Faytonçu Nazim: “Əmin deyiləm ki, 2000 min nəfərlik konsert zalına yetərincə tamaşaçı yığa bilim”- MÜSAHİBƏ

Faytonçu Nazim: “Əmin deyiləm ki, 2000 min nəfərlik konsert zalına yetərincə tamaşaçı yığa bilim”- MÜSAHİBƏ

"Faytonçu Nazim" ləqəbli Nazim Pişvərinin SİA-ya eksklüziv müsahibəsi:

- Yeni təqdim etdiyiniz klipiniz haqqında nə deyə bilərsiniz?

- Klipim "Gün keçdi" bədii filminin saundtreki olan "Bir axşam..." mahnısına çəkilib. Mahnını rejissor Ülviyyə Könül ekranlaşdırıb. Göründüyü kimi, klipdə tərəf müqabilim Olqa adında xanımdır. Olqa Ukraynanın tanınmış modeli və aktrisasıdır. Bir çox seriallarda iştirak edib. Onu məxsusi olaraq Ukraynadan klip çəkilişlərinə dəvət etmişik. O, 2 gün çəkiliş üçün 3000 avro qonorar alıb. Bunu da ictimaiyyətdən gizli saxlamırıq. Klipdə taksi sürücüsü Elçin rolunda çıxış edirdim. Klipin süjet xətti gecikmiş məhəbbətin nostalji hisslərindən bəhs edir və mahnını ilk dəfə xalq artisti Flora Kərimova ifa edib. Klipin ssenari müəllifi Azər Baxşəliyevdir. Mahnının aranjemanı rəhbəri olduğum Kainat musiqi ansamblına məxsusdur.

- Niyə məhz ukraynalı model?

- Onunla Moskvada keçirilən məclislərindən birində tanış olmuşdum. Ona təklifimi edəndə mənə demişdi ki, əgər mahnı və ssenari məni qane etsə o zaman çəkilməyə hazıram. Görünür ki, mahnı xoşuna gəlib və təklifimizi qəbul etdi. Düşünürəm ki, bu qızı seçməkdə məqsədim o idi ki, Azərbaycanda görünməyən sima olsun. Hər zaman çalışmışam ki, keyfiyyətli iş görüm. Maliyyə tərəfi mənim üçün elədə önəmli deyil.

- Bu klipin uğurlu nəticəsinin olmağına inanırsınız?

- Klipin yetərincə uğur qazanacağını Allah bilir. Ən azından ümid edirəm ki, bu klip seviləcək. Bu işin ərsəyə gəlməsi üçün əziyyət çəkmişik. İnanıram ki, nəticəsi də yaxşı olacaq.

- Bu günə qədər neçə klipiniz olub?

- Dəqiq yadımda olmasa da 10-12 klipim olmalıdır.

- Həmin kliplərin içərisində ən yadda qalan ifanız hansı mahnı olub?

- Düşünürəm ki, "Faytonçu" daha yadda qalıb.

- Elə buna görədir ki, Nazim deyəndə ilk yada Faytonçu Nazim düşür...

- Bəli.

- Yaradıcılığınızda demək olar ki, ancaq lirik və retro mahnılar üstünlük təşkil edir. Buna səbəb nədir?

- Mənim repertuarımda retro mahnılardan ibarət silsilə bir toplu var. Ələkbər Tağıyevin, Fikrət Əmirovun, Oqtay Rəcəbovun bəstələdiyi mahnılar bu topluda yer alıb. 1968-ci ildə dünyaya gəldiyimə görə daha çox o zamanın bəstələrinə üstünlük verirəm. Çünki mənim bir insan formalaşmağımda o mahnıların xüsusi rolu olub. Bu cür mahnılarda öz ruhuma yaxın notlar, çalarlar görürəm. Buna görə də bu mahnılar həyatımın ayrılmaz hissəsinə çevriliblər. Onu da qeyd edim ki, həyatda çox romantik bir insanam.

- Ancaq bunlara baxmayaraq yəqin ki toy məclislərində ritmik mahnılar ifa edirsiniz...

- Təbii ki, toy məclislərinə gedəndə çalışırıq ki, onların zövqlərini oxşayan mahnılar ifa edək.

- Son zamanlar gündəmdə olan "Can cana" mahnısını da ifa etmisiniz?

- Bu mahnını heç bir toy məclisində ifa etməmişəm və etmərəm də. Mən hansısa toy məclislərinə gedəndə özümə bu tipli müəyyən mahnıları oxumağa qadağa qoyuram. Hər zaman məclis sahiblərindən xahişim və tələbim olur ki, bu kimi mahnıları ifa etməyəcəm.

- Ancaq onu da deyə bilərik ki, bu mahnı toy məclislərində ən çox sifariş olunan ifalardan biridir...

- Teleməkanlarda bu cür suallarla dəfələrlə mənə müraciət olunub. Hər zaman da təkrar edirəm ki, məni toylarına dəvət edən insanlar bilirlər ki, Nazim hansı tipdə mahnılar ifa edir. Bu səpkilərdə mahnılar ifa etmirəm. Demirəm ki, bu tip mahnılar pisdir. Sadəcə olaraq mən belə mahnılar ifa etmirəm. Ola bilsin ki, bu mahnının ifaçıları da mənim ifalarımı bəyənməsinlər. Bütün bunlara çox normal baxıram. Belə mahnıları oxumağa özümə ehtiyac duymuram.

- Misal olaraq "Ay canı yanmış" mahnısının ifaçısı Manaf Ağayev ən çox toy məclislərinə və digər xarici ölkələrə dəvət olunanlar sırasındadır....

- Hər müğənninin və mahnının öz auditoriyası var. Manaf Ağayevlə münasibətimiz çox yaxşıdır. Ancaq bunlara baxmayaraq heç vaxt onun repertuarına müraciət etmirəm. Həmçinin o da mənim. Mən istəsəm də o mahnıları onlar kimi ifa edə bilməyəcəm. Ən azından gülünc vəziyyətdə qalmamaq üçün gərək o mahnıları ifa etməyim.

- Baxmayaraq ki, qalmaqallarda az olursunuz, ancaq ən yadda qalan qalmaqalınız Elariz Məmmədoğlu ilə olmuşdu...

- Şou- biznes yaranandan cəmi 2 nəfərlə qalmaqalım olub. Onlardan biri Ədalət Şükürov, digəri isə Elariz Məmmədoğlu olub. Ancaq bugünkü gündə onların ikisi ilə sıx və yaxınlıq əlaqələrimiz var. Artıq aramızda olan neqativ hallar hifz olunub. E. Məmmədoğlu ilə bizim aramızı vuran 3-cü şəxs var idi. İlkin adlı həmin səs rejissoru məndən ona, ondan da mənə lazım olmayan ürək bulandırıcı sözlər aparıb gətirirdi. Hnası ki həmin sözləri nə mən, nə də ki, Elariz deməmişdi. Həmin dedi- qodular idi ki, bizim aramızda soyuq müharibəyə gətirib çıxartmışdı. Klip təqdimatıma Elarizi, Elariz də öz qızının toy məclisinə məni dəvət etmişdi.

- Onu da deyək ki, şou- biznesdə qalmaqal etmək adi hala çevrilib, sizcə bu gündəmdə qalmaq üçün bir vasitə deyil?

- Reklamın da bir neçə növü var. Bəziləri bunlara qara piyar, ağ piyar, hətta bəziləri də deyir ki, anti- reklamın özü də reklamdır. Hər bir insanın öz düşüncəsi və yolu var. Mən heç vaxt nəyisə reklam xatirinə etməmişəm. Əgər mən kimləsə ədavətdə olmuşamsa, deməli həqiqətən də olub. Bəlkə də ola bilsin ki, tamaşaçılar mahnılarımda məni yumşaq biri kimi tanıyırlar, ancaq həyatda əksinə əsl kişi xarakterlərinə malik olan bir insanam. Bu sənətdə olan hansısa kişi müğənnilərinin sağa və ya sola büdrəmələrini anlaya bilmirəm. Heç vaxt özümə yüngül və cılız qara piyarla məşğul olmağı yaraşdırmaram. Bəlkə də fikir vermiş olarsınız ki, hər zaman efirdə olmuram. Çünki tamaşaçıların gözünü yormaq istəmirəm. O prinsiplə yaşayıram ki, mən həm varam, həm də yoxam. Bugünkü gündə elə sənətkarlarımız var ki, yaşları 60-ı keçib, ancaq səhnədə atlanıb düşürlər. Onlara baxanda fikirləşirəm ki, onlar bu hərəkətləri edəndə düşünmürlər ki, ona evdəkilər baxıb nə deyir?

- Həmin sənətkarların adlarını çəkə bilərsiniz?

- Onlar həyatlarının elə bir yaş dövrünü yaşayır ki, mənim sözüm onların səhhətlərində müəyyən problemlər yarada bilərlər. Buna görə də ad çəkmək istəmirəm.

- Şou- biznes nümayəndələrinin işlətdiyi qara siyahıdan sizdə də varmı, əgər varsa həmin siyahıya kimləri əlavə etmisiniz?

- Mənim qara siyahım yoxdur. Çünki bu aləmdə mənim dostum yoxdur. Ona görə də qara siyahımda ola bilməz. Bu aləmdə mənim sadəcə həmkarlarım var. Misal olaraq İlqar Muradovla, Eyyub Yaqubovla, Arzu Rzayevlə, Lalə Məmmədovla ailəvi müəyyən tədbirlərdə görüşürük. Dost sözünə bir az qlobal yanaşıram. Çünki hər insana dost demək olmur. Çünki dost dediyin hər iki cinsin nümayəndələri tərəfindən xəyanətlər görə bilərsən.

- Dostunuz olmasa da yəqin ki rəqibləriniz olar....

- Hamı bu sahədə bir- birinə rəqibdir. Bütün müğənni ordusunu özümə rəqib görürəm. Onlarda özlərinə məni rəqib görə bilərlər. Təbii ki, söhbət mənim həmyaşıdlarımdan gedir.

- Dedi- qodu ilə məşğul olan müğənnilərə nə məsləhət görərdiniz?

- Dedi- qodu da olmalıdır bu aləmdə. Bu şou- biznesin qanunlarından biridir. Bütün bunlar olmasa heç nəyin marağı olmaz. Bütün xarici dövlətlərdə də bu hallar mövcuddur. Edə bilərlər, ancaq çalışasan ki, öz simalarını itirməsinlər. Misal olaraq mənim Elarizlə olan qalmaqalım illərlə çəkdi.

- Hansısa xarici ölkələrə gələcəkdə qastrol səfəri etməyi planlaşdırırsınızmı?

- Yaxınlarda hələ ki qastrol səfərinə çıxmağı nəzərdə tutmuruq. Buna baxmayaraq bir çox layihələrimiz var. Belə ki, rəhbərlik etdiyim "Kainat" ansamblı ilə bir neçə muğamlar üzərində işləyirik. "Rast" muğamı üzərində qurulan rast kompozisiyasını, "Bayatı şiraz" muğamı üzərində qurulan bayatı şiraz kompozisiyası layihələri işləyib başa çatdırmışıq. Hazırda isə rahat muğamı üzərində bir kompozisiyasını da hazırlayırıq.

- Yeni nə kimi mahnılar üzərində çalışırsınız?

- Hazırda 3 mahnı üzərində işləyirəm. Bunlardan biri "Faytonçu" tipli bir mahnı olacaq ki, bu bəstənin sözlərini Rafael Dadaşov yazıb. Mahnı Bakımızla bağlı olub müəyyən atributlarla əlaqələndiriləcək.

- Solo konsert verməyi düşünürsünüzmü bu yaxınlarda?

Mən klub xarakterli konsert verməyi daha çox sevirəm. Açığı deyim ki, əmin deyiləm ki 2000 min nəfərlik konsert zalına yetərincə tamaşaçı yığa bilim. Söhbət özümə inanmamaqdan getmir. Sadəcə olaraq bilirəm ki, mənim tamaşaçı auditoriyam böyük deyil. Çünki mənim ifa etdiyim mahnılar bugünkü günün tempinə uyğun deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə