“Artıq azərbaycanlıların Qarabağa gedən yolu açıqdır” MÜSAHİBƏ-FOTOLAR

“Artıq azərbaycanlıların Qarabağa gedən yolu açıqdır” MÜSAHİBƏ-FOTOLAR

Xalq artisti Tünzalə Ağayevanın SİA-ya verdiyi müsahibəsini təqdim edirik:

- İşğal altında olan torpaqlarımızı ermənilərdən azad etmək sizi nə qədər sevindirdi? Hisslərinizi bilmək istərdik...

- Bu hissləri dilə gətirmək mənim üçün çox çətindir. Çünki o hissləri sözlə əvəz edə bilmərəm. Elə bil ki, böyük qanadlarımız var və biz göylərdəyik. Ölkə başçısı İlham Əliyev və cəsarəli ordumuz xalqa qol-qanad verdi. Ermənilər tərəfindən işğal olunmuş torpaqlarımız qarış-qarış əsgərlərimizin canları bahasına alındı. Əsgərlərimiz şəhid oldu, qanlar axıdıldı. Şəhidlərimizin qarşısında baş əyirəm. Hər bir qarış torpağımız bizim üçün əzizdir.

İllər öncə Xocalıdan ayaqyalın çıxarılan körpə uşaqlarımız böyüyüb. Onlar döyüş meydanında ermənilərə qan uddurdu. Bu nə gözəl bir hissdir. Onu da qeyd edim ki, bu günləri ziyalılarımız da çox gözləyib. Bu gün Üzeyir Hacıbəyovun, Bülbülün, Xurşidbanu Natəvanın, Süleyman Ələsgərovun ruhu şaddır.

Bu qürurverici hisslərə görə hər zaman Prezidentimiz İlham Əliyevin başı uca, əsgərimizin üzüağ olsun. Allah millətimizin yolunu hər zaman açıq etsin.

Artıq azərbaycanlıların Qarabağa gedən yolu açıqdır.

-Tünzalə xanım, Tovuz hadisələri sizə nələr yaşatdı?

- Ermənilər tərəfindən Tovuzda yaşanan xoşagəlməz hadisələr mənə çox pis təsir etdi. Çünki mən tovuzlu olaraq o hadisələri görəndə özümə yer tapa bilmirdim. Atışma olanda zirzəmilərdə qalırdıq. Amma şükürlər olsun ki, güclü ordumuz xalqı qoruyur. Tovuz əhalisi də məğrur dayandı. Hər atışmada heç bir tovuzlu ailəsi evini tərk etmədi. Amma ölən və yaralanan oldu, bir çox evlər dağıdıldı. Tovuz qəhrəman bir şəhərdir. Hər zaman da belə olacaq. Mən də tovuzlu balası olaraq bununla qürur duyuram. Hətta bacarsam ön cəbhədə də döyüşərdim. Amma düşünürəm ki, mənim vuruşacağım meydan səhnə, əlimin silahı isə mikrafondur. Mən sənətimin əsgəriyəm. Azərbaycanı Amerikada, Türkiyədə, Moskvada, Fransa, Almaniyada, İngiltərədə təmsil etmişəm. 20 ildə elə bir səhnə olmayıb ki, mən orda Azərbaycan musiqilərini səsləndirməyim. Ömrüm boyunca da Azərbaycan mədəniyyətini dünyada tanıdacam.

Onu da qeyd edim ki, Prezidentimiz İlham Əliyev Ulu Öndər Heydər Əliyevə verdiyi sözlərə əməl edir.

O, xalqın əsl rəhbəridir. Nə yaxşı ki, İlham Əliyev kimi Prezidentimiz və güclü Ordumuz var. Çox xoşbəxt ölkəyik.

Gözlərimizin önündə uçuruma gedən Ermənistanı görürük. Bir çox da ölkələr var ki, orada ciddi problemlər var. Amma mənə elə gəlir ki, hazırda bir çox dövlətlər bizə həsəd aparır.

Bəzi ölkələr susub, danışmır. Elə danışmasalar yaxşıdır. Ancaq Azərbaycanın uğurlarına tamaşa etsinlər. Həmin ölkələr unutmasınlar Ermənistanın arzuları puç oldu.

Xüsusi ilə qeyd edim ki, heç bir dövlətin torpağında, musiqisində, yeməyində gözümüz yoxdur. Biz gözütox millətik.

- Ermənilərin Azərbaycan torpaqlarını tərk etdiklərini görəndə hansı hissləri keçirirsiniz?

- Xankəndində çəkilmiş görünülər qarşma çıxdı. Videoda karvan görüntüləri yer almışdı. Ermənilər Azərbaycan torpaqlarını tərk edir. İllər öncə ermənilər Azərbaycan torpaqlarında yerləşməməliydi. Bilməli idilər ki, bu torpaqların yiyəsi var və onlar bir gün gələcək.

Ermənilərin Xocalıda dinc sakinləri evlərindən ayaqyalın qovmasını, insanlarımızı əsir götürməsini, vəhşicəsinə öldürdükləri meyitlərin üzərlərindəki hərəkələri heç vaxt unutmayacağıq. İmkan vermədilər ki, insanlar canlarını qurtarsın. Amma Prezident İlham Əliyev onlara qarşı humanitar addım atır. Ermənistanın dinc sakinlərini öldürmür. Biz başqasını öldürməklə millət olmamışıq. Azərbaycanlıların ulu babaları xan olub. Yəni biz hər zaman dünyaya səslənmişik ki, Qarabağ Azərbaycandır! Qalibləri mühakimə etmək olmaz. Biz haqlı qələbəmizi qazanmışıq.

Onu da əlavə edimki, Prezidentimiz hər zaman çıxışlarında bütün dillərdə bildirir ki, Qarabağ Azərbaycandır! Azərbaycan 30 il gözlədi ki, qan axıdılmasın. Sülh olsun. Amma erməniıər bunu anlamdılar.

Prezidentimizə və Ordumuza ömür boyu borcluyuq. Əsgərlərimizin və şəhid analarının qarşısında baş əyirəm. Bundan sonra əsgər ailələrinə daha da həssas yanaşmalıyıq. Cəmiyyətimiz hər zaman şəhid və əsgər analarına diqqətli olmalıdırlar.

Onu da qeyd edim ki, Azərbaycan xalqı hazırda birlik nümayiş etdirir. Hətta xaricdə yaşayan həmvətənlilərimiz canfəşanlıq edirlər. İnanıram ki, artıq cəmiyyətimiz formalaşıb və təfəkkürləri inkişaf edib. Biz artıq qalib Azərbaycan övladlarıyıq. Dünyanın qapılarını qalib xalq olaraq açdıq.

- Ermənilər tərəfindən törədilən Gəncə və Bərdə terroru yaddaşınızda necə qaldı?

- Ermənilər tərəfindən törədilən Gəncə və Bərdə terroru Azərbaycan xalqına qarşı böyük cinayətdir. Dinc sakinlərimizin başına mərmilər yağdı. Evləri dağıdıldı. Ailələr öldü. Bu mənzərə nə qədər ağırdır. Onu da qeyd edim ki, hazırda gözəl Tərtərimizdən mərmilərdən, reketlərdən əsər-əlamət qalmayıb. Amma Tərtərimiz yenidən bərpa olunacaq. Sakinləri də bildirir ki, evləri dağıdılıb əsgərlərimizə qurban olsun. Azərbaycanlılarımızın hamısında böyük ruh yüksəkliyi var.

Odur ki, insanlığa qarşı bu terrora dünya susmamalı idi. Ermənilər məscidlərimizi heyvanxanaya döndəriblər. Bunları necə görməməzlikdən gəlmək olar. Ermənilər Bakıdakı kilsələrə baxsınlar və utansınlar.

- Tünzalə xanım, yaradıcılığınızda hansı yenilik var?

- “Gözün aydın olsun Qarabağ” adlı əsəri ərsəyə gətirdik. Artıq üç həftədir ki, hazırlıq gedirdi. Bu mahnıya klip də çəkilir. Bəstənin sözləri Fariz Zeynalova, musiqisi mənə, aranjemanı isə Emin Kərimova aiddir.

Klipin rejissoru isə Ülviyyə Könüldür. Ekran işində geyimlər modelyer Gülnarə Xəlilovaya məxsusdur. Klipimin prodüseri menecerim Yalçın Cabbarovdur. Bütün komandaya təşəkkür edirəm.

Onu da qeyd edim ki, yeni işimi ərsəyə gətirmək üçün əsgərlərimiz məni ruhlandırdı. Azərbaycan əsgərinə halal olsun!

Fotoların müəllifi: Ceyran Əsgərova

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə