"Ən böyük arzum Kəlbəcərdə gedib, suyundan yenidən içməkdir"

Xalq artisti Alim Qasımov verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, xanəndə son günlər cəbhə bölgəsində yaşananlardan bəhs edib: "Evimizdə iki xanım var, deyirəm ki, əsgər paltarı geyinin. İçəri girən kimi deyirlər filan yer alındı, belə oldu. Bütün xəbərləri mənə çatdırırlar. Eyni zamanda, Cənab Prezident İlham Əliyevin bütün çıxışlarını izləyirəm.

Sevinirəm ki, döyülmüş, qovulmuş, söyülmüş yox, bir insan kimi özümüzü təqdim etdik. Artıq gizlənib yox, üzüaçıq yaşayacağıq. Bizi artıq səfərlərdə, təyyarədə, başqa yerdə sayacaqlar. Əvvəldə bizə bəlkə belə baxmırdılar, amma özümüz özümüzə belə baxırdıq. Tədbirlərdə mənfur qonşuların musiqiçiləri ilə çıxış edirdik, bəzən razılıq vermirdik. Hər zaman dedi-qodulardan qaçırdım.

Bu yaxınlarda Özbəkistanda məni bir festivala münsif seçdilər. Orada düşmənin də olacağını eşitdim. Qorxdum ki, deyəcəklər düşmənlə yan-yana olacam. İmtina etdim. Başqa yerdə də erməni olanda getmirdik. İndi qorxmaq yox, mübarizəyə girişmək lazımdır. Harada erməni var gedib orada konsert verəcəm, mədəniyyətimin üstünlüyü bilinsin. Qorxmamalıyıq, mənəviyyatımızı, idmanımızı qorumalıyıq. Əksinə, bundan sonra deyəcəm ki, orada erməni varsa gəlirəm".

A.Qasımov Qarabağ xatirələrini bölüşüb: "Süleyman Ələsgərov sonuncu dəfə məni Qarabağa aparmışdı. Orada ağacları gördüm, burada qışda ağacları yalandan qarla bəzəyirlər. Orada təbii həmin görünüşdə idi.

Kəlbəcər suyu içmişəm, əsl dərmandır. Ən böyük arzum Kəlbəcərdə gedib, suyundan yenidən içməkdir.

Torpaqlarımız tam azad ediləndən sonra ilk işim ailəm və nəvələrimlə qarış-qarış əsgərlərin ayağı dəydiyi yerlərdən keçmək olacaq. Şuşaya qədər gedəcəm. Qarabağa gedim və Vətənimə baxım".

Bütün xəbərlər Facebook səhifəmizdə