Namiq Qaraçuxurlu: “Müğənnilər tənqiddən qorxurlar”- MÜSAHİBƏ

Namiq Qaraçuxurlu: “Müğənnilər tənqiddən qorxurlar”- MÜSAHİBƏ

Meyxanaçı və müğənni Namiq Qaraçuxurlunun SİA-ya eksklüziv müsahibəsi:

 

 - Aygün Kazımova ilə niyə belə oldu?

 

- Nə oldusa hamısı Allahın yazısı idi. Biz də bununla razılaşdıq.

 

- Son zamanlar efirlərdə demək olar ki, görünmürdünüz, bunun səbəbi nə idi?

 

- Novruz bayramında efirdə lap çox göründüm. Daha sonra mənə istirahət lazım oldu. Ona görə də məcbur olub istirahət götürdüm. Bir az burada, bir az da ölkədən kənarda dincəldim. Artıq 2 gündür ki işə başlamışam.

 

- Bəlkə də ola bilsin ki, bu qədər durğunluğun səbəbi sizi sevərlərin gözünü yormamaq idi...

 

- Belə deməzdim. Doğurdan özümü çox yorğun hesab edirdim. Müsahiblər çox olanda, o zaman da başlayırsan adi danışmağa. Ancaq gec- gec olanda daha səmimi olursan. O zaman daha ürəklə müsahibə verirsən. Nəyinsə dadını itirməmək və fiziki yorğunluğu aradan qaldırmaq üçün hərdən kənara çəkilirəm.

 

- Yetərincə istirahət edə bildinizmi?

 

- Həddindən artıq çox yaxşı istirahət edə bildim. Xaricdən 3-4 gün olar gəlmişəm. Tamamilə istirahət etdim, çünki orada telefon yox idi. Baxmayaraq ki, burada populyarlıqdan dincəlmək o qədər də mümkün olmur.

 

- Meyxanadan müğənniliyə keçmək çətin olmadı ki?

 

 - Deyərdim ki, sırf olaraq bu sənətə keçməmişəm. Məni mən eləyən elə meyxana olub. Meyxana mənim canımdadır, bundan uzaq dura bilmərəm. Ancaq hərdən də öz bacarıqlarımı da yoxlayıram. Bütün bunlar sadəcə olaraq mənim bacarıqlarımdır. Sırf müğənni kimi fəaliyyət göstərmək mənim fikrimdə yoxdur. Bu çox çətin peşədir. Meyxana üçün uşaqlığımı, gecə-gündüzümü həsr elədim. Harada ki meyxana səsi eşidirdim, oraya çağırıldım və ya çağırılmadan gedirdim. Müğənnilik elədir ki, yenidən olaraq neçə ilini gərək bura sərf edəsən. Təbii ki, mahnılar oxuduqca daha çox dərinliyinə gedirəm.

 

- Ən azından meyxana demək də çətindir, çünki bu sənətdə sözlər bədahətən gəlir...

 

- Təbii ki, bu Allahın meyxanaçılara verdiyi bir istedaddır. Ancaq Allah verdi, bununla iş bitməməlidir. Bu sahədə bir söz var ki, nə qədər də yaxşı olsan da bu meydan səni tuta bilər. Bir çox meyxanaçılarımız var ki, otaqda yığışıb oturanda çox gözəl meyxanalar deyirlər. Ancaq hər hansı bir məclisə gələndə özlərini itirirlər. Buna görə də təcrübə toplamalısan. Ən azından gərək şeirdən və ya qəzəldən xəbərin olmalıdır. Ancaq onu da qeyd edim ki, qəzəliyyata, mütaliəyə daha çox bağlananda o zaman özünə qapanırsan. Bu sənətdə də özünü bu hal biruzə verir. Baxmayaraq ki, bir çoxları bunu etiraflar etmirlər. Yeni fikir söyləyən insanları çox sevirəm. Misal olaraq Əliağa Vahid niyə bu qədər tarixdə qaldı? Çünki o yenilik və təbii ki, ilk olaraq öz sadəliyi ilə bir yenilik gətirdi.

 

- Bir çox mahnılarınızın bəstəkarı özünüzsünüz, bu hal peşəkarlar tərəfindən necə qarşılanır?

 

- Əvvəlki mahnılarımı deyə bilmərəm, ancaq indiki bütün mahnılarımı bir neçə ildir ki, mütləq məsləhətləşirəm. Efirdə bütün günü mahnıları tənqid edən bəstəkarlarımız var, təəssüflər olsun ki, cavanları yaxın buraxmırlar. O mənada ki, misal olaraq zəng edirsən bir az çox yuxarıdan danışırlar. Düşünürəm ki, bəstəkarlarımız onlara da şərait yaratmalıdırlar. Elə bəstəkarlarımız, aranjemançılarımız var ki, onlar həm də musiqiçidirlər. Təbii ki, yeni mahnılar olduqda onlarla məsləhətləşirsən. Məsləhət verənlər də olur, və nəticəsini də görürəm. Həmin mahnılar daha çox sevilir.

 

 - Bəstələdiyiniz mahnıları niyə başqalarına da vermirsiniz, bəlkə paxıllıq edirsiniz?

 

- Paxıllıq bir az var(gülür...) Hərdən olur ki, düşünürəm ki, bu mahnını filankəs üçün yazmışam. Sonra mahnıya baxıb deyirəm ki, yazmışamsa, qoy elə özüm də oxuyum. Ancaq elə mahnılarım var ki, onları bir neçə müğənnilər istəyib. Həmin mahnılar mənim arxivimdədir. Misal olaraq Elnur və bir çox müğənnilərimiz mahnı istəyib. Onu da xüsusi qeyd edim ki, nədənsə bu fəaliyyətdən bir az çəkinirəm. Mahnı və şeir elə bir şeydir ki, sifarişlə yaranmır. Misal olaraq elə bir müğənni olub ki, məndən söz istəyib. Yazdığım mahnının sözləri dilə çox yatımlı olur.

 

- Bizim sənət aləmində sizin kimi həm bəstələyib həm də oxuyan ifaçılarımız demək olar ki, azdır. Misal olaraq Ədalət Şükürov, Niyaməddin Musayev. Bəs siz özündən başqa belə sənətçilərdən kimi bəyənirsiniz?

 

 - Düzünü deyim ki, Niyaməddin Musayevin dəsti xəttinin çox bəyənirəm. Təəssüflər olsun ki, indiki gənclərimiz daha çox qərb musiqisini dinlədikcə belə şeylərdən uzaqlaşırlar. Buna real yanaşmaq lazımdır.

 

- Həm özü bəstələyən, həm də özü oxuyan sənətçilərimizin sayı niyə azdır?

 

 - Ola bilsin ki, indi dediklərim təvazökarlıq kimi çıxacaq, ancaq bunun üçün bir istedad olmalıdır. Digər tərəfdən də bizim müğənnilər tənqiddən qorxurlar. Misal olaraq 2 il bundan əvvəl sözləri Sona Vəliyevaya aid "Qəmli gözlər" adlı lirik bir mahnı oxudum. İlk öncə bu mahnını oxumağa risk etmirdim. Lakin sonra bunu ifa etdim və çox yaxşı da nəticəsi oldu. Bu mahnıdan sonra lirik ifalara üstünlük verdim. Tənqidlərin nə qədər xeyri varsa da bir o qədər də ziyanı var.

 

- Əvvəllər deyirdilər ki, Namiq Aygün Kazımova görə tanındı, bu nə dərəcədə düzgündür?

 

 - Elə indi də deyirlər. İnsanların düşüncəsi eyni deyil. Artıq xanımlardan çox kişilər də bununla məşğul olurlar. Bəlkə də ola bilsin ki, bu qısqanclıqdan irəli gəlir. Bu fikirlər məni qıcıqlandırmır. O mənim dostumdur. Hər zaman demişəm ki, Aygündən çox şey öyrənmişəm. Ancaq mənim populyar olmağımın bura heç bir aidiyyəti yoxdur. Bu layihəmiz alınması idi təbii ki, başqa proyektlərimiz də olacaqdı. Hərdən təəssüflənirəm ki, jurnalistlər mənim əvvəlki yaradıcılığımla maraqlanmırlar. Hər iki tərəfdən bir- birimizə dəstək olmuşuq. Hətta onu deyə bilərdim ki, Aygün Kazımovanı tanımayandan qabaq Şəfa stadionun da konsertim olub. Hansı ki 7200 nəfərlik yerlərdən heç bir yer boş qalmamışdı.

 

- Bəlkə də sadəcə olaraq Aygün Kazımovanın sizin yaradıcılığınıza dəstəyi olub...

 

- Onun mənim sənətimə yanaşmasına təsiri vardı. Çünki bəzi vaxtlar yaradıcılığa marağım azalırdı və o mənə dəstək olurdu.

 

- Onu da qeyd edək ki, hətta sizinlə iş birliyi qurandan sonra o da sizin sahəyə maraq göstərirdi...

 

 - Heç vaxt bu haqda efirdə danışmamışam. Aygün xanımın mənim yaradıcılığımda çox böyük rolu olub. Ancaq onun hesabına populyar olmağım qətiyyən düzgün deyil.

 

- Meyxanadan bu sahəyə keçməsəydiniz bugünkü qədər populyar ola bilərdinizmi?

 

- Bilmirəm. Ancaq düşünmədən fikirləşərdim ki, hardasa yox. Bir yandan da düşünürsən ki, meyxana da olmasa idi, o zamanda meyxana ilə nəsə edə biləcəkdim.

 

- Yəqin ki, Aygün Kazımova ilə birgə iş fəaliyyətiniz hələ də davam edir...

 

- Əlbəttə ki, davam edir. Hətta bizim yeni lirik mövzuda duet yazdırırıq. Mahnının adı məlum olmasa da mövzu insanın taleyindən gileylənməyi haqqındadır.

 

- Aygün Kazımovadan başqa kim ilə duet oxumaq barəsində düşünürsünüzmü?

 

- Murad Sadıqla bir duetimiz hazırlanır. Duetin adı "Mən ağlamaq üçün yaranmışam" adlanır. Bunu ilk olaraq indi deyirəm ki, Elnurla söhbətlər yeni duet oxumaq barəsində gedir. Bununla yanaşı, heç bir xanım müğənnilərdən heç kimlə duet oxumaq fikrində deyiləm. Əgər kiminləsə duet oxuyacağamsa, gərək bunu inandırıcı şəkildə edəsən ki, yaxşı alınsın. Misal olaraq Aygün Kazımova ilə oxuduğumuz "Sevirəm" dueti hamının xoşuna gəlmişdi. Ondan başqası ilə duet ortağı olacağımı görmürəm.

 

- Bəlkə elə doğurdan da sevirdi sizi?

 

- Bəlkə də (gülür...)

 

 - Ən azından o daha da çox etiraflar edirdi, ancaq siz yox. Niyə?

 

- Mən şəxsi məsələlərə çox toxunmaq istəmirəm. Onun necə xarakterli biri olduğunu bilirsiniz. O, öz xarakterinə uyğun hərəkət edirdi, mən də öz xarakterimə uyğun.

 

- Ancaq 7 il də az müddət deyildi....

 

- Təbii ki müddət az deyildi.

 

- Bəlkə Aygün Kazımovanı sevdiyinizi bu gün etiraf edəsiniz?

 

 - (gülür...) Mahnılarımda bu haqda yetərincə demişəm.

 - Bir vaxtlar yerli mətbuatlar yazmışdı ki, siz evlisiniz, hətta iki övladınızda var...

 

- Bu barədə çox yazılıb və danışılıb. Bütün bunlara aydınlıq gətirdikcə mənə ziyan verənlərin sayı daha artır. Bu barədə danışmaq istəmirəm.

 

- Namiq Qaraçuxurluya paxıllıq edənlər çoxdu?

 

 - Lap çoxdur.

 

- Bunların qarşısını necə alırsınız?

 

 - Bütün bunlara adi yanaşıram. Artıq öyrəşmişəm. Baxmayaraq ki, əvvəllər bu hal mənə pis təsir edirdi. Ancaq indi tam normal qarşılayıram. Yəqin ki, nailiyyətlərimin sayı çoxdur deyə paxıllıqlarımı da çəkənlər olacaq.

 

- Özünüzü bu həyatda qalib sayırsınız?

 

- Bəli. Mən bu sahədə müəyyən sərhədləri aşa bildim. Baxmayaraq ki, qarşıma çox problemlər çıxdı. Çox şükürlər olsun ki, çox ayıq birisiyəm. Sənət adamlarına məsləhət vermək çox təhlükəlidir.

 

- Dostunuz Zirəddin Rzayevlə münasibətlər necədir?

 

 - Ona hörmətim sonsuzdur. O çox istedadlı bir şəxsdir. Baxmayaraq ki, onun dediklərinə qulaq asıram, ancaq elə şeylərə o qədər də inanmıram. Ancaq buna baxmayaraq onun dediklərinin əksəriyyəti düz çıxır. Mənimlə bağlı elə sözlər deyib ki, sözün əsl mənasında şoka düşmüşəm. Ancaq belə ona heç vaxt zəng edib heç nə soruşmamışam.

 

- Şou- biznes aləmində son zamanlar dəb halını alan qara siyahıdan sizdə də varmı?

 

 - (gülür...) Qara deməzdim, ona açıq qara siyahı deyərdim. Elə insanlar var ki, onları öz beynimin bir küncünə yazmışam. Misal olaraq bu insanla dostluq etmək olmaz və ya ona inanmaq düzgün deyil.

 

- Ad çəkə bilərsiniz?

 

 - Ad çəkə bilmərəm, çünki ola bilsin ki, fikrimdə yanılım.

 

- Bəs, sizin kiminsə qara siyahısına düşmüsünüz?

 

 - Bunu deyə bilmərəm. Bəlkə də olub. Bir ara Röya ilə münasibətim pis idi. İndi hər şey yolundadır.

 

- Belə çıxır ki, qalmaqallarla aranız yoxdur?

 

- Qətiyyən aram yoxdur. Bəziləri doğurdanda mənimlə qalmaqala düşmək istəyir. Belələri əsasən həmkarlarımdır. Onlarla da qalmaqallara girmirəm, çünki onlar pis sözlər çox eşidiblər və hər şey adiləşib. Heç vaxt belə şeylərə baş qoşmuram.

 

- Ancaq onu da qeyd edək ki, bəziləri son zamanlar qalmaqalları adi hala çeviriblər ki, gündəmdə qalsınlar, buna münasibətiniz?

 

- Hazırda efirdə mahnılar kliplər az nümayiş olunur. Onu da xüsusi deyim ki, hazırda kim mahnı və ya klipini efirə versə özünü tutacaq. Yəqin bu hal müğənnilərin həyatına girən böhranla əlaqədardır (gülür...). Düşünürəm ki, bundan sonra qalmaqalların sayı efirlərdə daha çox olacaq. Hətta iş görən müğənnilər də bu gün iş fəaliyyətlərini dayandırıblar. Bu da onların maddi vəziyyətlərinin aşağı olmasından irəli gəlir. Hamı bu gün sponsor axtarır. İndi televiziyalarda pul mühüm rol oynayır. Efirlərimizdə çalışsınlar ki, sənətkarlarımız daha çox görünsünlər.

 

- Bu sahəni yaxın 3-4 il ərzində necə görmək istəyirsiniz?

 

- Bu sahənin insanları yaradıcılıqla çox məşğul olmalıdırlar. Pul gücünə efirə çıxmaq olmaz. Senzuranın tərəfdarı deyiləm. Ən azından bilirik ki, hətta Bədii Şuraya da kiminsə əlləri çatır. Təsəvvür edin ki, bu gün bizdə paparassi yoxdur. Hər bir kəsin adamı var ki, zəng edib tapırlar ki, filankəs haqqında olan məlumatı silin. Kimin ki arxasında duran adamı yoxdursa, o zaman onun başından basırlar. Əxlaqını, mənəviyyatını itirən insanları efirə buraxmaq olmaz. Çünki ən azından onlar sonradan əxlaqdan danışırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə