"Azərbaycan üçün gördüyüm işlərə görə mənəviyyatım zənginləşir" MÜSAHİBƏ-FOTOLAR
Azərbaycan Milli Geyim Mərkəzi və Modalar evinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın SİA-ya verdiyi müsahibəsini təqdim edirik:
- Yaradıcılığınızda hansı yeniliklər var?
- Yaradıcılığımda hər zaman Azərbaycanın dəyərləri çox böyük yer alıb. Mən artıq 20 ildir ki, fəaliyyət göstərirəm. Bu illər ərzində kolleksiyalarımın hər birində milli-mənəvi dəyərlərimiz özünü göstərib. Bütün dünyaya Azərbaycanı kolleksiyalarımla tanıdıram. Kolleksiyalarımda Azərbaycan tarixi, milli geyimlərimiz və naxışlarımız yer alır.
2015-ci ildə hazırladığım "Qarabağ" adlı kolleksiyamı Çində nümayiş etdirmişdim. Qəribə oldu ki, Tovuz döyüşləri ərəfəsində 100-dən çox dizaynerlərin qatıldığı moda həftəsində Qarabağ milli geyimlərini təqdim etdim. Bu, çox qürurverici haldır.
Ümumiyyətlə, mən kolleksiyalarımda Azərbaycanın milli ənənəsinə çox böyük önəm verirəm. Amma dizaynerlərin əksəriyyəti gündəmə daha çox nəzər yetirirlər. Mən isə qazanc haqda düşünmürəm. Hər şeyi pulla etməməliyik. Fikirləşirəm ki, düzgün şəkildə tariximizi təbliğ etməliyəm. Bunu da hər modelyer bacarmır. Çünki Azərbaycanı təbliğ etmək üçün tarixi araşdırmalısan və düzgün təqdim etməlisən.
- Yeni ərsəyə gətirdiyiniz şarf bayraqlardan danışardınız...
- Şarfa bayrağı köçürmək Xalq artisti, yaxın rəfiqəm Tünzalə Ağayevanın fikri oldu.
Ümumiyyətlə, bayraqla bağlı çox ideyalarım var. Amma heç birini həyata keçirməmişəm. Çünki çox incəliklə işləmək lazımdır. Bu mövzu mənim üçün çox həssasdır. Burda heç bir səhvə yol vermək olmaz. Amma şarf və yaylıq olaraq ən dəyərli bədən üzvlərimiz olan boynumuzda, sinəmizdə, ürəyimizin üstündə gəzdiririk. Bu ideya insanlar tərəfindən də çox yaxşı qarşılandı. Xanımlar və bəylər bu şarfı sinəsinin üstündə daşıya bilər. Bayraq şəklində olan şarf həm də insanı üşüməyə qoymur. Bu, Azərbaycan bayrağının özünün hərarətidir.
Necə ki, keçmişdə mömin insanlar başlarına əmmamə qoyurdular. Onun da bir mənası vardı. Həm oturduğu yerdə onu süfrə kimi, həm də kəfəni kimi istifadə edə bilirdi.
- Yeni ərsəyə gətirdiyiniz “Qarabağ” adlı köynəklərinizdən də bəhs edərdiniz...
- Yeni “Cizgi by Gulnara Khalilova” adı altında brend yaratdıq. Bu brendi uzun illərdi ki, düşünürdük və nəhayət, ərsəyə gətirdik. Bu brendə isti köynəklər və gündəlik istifadə etdiyimiz paltarlar var. Geyimlərdə Qarabağa aid şüarlar yer alıb. Onu da qeyd edim ki, hər bir insan öz işinin əsgəridir. Vətənim üçün gördüyüm işlərdən çox bəhrələnirəm. Mənəviyyatımı daha da zəngin hiss edirəm və qürur duyuram.
- Yeni yaratdığınız brendinizə niyə məhz bu adı vermisiniz?
- Ona görə ki, hər bir insanın cizgisi olmalıdır. Cizgi yol və xətt deməkdir. Hər bir insanın özünəməxsus yolu olmalıdır. Bu brend yetərincə tanındıqda adının açıqlaması haqda daha da ətraflı danışacam.
- Kolleksiyalarınızın çox hissəsini Xalq artisti Tünzalə Ağayeva geyinir. Buna səbəb nədir?
- Tünzalə xanımla artıq 18 ildir ki, işbirliyindəyik. Eyni zamanda, Ağayeva ilə yaxın rəfiqəyik. Ən vacibi də sözügedən sənətçi sədaqətli insandır.
Tünzalə xanım, peşəkardır. O, hər zaman bilir ki, necə istəsə ona həmin üslubda paltar hazırlayacam. Mən onunla bacıyam və hər an yanındayam. Bizim kimi uzun illər dostluq etmək çox çətindir. Biz bir-birimizi tamamlayırıq.
Amma elə bir müğənni olmayıb ki, onunla çalışmayam. Mən sədaqətli insanlara çox böyük dəyər verirəm. Çünki mən özüm də sədaqətliyəm.
- Bildiyimizə görə, Tünzalə Ağayevanın “Gözün aydın olsun Qarabağ” adlı yeni klipində paltarını siz hazırlayacaqsınız. Doğrudurmu?
- Bəli, mən hazırlayacam. Xalq artistimiz klipdə fərqli obrazda olacaq. Maraqlı ideyalarım var. Tünzalə xanım ekran işində vətənpərvər xanım rolunda olacaq. Amma fərqli kreativ yanaşmadır. Sənətçimizi eyni parçaya bürüməmişəm. Hər zaman rahatlıqla isifadə edilə biləcək kostyumdur. 3-4 parçadan ibarət dəstdir.
- 30 ilə yaxın davam edən həsrətdən sonra xalqımız qələbə sevincini yaşayır. Sizin də hisslərinizi bilmək istərdik...
- Qələbə münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edirəm. Bu sevinc hisslərinə görə Prezident İlham Əliyevə və Ordumuza çox təşəkkür edirəm. Artıq Azərbaycan tamamlanıb.
Onu da qeyd edim ki, Azərbaycan xalqının heç kimin torpağında gözü yoxdur. Bizim olan elə bizim olmalıdır. Haqq öz yerini tapdı.
Bütün xəbərlər Facebook səhifəmizdə