"Azərbaycanın başqasının torpağında gözü yoxdur"

"Azərbaycanın başqasının torpağında gözü yoxdur"

Xalq artisti Faiq Ağayev cəbhə bölgəsində baş verən hadisələrdən bəhs edib. SİA-nın məlumatına görə, o, ermənilərə mesaj da göndərib: "Ermənilər bu illər ərzində bir həqiqəti anlamadılar ki, Azərbaycan doğma və müqəddəs torpaqlarının zəbti ilə heç vaxt barışmayacaq. Biz mərhəmət və humanistliyimizi göstərərək demək istədik ki, sülh yolu ilə torpaqlarımızı geri alaq. İstəmədik ki, ölüm və itkilər olsun. Lakin ermənilər elə başa düşdülər ki, torpaqlarımızdan imtina etmişik. Lakin çox yanıldılar. Ermənilər 30 ildir ki, başlarının altına yastıq qoyub, yatmışdı. Elə bilirdilər ki, ömürlərinin sonlarına qədər yatacaqlar. Amma hazırda Azərbaycan tarix yazır. Belə ki, savaş nəticəsində torpaqlarını geri qaytarır. Azərbaycanın başqasının torpağında gözü yoxdur. Biz nizamlı və müzəffər orduya sahib olan dövlətik.

Azərbaycanın şanlı övladları 14 gün bizə qələbə bəxş etdi. Hər bir azərbaycanlı kimi şəhidlərimizin qarşısında baş əyirəm və onların valideynlərinin əllərindən öpürəm. Nə yaxşı ki, belə oğullar böyüdüblər. Şəhidlərimizin qanı yerdə qalmayıb. Onların ruhu hazırda şaddır. Çünki 30 ilə yaxın işğalda olan torpaqlarımız Azərbaycanın ixtiyarına keçib. Odur ki, heç bir haqqımız yoxdur ki, ruh düşkünlüyü yaşayaq. Çünki şəhidlərimizə borcluyuq. Bu ruh düşkünlüyü mövzusunu da kim ortaya atıbsa, Azərbaycana xeyir gətirəcək insanlar və qüvvələr deyil.

Xalq olaraq Prezident İlham Əliyevin yanındayıq. Hazırda Prezidentimiz tarix yazır".

Bütün xəbərlər Facebook səhifəmizdə