Samir Bayramlı: "Qalmaqal artıq dəbdə deyil" MÜSAHİBƏ+FOTOSESSİYA

Aparıcı Samir Bayramlının SİA-ya verdiyi müsahibəsini təqdim edirik:

- Hazırda nə işlə məşğulsunuz?

- Telekanalların birində aparıcı olaraq fəaliyyət göstərirəm. Həftənin beş günü efirə çıxıram. Hələ ki, həyatımda işlə bağlı təəssüf ki, bu var. Başqa heç bir yenilik yoxdur. Bu da koronavirusla bağlıdır.

- Sosial şəbəkədə şou-biznes əhlini izləməməyinizə səbəb nədir?

- “İnstagram”da məşhurları izləməsəm də, amma hər bir məlumatlarından xəbərim var. Çünki mən onlara baxıram. Hətta rəy də yazıram. Başqa heç bir səbəb yoxdur. Onlar da mənim bu xasiyyətimi bilirlər və məndən incimirlər.

- Bəzi müğənnilərin aparıcılardan narazı olmasına səbəb nədir?

- Hərənin öz seçimi və fikri var. Amma efirlərə 90% “baxmıram” deyən sənətçilərin çoxu televizorun qarşısından ayrılmırlar. Həmin insanlar özlərini daha səviyyəli göstərməyə çalışırlar. Əslində heç də elə deyil. Hər kəs də efirə baxır. Verilişləri izləməmələrinə qətiyyən inanmıram.

Müğənnilərin aparıcılardan da narazı olmalarına yəqin ki, səbəbləri var. Bunu mən deyə bilmərəm.

- Qalmaqal edən tanınmışlara münasibətiniz necədir?

- Qalmaqal artıq xeyli vaxtdır ki, dəbdə deyil. Amma bir çoxları buna can atır. Ümumiyyətlə də kiminsə elədiyini heç vaxt təkrarlamaram.

- Bu vaxtadək verilişinizə dəvət etdiyiniz hansı tanınmışla dialoq qurmaq sizə çətin olub?

- Mənim işim söhbət etmək deyə mənə çətin deyil. Çünki danışaraq pul qazanan adamam. Normal həyatımda və işimdə kimlərləsə dialoq qurmaq mənə problem deyil. Sadəcə olaraq, bəzi insanların damarını tutmaq lazımdır. Qarşındakı insana düzgün yanaşanda söhbət etmək olur.

- Müğənni Nura Suri ilə səmimi fotosessiya etdirmişdiniz. Hətta sizi sevgili olduğunuzu dedilər...

- Sənətçinin özü mənə təklif etdi ki, fotosessiya etdirək. Mən də razılaşdım. Çünki Nura gözəl xanımdır. Bizim bu şəkillər sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Yazdılar ki, guya sevgiliyik. Amma bilin ki, sevgili olan cütlük bunu heç vaxt reklam etməz. Sadəcə olaraq, biz Nura Suri ilə illərdir dostuq. Bəzilərinin bizi sevgili kimi qələmə verməsi normaldır. Mən sosial şəbəkələrdə yazılan bu cür şərhləri qeyri-adi qarşılamadım.

- Aparıcı Vüsalə Kərimova və müğənni Yaşar Cəlilovla sizi nə bağlayır?

- 10 ilə yaxındır ki, müğənni Yaşar Cəlilovla toylar idarə etmişik. Aparıcı-prodüser Vüsalə Kərimova da bizimlə birlikdə olub. Onlar elə vaxt olub ki, birgə el şənliklərində iştirak ediblər. Mən olmamışam. Biz bir komanda deyilik. Sadəcə dostuq. Amma toy yiyəsi məni istəyən də və pulda razılıq olanda Samir Bayramlı da o el şənliyində olub.

- Azərbaycanda məşhurların gəlir yeri toylardır. Hazırda da koronavirus infeksiyasına görə el şənlikləri yoxdur. Bəs necə gəlir əldə edirsiniz?

- 2007-2008-ci illlərdə Azərbaycanda toylara gedən iki aparıcıdan biri də mən olmuşam. Amma mən həyatımı toya bağlayan insan deyiləm. Çünki mən tək el şənlikləri yox, konsertlər və məkan açılışlarında da aparıcılıq etmişəm. Amma toyun olmaması tək aparıcılara yox, hər kəsin büdcəsinə təsir edib. Heç birimiz nazir övladı olmadığımıza görə Allaha şükürlər olsun ki, cibimizdəki az və ya çox pula qane oluruq. Çətinlik olsa, belə idarə etməyi bacarırıq.

- Moskvadakı el şənliklərinə üz tutan məşhurların sırasında yer almadınız. Buna səbəb nədir?

- Zamanında Moskvada toylarda və tədbirlərdə iştirak etmişəm. Sadəcə olaraq, aparıcı olaraq ordan mənə dəvət gəlmədi. Təklif olunsaydı, mən də Moskvaya səfər edərdim.

- Şəxsi həyatınızda yenilik varmı? Evlilik haqda artıq düşünürsünüzmü?

- 36 yaşım var. Hələ ki, subayam. Evlənməyə niyyətim yoxdur (gülür).

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə