Dünyanın ən gənc milyarderi ilk evini alıb

Dünyanın ən gənc milyarderi ilk evini alıb
"Facebook" sosial şəbəkəsinin banisi Mark Tsukerberq nəhayət ki, özünə ev alıb. 26 yaşlı milyarder 7 mln. dollar ödəməklə Kaliforniyanın Palo-Alto şəhərciyində ilk mənzilə sahib olub. SİA-nın xəbərinə görə, "Crescent Park" məhəlləsində yerləşən ikimərtəbəli evin sahəsi 522 kv. metrdir. Evdə 5 yataq otağı, 5 vanna otağı, qonaq otağı, musiqi otağı, mətbəx və bir neçə daş soba yerləşir. Evin 0,159 hektar ərazisində hovuz və kabab çəkmək üçün yer də var.

Mark Tsukerberqin aldığı mülk 1866-cı ildə tikilib. Sonralar dəfələrlə yenidən qurulub və müasirləşdirilib. Bu, sonuncu dəfə 2007-ci ildə baş verib. Ev "Facebook"un Menlo-Parkdakı yeni mənzil-qərargahı yaxınlığındadır.

Son vaxtlara qədər müxtəlif ünvanlarda kirayə yaşayan Mark Tsukerberq "Forbes" jurnalının versiyasında ən gənc milyarder sayılır. Ötən ilin sonuna onun varidatı 6,9 mlrd. dollar həcmində qiymətləndirilib. Dünyanın ən nəhəng sosial şəbəkəsi olan "Facebook"da 600 mln. istifadəçi qeydiyyatdan keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə