Aparıcı şou-biznes əhlinə səsləndi: "40 gün açıq-saçıq fotolar paylaşmayın, dözün"

Aparıcı Lalə Azərtaş sosial şəbəkələrdə açıq-saçıq halda şəkil paylaşanlara səslənib. SİA-nın məlumatına görə, aparıcı bundan sonra "İnstagram" hesabında şəhidlərlə bağlı paylaşım edəcəyini bildirib: "Mənə çox şəhid rəsimləri, itkin düşənlər, yarım qalan talelər, qazilərimiz haqda məlumat göndərirdiniz ki, paylaşın. Hamınıza cavab verirdim ki, müharibənin öz qanunları var. Müharibədə yas saxlamazlar. Səhifəmə ermənilər də yazırdı. Deməli, onlar da mənim səhifəmi izləyirdi. Bu acını onlara göstərə bilməzdim. Qələbəyə kökləndiyimiz üçün qalib olduq.

İşimizi yekunlaşdırdıq, qələbəmizi çaldıq. Ali Baş Komandan demiş, yumurqla onların başını əzdik, belini qırdıq. Artıq bütün şəhidlərin, qazilərin, hərbçilərimizin fotolarını paylaşmağa başlayacam. Sizinlə bir nömrə paylaşacam, ora atarsınız. Onları paylaşacam ki, bütün dünya, Azərbaycan, dost və düşmən necə oğullarımız olduğunu görsün. Onsuz da görmüşdülər. Atın, gündəlik bu paylaşımları bitənə qədər davam etdirəcəm".

L.Azərtaş sosial şəbəkədə öz fotolarını yayımlayanlara da səslənib. Aparıcı bildirib ki, şəhidlərin 40-ı çıxana kimi əyləncəli paylaşımlar dayandırılmalıdır: "Bilmirəm, həmkarlarıma, şou-biznes aləminə deyim, yoxsa siravi insanlara səslənim: təsəvvür edin, ən sonuncu şəhidimizi hesablasaq, 40-ı dekabrın sonunda çıxacaq. Gəlin, bu rəsmləri yığışdıraq. Mən də o qədər sevindim ki, bir-iki gün əl qaldırıb oynadım. 30 ilin həsrəti var idi. Amma o sevinci yaşadıqmı? Şəhidlərimiz var... 40 gün açıq-saçıq şəkillər, gülüş dolu paylaşımlar etməyək. Heç mənə çatmır, qoyurlar yazırlar ki, birinci, yoxsa ikinci şəkil? Camaatın heç işi-gücü yoxdur durub sizin fotonu seçəcək?

Anlayıram, öz ətrafınız, izləyiciləriniz var. Bunları yığışdıraq. Nə qalıb ki, dekabrın sonuna qədər dözək. Yenə yanvarın birindən paylaşın. O sizin səhifəniz, həyatınız... Bilirəm, bəziləri xoş güzəranından qalır. Amma bu gün öndə olan bir məsələ, zəfər, bu qələbəni qazanan, can qoyan igidlər var. İnanıram ki, çoxunuz mənimlə razısınız".

Bütün xəbərlər Facebook səhifəmizdə