Xalq artisti Firəngiz Mütəllimova: “Şuşadan ən çox qarlı günlərim yadımda qalıb” – AÇIQLAMA

Xalq artisti Firəngiz Mütəllimova: “Şuşadan ən çox qarlı günlərim yadımda qalıb” – AÇIQLAMA
8 may. Bu tarixdə düz 19 il tamam olur ki, mənfur düşmənimiz olan ermənilər Azərbaycanın dilbər guşələrindən sayılan Şuşa şəhərini işğal edib. Şuşalılar xatirələrə dalıb, tarixin o günlərini bir daha yaddaşlarında təzələyirlər. Bu sırada xalq artisti - aktrisa Firəngiz Mütəllimovanın da adı var. Sənətkar SİA-ya xatirələrini olduqca təsirli sözlərlə bölüşdü: "Şuşadan ən çox qarlı günlərim yadımda qalıb. İnanın qar yağanda bir başqa gözəlliyə bürünürdü bu şəhər. Yadımdadır, həmişə gözləyirdik ki, qar ərisin. Amma may ayında da bəzi yerlərdə buzlar ərimirdi. Şuşamın hər küçəsini, hər məhləsini olduğu kimi xatırlayıram. Bir dəfə atamın 55 illik yubileyini qeyd edəndə, atışma baş verdi. Atam heç kimə xəbər vermədən məni Ağdama gedən mikro-avtobusla Bakıya yola saldı. Yol boyu ermənilərin törətdiyi vəhşiliklərin canlı şahidi olduğumdan, həmin anları yada salmaq belə istəmirəm. Şuşalılar həm də özlərinə məxsus mətbəxləri ilə seçilirlər. Əgər evimizdə hind toyuğu kəsilirdisə, mütləq birinci onu qarın altında basdırıb, sonra bişirirdik. Bu başqa ləzzət verirdi bişirilən xörəyə. İndinin özündə də Şuşa xörəklərini hazırlayıram. Və qonağım olan hər kəs məndən ancaq bu təamları hazırlamağımı xahiş edirlər".

Şuşa başda olmaqla digər işğal altında olan torpaqlarımızın sülh yolu ilə azad olunmasının tərəfdarı olan Firəngiz xanım, ən böyük arzusunu da dilə gətirdi: "Söz vermişəm ki, hansı fəsil olmasından asılı olmayaraq Şuşa işğaldan azad olan kimi ayaqyalın Mədəniyyət Sarayının qarşısında rəqs edəcəyəm. Qoy bu arzumu Allah-Təala qısa zaman kəsiyində həyata keçirsin. İstəmirəm bir daha qan tökülsün. Bilirəm ki, ölkə başçısı İlham Əliyevin yürütdüyü müdrik siyasəti sayəsində, biz torpaqlarımızı sülh yolu ilə azad edəcəyik. İnanın, əsl bayramlarımız da bundan sonra qeyd olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə