Aparıcı: "27 il ömrümə qara yazı kimi yazıldı" FOTO

Aparıcı Zülfiyyə Bayramova əsgərlikdə olan övladlarından bəhs edib. SİA-nın məlumatına görə, o, bu sözləri əlavə edib: "Birinci Qarabağ savaşı başlayanda 18 yaşım var idi. 4 il davam edən bu savaşda yaşıdım olan oğlanların əksəriyyəti şəhid olmuşdu. Məğlub olduğumuz o savaş 27 il ömrümüzə qara bir yazı kimi yazıldı.

Bu illərdə 2 oğul böyütdüm. İkisinə də Vətən sevgisini aşıladım, amma etiraf edirəm ki, ürəyimin bir tərəfində "Birdən müharibə uşaqlarımın əsgərliyi dövrünə düşər" qorxusu vardı. Vətənə sevgim isə o qorxu hissindən daha güclü olub ki, elə müharibə oğlanlarım əsgər gedəndən 3 ay sonra başladı. Yəni ikinci Qarabağ savaşında oğlum mənim yaşımda - 18 yaşda idi. Bütün analar kimi qürur qarışıq bir qorxu hissi yaşadım. Bəlkə də o qorxunun təsirindən evdə otura bilməyib döyüş bölgəsinə getdim... Müharibə bitənə qədər orada qaldım. Çünki bütün ailəm orada idi. Mənim evdə qalmağımın nə mənası var idi ki?

Müharibə bitsə də, həyatımda iki fərqli iz buraxdı. Biri övladım kimi bildiyim Əmrahım şəhid oldu. İkincisi, qalib əsgərin anası idim. İndi mənim alnımdan öpən bu oğul qalib əsgərdi və mənə qalib əsgərin anası olmaq şərəfini yaşatdı".

Bütün xəbərlər Facebook səhifəmizdə