Müğənnilərimiz “Eurovision” haqqında nələr dedilər?

Müğənnilərimiz “Eurovision” haqqında nələr dedilər?

Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı "Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycanın qalib gəlməsi təbii ki, hər birimizi sevindirdi. Hətta sevincini küçələrdə 3 rəngli bayrağımız və türk bayrağı ilə birlikdə qeyd edənlər də oldu. Bəs görəsən müğənnilərimiz "Eurovision-2011" müsabiqəsi haqqında nələr düşünür?

SİA ANS PRESS-ə istinadən müğənnilərin açıqlamasını təqdim edir:

Xalq artisti İlhamə Quliyeva: "Bu gün bizim böyük bayramımızdır. Bütün dünya azərbaycanlarını bayram münasibətilə təbrik edirəm. Mən bu qalibiyyəti gözləyirdim və inanırdım. Düşünürəm ki, "Eurovision-2011"də birinciliyi qazanmağımız dövlətimizi dünyaya tanıtdı. Artıq tanımayanlar da bizi tanıyır. Gələn il "Eurovision" yarışmasının Bakıda keçirilməsi o deməkdir ki, artıq Azərbaycan dünyaya özünü qəbul etdirib. Artıq bizi dünya tanıyır. Mən Eldarı da, Nigarı da təbrik edirəm. Sağ olsunlar ki, vətənimizin başını uca etdilər. Məni sevindirən hallardan biri də ermənilərin ümumiyyətlə finala keçməməsidir. Yarışdan kənarda baxa-baxa qaldılar. Bu bizim qalibiyyətimizdir. O gün olsun ki, ermənilərə daim beləcə qalib gələk, torpaqlarımızı azad edək. Mən buna inanıram. Ürəkdən şadam.

Nigarın səhnəyə təkcə Türk bayrağı ilə çıxmağı isə texniki səhvdir. Ancaq Nigarın Türk bayrağını əlinə götürməsi dövlətlərimizin qardaşlığının mesajıdır. Bizim bayrağın sonradan, yəni gec gətirilməsi texniki səhvdir. Ümumiyyətlə hər bir ölkə öz bayrağı altında çıxmalıdır. Amma, yenə də deyirəm, Türkiyə-Azərbaycan qardaşdır. Ümummilli lider Heydər Əliyev də bunu vurğulayıb: "Biz 1 millət, 2 dövlətik". Nigar da bunu sübut etdi. Bu dünyaya yaxşı bir mesajdır. Mən yarışmada ancaq Azərbaycana favoritlik edirdim. Başqa heç kim ürəyimi fəth etmədi. Bütün xalqımızı bir daha ürəkdən təbrik edirəm".


Xalq artisti Brilyant Dadaşova:
"Mən Türkiyədəyəm və bacardığım qədər də təmsilçilərimizə dayaq oldum. Əlbəttə gözəl haldır ki, biz qələbə qazandıq. Bu, dövlətimizin gücünün göstəricisidir. Sevinirəm ki, dünya Azərbaycanı təkcə xəritədə görməklə, eşitməklə yox, real şəkildə gördü. Hesab edirəm ki, bu bizim qələbəmizin başlanğıcıdır.

Türklər Azərbaycanın qələbəsini öz qələbələri kimi qəbul etdilər. Onlar deyirlər ki, Azərbaycan Türkiyəyə finala çıxmamaq məyusluğunu yaşatmadı. Onlar elə hesab etdilər ki, Türkiyə qalib gəldi. Onlar bizə ən yüksək bal verdi. Mənim ümidim yox idi ki, Azərbaycan birinci yerə çıxar. Amma hər ehtimala qarşı səs göndərirdik. Öz aramızda II yerə razı idik. Hesab edirəm ki, Eldarın, Nigarın qələbəsi Türk dünyasının qələbəsidir. Onların əlində digər türk dövlətinin bayrağı da olsa idi, mənim üçün fərqi yox idi. Əsas odur ki, Türk dünyası Avropa dövlətlərinə meydan oxudu. Burada da Azərbaycan dövlətinin böyük rolu və əziyyəti var. Qoy Avropa bilsin ki, biz kimik.

Yarışmada favoritim öz təmsilçilərimiz idi. İnanırdım ki, biz qalib gələcəyik. Amma Avstriya və İspaniya təmsilçilərinin səsini eşidəndə, bir az qorxdum. Çünki, onların həm musiqiləri, həm də ifaları güclü idi. Amma şükürlər olsun ki, bu da bizi dayandırmadı".

Əməkdar artist Tünzalə Ağayeva: "Bütün Türk dünyasını, Dünya azərbaycanlılarını təbrik edirəm. Bu coşqum, hisslərim sözlərə sığmır. Mən Azərbaycanın I yerə çıxması anından bu yana yatmıram. Sevincliyəm. Telefonum susmur, təbriklərin ardı-arası kəsilmir. Allah Azərbaycana daim belə günlər, qələbələr nəsib etsin. Bizim üçün ən ali qələbəmiz hələ qabaqdadır. Qarabağ qələbəsi. İşğal altında olan torpaqlarımızın qaytarılan günü, 3 rəngli bayrağımızın doğma Qarabağa sancılan günü bizim ən ali qələbəmiz olacaq. Arzum odur ki, həmin il biz 40 gün, 40 gecə bayram edək. Eldarı, Nigarı təbrik edirəm. Onların konfransda "Dünyada sevgi çatışmır" sözləri məni təsirləndirdi. Doğrudan da belədir. Nə yazıq ki, bu gün sevginin, dostluğun yanında bədxahlıq da var. Amma Azərbaycan həmişə öz işində təmizdir, vicdanlıdır, ədalətlidir, haqlıdır. Düşünürəm ki, haqq olan yerdə də həmişə qələbə var.

Azərbaycanı qələbəyə aparan yol asan olmadı. Biz xalları damla-damla, bir-bir qazandıq. Bizə bu qələbə yaraşır. Düzü qələbə qazanacağımızı həm gözləyirdim, həm də tərəddüd edirdim. Artıq 4 ildir televiziya komissiyasındayam. Hər yarımfinaldan qabaq öncədən səsverməni göndərirdik. Müxtəlif proqnozlar vardı. Ən yaxşı yerləri tutacağımızın da proqnozları var idi. Birinci yeri arzulayırdıq. Azərbaycanın dördüncü dəfə iştirakında qələbə qazanmaq heç də asan deyil. Elə ölkə olmadı ki, bizə səs verməsin. Təbii ki, biz 50 faiz inanırdıq.

Nigarın Türkiyə bayrağı ilə səhnəyə çıxmasına gəlincə, bəlkə də bəziləri onu qınayacaq. Çünki, onu analiz etmək asan gəlir. Amma həmin anda, o stresin şokuni yaşamaq asan məsələ deyil. Bəlkə də, bu üzdən Nigar səhnəyə çıxanda Azərbaycan bayrağı onun digər əlində yox idi. Düzdür, komandamızda Azərbaycan bayraqları vardı. Türk bayrağı da düşünürəm ki, yerinə düşdü. Bu bizdə qısqanclıq oyatmamalıdır. Azərbaycan təkcə özünü yox, həm də kənarda qalan Türk Cümhuriyyətini də təmsil edirdi.

"Eurovision-2011" yarışmasında mənim favoritim Türkiyə idi. Təəssüf ki, onlar finala vəsiqə qazanmadılar. Gürcülər, Sloveniya, İtaliya təmsilçilərinin ifaları super idi. Ukraynanın repertuarı yaxşı idi. Fransızların ifaları yaxşı idi".


Əməkdar artist Aybəniz Haşımova:
"Xalqımızı təbrik edirəm. UğurlarımızIn ardı kəsilməsin. Hamımızın bir adı var, Azərbaycan. Bu adı da yüksəltməliyik. Nigar görünür səhnədə həyəcanlı olub. Əlində təkcə Türk bayrağı olub, Azərbaycan bayrağı olmayıb. Ola bilər çox həyəcanlı olub. Amma çox gözəl olardı ki, onların əlində Azərbaycan bayrağı da olardı. Axı qələbə Azərbaycanın idi. Düzdür, Türk bayrağı da bizimdir. Mən bunu onun həyəcanına bağlayıram. Mənim favoritim Azərbaycan idi. Mən heç vaxt başqa ölkəyə pərəstişkarlıq etmərəm. Azərbaycan bütün ölkələrdən artıqdır və qələbəyə layiqdir.

Bütün xəbərlər Facebook səhifəmizdə