Elza Seyidcahan: “Bir çox müğənnilərdən qat-qat yaxşı oxumuşam”

Elza Seyidcahan: “Bir çox müğənnilərdən qat-qat yaxşı oxumuşam”

Azərbaycanın əməkdar artisti Elza Seyidcahan özündə aşkar etdiyi mistik qüvvədən söz açdı. SİA-ya açıqlama verən müğənni-bəstəkarın sözlərinə görə, o həmişə yaddaşlarda qalacaq: "Yəqin insanların yaddaşında Elza kimi qalacağam. Mənim sənətimi sevən ziyalı bir insan bu yaxınlarda mənə dedi ki, Elza, sənətinizə gülənlər guya bilmirlər ki, Tanrının verdiyi istedad sizdə var?! Onlar sizin seçilmiş olduğunuzu çox gözəl bilirlər. Məndə Allahın verdiyi mistik bir qüvvə var. Onlar paxıl olduqları üçün mənə gülürlər. Məni gözdən salmağa çalışırlar. Anlamırlar ki, bununla məni daha da yaddaşlarda saxlayırlar\".

Elza xanımın bəzi insanların onu səsinin zəif olmasında suçladığını da etiraf etdi: "Onlar nə danışırlar?! Mənim çox gözəl səsim var. Əsas odur ki, böyük ürəyim var. Ümumiyyətlə, heç vaxt özümü müğənni hesab etməmişəm. Bir çox müğənnilərdən qat-qat yaxşı oxumuşam. Eyni zamanda oxuduğum mahnıları tamaşaçıya sevdirmişəm. Elə mahnı yoxdur ki, oxumaqla hitə çevirməyim. Mən müğənni deyiləm, sadəcə, oxumaq hobbimdir. Bəzi, özünə müğənni deyən insanlar utansınlar, ar eləsinlər. Mənim üçün müğənni, xanəndə Rəşid Behbudov, Zeynəb Xanlarova, İlhamə Quliyeva, Şövkət Ələkbərova, Nəzakət Teymurova, Aygün Bayramova, Teymur Əmrah, Könül Kərimovadır. Düzdür, istedadlı gənclərimiz də var. Onların müğənni olub-olmamasını gələcək göstərəcək. Bəstələrim çox çətin və qəlizdir. Mən öz bəstələrimi oxuyuramsa, kişi qızıyam. Yazdığım əsərləri hətta professional müğənnilər oxumağa qorxurlar. Azərbaycanımızın dünya şöhrətli sənətkarları, xalq artistləri mahnılarımı oxumaq istəyiblər. Lakin bu, onlarda alınmayıb. Əgər onlar oxuya bilməyibsə, deməli, mən müğənniyəm də".

Bütün xəbərlər Facebook səhifəmizdə