"Komandir dedi ki, ilk Aygünü vurun"

Xalq artisti Aygün Kazımova 1990-cı illərdə cəbhədə döyüşə gedib əsir düşmə təhlükəsindən danışıb. SİA-nın məlumatına görə, o, bu haqda verilişlərin birində bəhs edərək göz yaşlarını saxlaya bilməyib: "Anam, qızım və səhnəyə qayıtmaya bilərdim. Cəbhəyə getmək istəyi uşaqlıqdan məndə var idi. Hətta xəyal edirdim, məşq edirdim ki, mühasirəyə düşərəm. Nə düşünmüşdümsə, başıma gəldi. Mühasirəyə düşmək məqamı da oldu. Könüllü yazılmamışdım, fürsət düşdü və getdim. Anamla sağollaşmağa gələndə artıq formada idim. Qızım anamın qucağında idi. Gözümə ana, uşaq, səhnə, ailə görünmürdü. Axşam vaxtı idi hərbi hissəyə gedirdik, "Niva" maşınında oturmuşduq. Arxada oturmuşdum, sürücü, komandir var idi. Tapşırılan məqamlardan biri o idi ki, nəsə olsa, birinci Aygünü vuracağıq. Deyirdilər ki, əsir düşməmək üçün onu vurmalıyıq. Artıq bununla barışmışdım. Dağın döşü ilə gedirdik, komandir dedi ki, çox və səhv getdik. O sözləri demişdik ki, ratsiyadan başladı ermənilərin səsi gəldi. Dağdan bir-birilərinə siqnal verirlər. Anladıq ki, vəziyyət yaxşı deyil. Komandir dedi ki, birinci Aygünü vurun. Həmin an anam qucağında qızım gözümün qabağına gəldi (ağlayır). Həyatımla barışdım ki, hər şey ola bilər. Çox sakit şəkildə maşını dağın döşü tərəfə sürərək geri qayıtmağa başladıq. Allah bizi qurtardı. Belə anlar bir neçə dəfə olub.

Bu haqda çox danışıb kövrəlmək istəmirəm. Çünki biz hazırda xalq olaraq tamam başqa ruhdayıq. Xalq olaraq bir gözümüz ağlayır, o biri gözümüz isə gülür. Biz belə bir xalqıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Son nəfəsimizə və azərbaycanlımıza qədər döyüşəcəyik. Hətta qadınlarımız belə döyüşə hazırdır. Torpaqlarımızı ermənilərdən geri alacağıq. Artıq yetər, 30 il səbr etdik.

Dünya bu baş verənlərə susmamalıdır. Gəncədə olanlara göz yumulmamalıdır. Deyirik ki, koronavirus niyə var? Bu cür haqsızlıqlara kainat dözmür".

Bütün xəbərlər Facebook səhifəmizdə