"Hazırda ölümlə üz-üzəyəm, faciə yaşayıram" MÜSAHİBƏ+FOTOLAR

Aparıcı-aktrisa Zümrüd Qasımovanın SİA-ya verdiyi müsahibəsini təqdim edirik:

- Hazırda pandemiya səbəbi ilə bir çox yerlər qapalıdır. Bu zaman ərzində nə işlə məşğul olursunuz?

- Çalışıram ki, vaxtımı evdə dəyərli və maraqlı keçirim. Kitab və köhnə gündəliklərimi oxuyuram. Artıq 14 gündür ki, evdən çölə çıxmıram. Çünki depresiyadayam. Allaha yalvarıram ki, COVID-19 bitsin. Çox yorulmuşam. Onu da qeyd edim ki, bundan sonra düşünmürəm ki, normal həyata qayıda biləcəyik. Pandemiya dövründə anladım ki, heç bir şey biz insanlardan asılı deyil. Çox heyif... Biz elə bilirik ki, yaşayırıq və nələrsə edirik. Amma biz yaşamırıq. Sadəcə varıq. Odur ki, böyük planlar qurub yaşamaq lazım deyil. Hər kəs koronavirus infeksiyasına yoluxa bilər. Ona görə də hər bir insan hamı ilə halallaşmalıdır və mütləq vəsiyyətini yazmalıdır. Bunu pandemiya dövründə çox yaxşı anladım. Çünki bu xəstəliyin bizə nələri göstərəcəyi bəlli deyil.

- Teatr sizin üçün nə deməkdir?

- Bildiyiniz kimi, Azərbaycan Dövlət Yuğ Teatrında çalışıram. Teatr üçün çox darıxmışam. Aktyor teatrsız qalanda ölür. Hazırda ölümlə üz-üzəyəm. Teatrsız faciə yaşayıram.

- Seçim qarşısında qalsaydınız aktrisalığı, yoxsa aparıcılığı seçərdiniz?

- Mən teatrsız yaşaya bilmərəm. Amma əslində, aparıcılıq və aktrisalıq eyni peşədir. Çünki mən həm səhnədə aparıcı, həm də aktrisayam.

- Elə bir aktyor varmı ki, onunla eyni səhnəni bölüşmək istərdiniz?

- Çalışdığım Azərbaycan Dövlət Yuğ Teatrında bütün aktyorlarla tərəf müqabili olmuşam. Amma istərdim ki, Xalq artistləri Rasim Balayevlə, Şəfiqə Məmmədova ilə eyni filmdə rol alım. Çünki vaxt gedir. Gəncliyimiz əldən gedir. Bədii filmlərin birində çəkilmək istərdim ki, arxivdə qalsın.

- Arzusunda olduğunuz filmdə hansı rolu canlandırmaq istərdiniz?

- Mən aktrisayam. Buna görə mənim üçün heç bir obrazın fərqi yoxdur. Amma dram janrında çəkilmiş filmdə rol almaq istərdim. Əsas odur ki, ekran işi maraqlı olsun.

- Tez-tez fotosessiyalar etdirirsiniz...

- Bəli, ekran qarşısında olmağı çox sevirəm. İnsanın varlığı, ruhu nədisə, şəkillərdə əks olunur. Heç kim kameranı aldada bilməz. Çünki kamera da dünyaya baxılan gözdür.

- Azərbaycan televiziyasında ən çox hansı aparıcıları bəyənirsiniz?

- Son zamanlar efirlərdəki verilişləri məni qane edir. Mən özüm aparıcı olsam da, tamaşaçıyam. İnsan baxmaq istəyir. Şəhid və qazilərimizlə bağlı verilişlər çəkilir. Kanallarda qələbəmizi aparıcılar tamaşaçılara çatdıra bilirlər.

Ən çox sevdiyim aparıcılar arasında Leyla Quliyeva, Zaur Baxşəliyev, Xədicə Sənanqızı, Xanım Yadigarlı yer alır.

- Elə məşhur sima varmı ki, onunla münasibət quranda sizə çətin olur?

- Əlbəttə var. Çünki sənət adamlarının çoxu kaprizli olur. Amma çox sevinirəm ki, mən onlarla söhbət edə bilirəm. Çünki özümə və onlara hörmət edirəm. Çalışıram ki, tanınmışlara hörmət və sevgi ilə yanaşım.

Xüsusi ilə vurğulayım ki, bu vaxtadək bir çox telekanallarda aparıcılıq etmişəm. Hazırda da Xəzər TV-də çalışıram. Çox sevinirəm ki, idarə etdiyim proqramlara qonaqlar gəlmək istəyir. Bu məqam aparıcı üçün çox önəmlidir.

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə