Məşhur aparıcı və aktyor: "Dolaşıb pul yığırlar, gələnlər də bir əl vurur, iki əl vurur..."

Məşhur aparıcı və aktyor: "Dolaşıb pul yığırlar, gələnlər də bir əl vurur, iki əl vurur..."

Musiqili Komediya Teatrının aktyoru və populyar aparıcı Çingiz Əhmədov müsahibə verib.


- Həm teatrda, həm də televiziyada çalışırsınız. Üstəlik, toylarda iştirak edirsiniz, aparıcısınız. Bu cür gərgin iş qrafikində özünüzü necə hiss edirsiniz?


- Şükür Allaha, yaxşıyam. Sadəcə olaraq, ümumi işlərlə və ailə məsələləri ilə bağlı yorğunçuluq olur. Amma yorğun vəziyyət olsa da, yenə də şikayətim yoxdur.


- Ölkəmizdə teatr sahəsində müəyyən islahatlar oldu. Həmin islahatlar teatrda çalışan şəxslərin, xüsusiylə, aktyorların işlərində nə kimi dəyişikliklərə səbəb oldu?


- Əvvəla, Musiqili Komediya Teatrında biri-birindən maraqlı tamaşalar səhnələşdirilir. Həmin tamaşaların əksəriyyətində rol alıram. Mərhum sənətkarımız Hacıbaba Bağırovun dəvəti ilə 2004-cü ildə Musiqili Komediya Teatrına qayıtdım. Rəhmətlik bütün imkanları və şəraiti mənim üçün yaratdı. Allah ona rəhmət eləsin! İndiki müdiriyyətdən də narahatçılığımız yoxdur. Şükür Allaha, işləyirik. Hazırda çalışdığım Musiqili Komediya Teatrı təmirə bağlanıb. Ona görə də dardayıq. Çünki ya S.Vurğun adına Rus Dram Teatrında, ya da Gənc Tamaşaçılar Teatrında səhnəyə çıxırıq. Amma ümumi yerimiz Dənizçilər Evidir.

Hazırda rus yazıçısı Nikolay Vasilyeviç Qoqolun "Evlənmə" əsərinin əsasında tamaşa hazırlanıb. Tamaşa artıq bir neçə dəfə göstərilib. Tamaşanın rejissoru Bəhram Osmanova minnətdaram ki, o, məni "Evlənmə" tamaşasında dəyişdi.

İslahatlara gəldikdə isə, onu deyə bilərəm ki, teatrımız təmirə bağlandığından elə də prestijli iş görə bilmirik. Sözsüz ki, bu cür irəliləyişin olması hər bir sənət adamı üçün sevindirici haldır. Biz də həmin şəxslərin sevincinə qoşuluruq. Sözüm odur ki, narahatçılığımız yoxdur.


- Hazırda aparıcısı olduğunuz "Toylar kralı" verilişinin ilk aparıcısı Kamran Həsənli idi. Necə oldu ki, Kamran Həsənlidən sonra sizə müraciət olundu?


- 5 il "Yeriniz məlum" verilişinin aparıcısı oldum. Amma təklif gözləyirdim. Tale belə gətirdi ki, müəyyən fasilələrdən sonra yenidən məni işə - "Toylar kralı" verilişinə aparıcı kimi dəvət etdilər. Mən də fikirləşmədən dəvəti qəbul etdim.
Nəyə görə? Əgər yadınızdadırsa, Sovetlər Birliyində "Pole çudes" verilişi vardı ki, həmin verilişi rəhmətlik Vladislav Listyev aparırdı. Sonra Yakuboviç verlişin aparıcısı oldu. O zamanlar tamaşaçıya qaranlıq qalırdı ki, Yakuboviç verilişi apara biləcəkmi?! Amma Yakuboviç verilişin öhdəsindən gəldi. Bu baxımdan mənim heç bir narahatçılığım yoxdur.

Sənətinə hörmət etdiyim və sevdiyim, mərhum sənətkarımız Nəsibə Zeynalovanın çox gözəl bir sözü vardı: "Aktyorda, müğənnidə, aparıcıda "İdi ko mne! (mənim yanıma gəl!)" olmalıdır." O, demək istəyirdi ki, gərək, aktyor tamaşaçını özünə cəlb etməyi bacarmalıdır. "Şeytan tükü" deyirlər... Şükürlər olsun ki, həmin "Şeytan tükü" məndə var. Maşallah, "Toylar kralı" verilişinin reytinqi yüksəkdir. Hamı maraqla izləyir. İnşallah, belə qərara gələrlər ki, sentyabr ayında "Toylar kraliçası" verilişinə bir daha başlayaq. Həmin verilişin də aparıcısı olacağam.
"Toylar kralı" verilişi efirə getməzdən əvvəl seçim turu oldu. Seçim turuna 107 nəfər qatılmışdı, sonda isə onlardan 20 nəfəri seçə bildik. Münsiflər heyətində mənimlə yanaşı, əməkdar artist Sabir Əliyev, xalq artisti Qəndab Quliyeva, xalq artisti Ceyran Haşımova və Əli Mirəliyev vardı. Çalışırdıq ki, tamaşaçının qarşısına elə ifaçıları çıxaraq ki, utanmayaq. Onu da bildirim ki, bəzi sənət adamları bizə zəng edib iştirakçıları seçim turundan keçməsi üçün xahiş edirdilər. Bir nümunəni diqqətinizə çatdırım: həkim və aktyor. Həkim xəstəni ya sağaldacaq, ya da ki məsuliyyətsizlikdən öldürəcək. Aktyorluq sənəti isə güzgüdür. Aktyor səhnəyə çıxır, tamaşaçı qarşısında çıxış edir. Tamaşaçıda səni ya qəbul edəcək, ya da ki qəbul etməyəcək...
Onu da deyim ki, yeni maraqlı şou-layihə də olacaq. Layihə verilişdən ibarətdir. Layihə haqqında qısa olaraq onu deyə bilərəm ki, həm tamaşaçılarla, həm də ki tanınmış simalarla görüşlər olacaq.

"Hind mahnılarını sökürəm..."


- Çingiz Əhmədov aktyordu, yoxsa müğənni-ifaçı?


- Çingiz Əhmədov aktyordu. Əslində aktyor-vokalistəm. Niyə? Birincisi, teatrda ştatda vəzifəm aktyor-vokalist kimi qeyd olunub. İkincisi isə aktyor sənətinə gəlməzdən əvvəl Nazim Ağayevin "Qırmızı qərənfil" ansamblında solist olmuşam. Bu, 7-9-cu siniflərdə oxuduğum illərdə olub. Sonra isə tale elə gətirdi ki, universitetə aktyorluq fakültəsinə qəbul olundum. Bu günə qədər bir çox sənətçilərimiz - Aftandil İsrafilov, Zaur Rzayev və başqaları mənə deyirlər ki, ağlın olmayıb, kaş müğənni olaydın. Səsim var, oxumağın qaydasını da bilirəm. Əsasən də hind mahnılarını "sökürəm" (gülür). Hətta, elə bir toyda iştirak etmişdim ki, qonaqların əksəriyyəti - 120 nəfərə yaxın hindlilər, 30-40 nəfərə yaxın isə Masallı camaatı idilər. Orada hind mahnılarını elə ifa etmişdim ki, hindlilər çaşmışdılar. Aydınlaşdıra bilmirdilər ki, hindliyəm, yoxsa azərbaycanlı.


- Ümumiyyətlə, toy və səhnə mədəniyyəti var. Sizcə, toyda oxunulan mahnı səhnəyə yaralıdırmı? Yoxsa əksinə...


- Aydın məsələdir ki, toydursa, banketdirsə - yerinə uyğun mahnılar oxunulmalıdır. Amma yerindən asılı olmayaraq uyğun olmayan mahnını qonaqlar-müştərilər istəyirlərsə, müğənni də camaatın nazı ilə oynayıb, istədiklərini oxumalıdır. Səhnədə toy mahnısını oxumaq olmaz. Bu müşkül məsələdir. Səhnədə nə qoyulursa, o da oxunmalıdır.

Məsələn, bəstəkar Süleyman Ələsgərovun "Kələkbazlar", Marat Haqverdiyev-Ramiz Mirişlinin "Qısqanc ürəklər" əsərlərində aktyor həmkarım Məhərrəm Qurbanovla orkestrın müşayiəti ilə mahnıları canlı ifa edirik. Bundan əlavə, yazıçı Anarın "Aldın payını, çağır dayını" əsərində bəstəkar Vasif Adıgözəlovun mahnılarını ifa edirik. Sadaladığım bu əsərlərin bəstəkarların mahnılarını aktyorlar obraza girərək oxuyurlar. Toyda isə bu mümkün olan deyil.

Özü görəndə çağırardı: "Adə, bura gəl!"


- Bu gün sənətçilərin davranışlarında elə məqamlar olur ki...


- Beş barmağın beşi də eyni deyil! Hər sənət adamının öz mədəniyyəti var. Amma müqayisədə o zamanki dövrlə bu gün həmin böyük-kiçiklik qalmayıb. Bizim dövrümüzdə Əliağa əmi vaxtından iki saat tez gəlib lampanı yandırar, mətni oxuya-oxuya yatardı. Mən cürət edib Əliağa əmiyə yaxınlaşa bilmirdim ki, acığı tutar. Özü görəndə çağırardı: "Adə, bura gəl!"

Hazırda isə tamam başqa mühitdir. Məsələn, cavan aktyordu, mənə yaxınlaşaraq jestlə deyir: "Axşam mənə baxdın?!" A bala, sənə deyən oldu ki, nə işlə məşğulsan? Bu baxımdan, səhnə mədəniyyəti bir az korlanıb.

Hazırda insanların da zövqü korlanıb. O mənada ki, tərbiyəsizlik baş alıb gedir. Gərək təlim-tərbiyə kökdən, ailədən gəlsin. Ailə gərək sağlam olsun ki, uşaqları da sağlam böyüsün. Hər bir insan ailəsi içində ağsaqqaldır! Tək bir insan öz ailəsi ilə bacara bilmir. Ailədə məişət problemləri, mənəvi problemlər, uşaqların qayğısı və başqa məsələr var ki, tək öhdəsindən gəlmək çətindir.


- Bir qədər keçmişə nəzər salsaq görərik ki, bu gün toy mədəniyyətimizdə dəyişikliklər olub. Bu dəyişikliklər toy mədəniyyətinin pozulmasına gətirib çıxarıb.


- Toylarımızı korlayan müğənnilərimizdir. Bəzi müğənnilər var ki, toyda həm aparıcıdır, həm də ifaçıdır. Bu, düzgün deyil! Dədə-babadan toyun masabəyisi və müğənnisi olub. Müğənnisən, müğənniliyini et də... Elə müğənnilər var ki, toy sahibinə deyir: "Aparıcıya niyə artıq pul verirsən? Həmin pulu ver mənə: həm oxuyum, həm aparım". Yəni, həmin müğənnilər tamahkardırlar.
Yaxud elə müğənnilərimiz də var ki, camaat xörəyini yediyi halda oxuya-oxuya masalarına yaxınlaşır. Masa ətrafında əyləşən adam sənətçiyə bir əl vurur, iki əl vurur... Artıq sənətçi də dönüb həmin müştərinin-toya gələn insanın tayı olur və zövqləri korlayır. Əslində, müğənni səhnədə-yerində dayanıb, mahnısını oxumalıdır. Amma qonaqların arasında oxuyub pul yığmaqlarına pis baxıram. Dəqiq desəm, toylarımızı korlayan sənət adamlarıdır.


- Ailə vəziyyətiniz necədir?


- Bir oğlum, bir qızım var. Qızım Çinarə Rusiyada İncəsənət universitetində təhsil alır. Oğlum İbrahim isə 11-ci sinifi bu il bitirir və 3-cü qrupda qəbul imtahanlarına hazırlaşır. İbrahim anasının yolunu getmək istəyir. Ümumiyyətlə, ailədə həyat yoldaşıma minnətdaram. Çünki həyat yoldaşım uşaqların tərbiyəsi ilə maraqlanır, qayğılarına qalır. Həyat yoldaşım Mehriban Əhmədova müstəqil hüquqşünasdır. Qısa və dəqiq desəm, ailədə vəziyyətim yaxşıdır...

//Milli.Az

Bütün xəbərlər Facebook səhifəmizdə