandırmaq günahdır. Gənclərimiz boşanmaqla nə qazanırlar? Boşanan cütlük bilməlidir ki, hər iki tərəf uduzub. Eyni zamanda, onların sevgisi yaralanıb. Cavanlıqda etdiyimiz səhvlər illər sonra bizə travmalar yaşadır. Boşanan cütlüklərdən dünyaya gələn övladlara bu hal pis təsir edir.

- Hazırda Əməkdar artist Cavanşir Məmmədovla münasibləriniz varmı?

- Bəli, çünki onunla illərlə eyni səhnəni bölüşmüşəm. Ailəvi dostuq, duet ortağıyıq. Amma bizi bəziləri sevgili kimi qələmə vermişdi. Bu, yalnışdır. O, mənim qardaşımdır. Başqa cür də mümkün deyil.

- Bir müddət bundan öncə Azərbaycanda olmamağınıza səbəb nə idi?

- Xarici ölkədə övladımın yanında idim.

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...