Nadir Qafarzadə: “Əgər biz abrımızı evdə qoysaq, gör insanların axırı necə olacaq?!” - MÜSAHİBƏ
- Uzun sürən soyuq müharibədən sonra, Faiq Ağayev bıçaqlanan ərəfədə sülh bayrağını qaldırdınız. Bu, bir fürsət idi, yoxsa həmkarınızın halına acımaq?
- Yox, fürsətlər çox oldu. İstifadə etmədim. Sadəcə, insanlığımı göstərmək istədim. Atasının dünyasını dəyişdiyi xəbərini eşidəndə pis oldum. Əvvəlcə istədim özünə telefon açım, sonra dedim yalan olar. Başqa birinə zəng vurub öyrəndim. Səhəri getmək istədim yasa, dedilər, bəs, cənazəni Astaraya aparırlar. Onların arxasınca getməyə hazırlaşırdım, Faiq razı olmadı ki, uzaq gedirik. Gözlədim, gəldi Bakıya, gedib baş sağlığımı verdim.
Münasibətlər yaxşıdır. Mənə elə gəlir ki, Faiqin də xasiyyətində artıq dəyişikliklər baş verir, məndə də. Nə var dilimdədir, içimdə pislik yoxdur. Nə qədər incitsələr də məni, tez bağışlayıram. Nə zamansa Faiq haqqında sərt danışmışam, onunla qəbir evinədək barışmayacağımı bildirmişdim. Düşündüm ki, dünya fanidir. Özümlə pislik daşımayım. Buradan deyirəm ki, bundan sonra kim mənə pislik eləməyə çalışsa, onu mehribanlıqla qarşılayacam.
- Yəni, yaşadıqlarınız dərs olub?
- Faiqin başına hadisələr gələndə, bir anlığa özümü onun yerində təsəvvür etdim. Amma dilim bəzən başıma bəla olur. Emosional adamam. Yəqin ki, Faiqin sinirləri sakitdir ki, mənim qədər hər şeyə reaksiya vermir. Bütün bunlarla yanaşı, artıq hər ikimiz bəlli bir yaşı haqlamışıq. Uşaq deyilik. Nə sinir, nə emosiya?! Ağılla hərəkət etməliyik.
- Sözünüzdən belə çıxır ki, çox sakit və sülh sevən insansınız. Unutmayın ki, bir çox qalmaqalları məhz elə özünüz yaratmısınız.
- Bilirsiniz, mən sözü bir cür deyirəm, amma müxtəlif cür başa düşülür.
- Bəlkə, fikrinizi düzgün çatdıra bilmirsiniz?
- Yox, bəzən müxtəlif cür yozulur. Bir müddət əvvəl mən bəzilərinin sabun köpüyünə bənzədiyini deyəndə, əslində qürurdan danışırdım. Niyə, biz başqa millətin ulduzları kimi qürurlu ola bilmirik? Ona görə də, bizdə sabun köpüyünə bənzəyənlər çoxdu. Bunu qorxmadan deyirəm. Hər şeyimiz, şükür Allaha, var - amma hamının qarşısında əyilirik. Mən bu cür insanlara nifrət edirəm. Hər zaman da onlara müxalif olmaqda davam edəcəm.
- Əslində, siz də vəziyyətə görə, dəyişirsiniz. Bəzən, şıltaq uşaq obrazında, bəzən ciddi, bəzən də heç nəyi özünə dərd etməyən bir şou əhlini oynayırsınız.
- Mən belə deməzdim. Oynamağı sevmirəm. Əzəldən necəyəmsə, belə də davam edirəm. Əgər bir az əvvəl barəsində danışdığımız Faiq Ağayevi nəzərdə tutursunuzsa, ona çox acıdım. Vaxtılə nə demişəmsə, onları danmıram. Amma onun başına gələn hadislərdən sonra ona çox acıdım. Bir də ki, biz nə karəyik - Allah nəyi necə bilirsə, elə də olmalıdır. Yaşımın üstundən yaş gedir. Və mən düşünürəm ki, həyat çox mənasızdır. Bunu mənasız şeylərlə daha da yüngülləşdirməyək. İstəyirəm ki, öləndən sonra mənə rəhmət oxunsun, lənət yox.
- Belə başa düşdüm ki, savab yiyəsi olmaq istəyirsiniz. Bəs, bir müddət əvvəl varlığını etiraf etdiyiniz oğlunuzun aqibəti ilə maraqlanmısınız?
- Bu, bir cavanlıq səhvidir. Çox kişilərin başına belə işlər gəlir. Amma o uzaqda, mən burada. Maraqlanmıram. Hərdən söhbət düşəndə həyat yoldaşım çox əsəbləşir. Artıq evimdəki iki oğul balam haqqında düşünürəm. Düzdür, üçüncü də mənim qanımdandır. Övladımdan imtina etmirəm. Amma bu günə qədər münasibət olmayıbsa, artıq qurdalamağın əhəmiyyəti yoxdur. Mənim üçün ailəmin varlığı daha önəmlidir. Onun dağılmasını istəmərəm.
- Şou nümayəndələri arasında ailəsi ilə gündəmə gələn sənətçilərdən biri sizsiniz. Özünüzü həmişə nümunə göstərməyə çalışırsınız. Amma şou məkanda yalançı münasibətlər çox olduğundan bəzən bunu süniləşdirilmiş səhnə oyunu adlandırırlar.
- Mənim həyatım büsbütün yoldaşımla bağlıdır. Yalançı münasibətə ailəmizdə yer yoxdur. Əgər o yoxdursa, mən də yoxam. 93-cü ildə ailə həyatı qurmuşam. O vaxt şou-biznes yox idi. 18 ildə həm sənətçi kimi meydanda külüng vurmaq, həm də min bir əzabla ailəni qorumaq hər bəndənin işi deyil. İnsanlar var ki, ailə qurur, iki ay onu qoruyub saxlaya bilmir. Mən güclü insanam. Həyat yoldaşım daha da güclüdür ki, mənim kaprizlərimə dözə bilib. O qədər olub ki, çöldə hirslənib, acığımı evdəkilərdən çıxmışam. Yoldaşım hər şeyə dözüb. Ona görə də, istərdim ki, elə çox ailələrin sütunu bizimki kimi möhkəm olsun. Özümüzü elə şou-biznesdəkilərə də nümunə göstərirəm. Amma başqa cür də ola bilərdim.
Evlələndən bir neçə il sonra tanınmağa başladım. Pulum, imkanlarım artdı. Başqa cür olsaydı, yoldaşıma deyərdim ki , "səni istəmirəm, ağzımın dadını dəyişmək istəyirəm". Hamı kimi bizdə də söz-söhbət az olmayıb. Amma evliliyi yıxa biləcək səviyyəyə aparmamışıq. Yenə də deyirəm, sağlam ailədə qadının rolu böyükdür. Mənim anlamımda ailə bircə dəfə qurulur. İkinci şəxsə "səni sevirəm" deyə bilmərəm. Deyənləri qınamıram. Ola bilsin, onlarda daha mühüm səbəblər olur. Hərdən yoldaşımı göndərirəm ki, get bir-iki gün atangildə qal. Səhər gedir, günorta qayıdır evə. Deyir, mən evdən kənarda qala bilmirəm.
- İstərdiniz ki, bu münasibətdən daha bir övladınız dünyaya gəlsin?
- Əlbəttə istəyirəm. Söhbət lap yerinə düşdü. İki gün bundan əvvəl yoldaşıma dedim ki, gəl bir qızımız olsun. Məhz qız istəyirəm. Qayıtdı ki, "15 yaşında oğlumuzun qarşısında ikicanlı gəzməyə utanaram". Həya-abırdan utanır. Amma elə insanlar var ki, olmayan qarnını irəli verir ki, ay camaat, baxın, mən hamiləyəm.
- Şou əhlini deyirsiniz?
- Elə adi insanların arasında da var belələri. Vallah, abır-həyanı gözləmək lazımdır. Hamımız bilirik ki, ərə gedən qadın uşaq dünyaya gətirəcək. Niyə biz bəzi hissləri daha da qabardırıq?! Bəlkə, mən geridə qalmışam -bilmirəm. Adi insanlar müğənniyə baxıb nümunə götürmək istəyir. Əgər biz abrımızı evdə qoysaq, gör insanların axırı necə olacaq?!
- Oğlunuzu şou-biznesdən olan xanımla evləndirərsiniz?
- Əsla.
- Niyə?
- Heç kim fikrimi qəribçiliyə salmasın. Bu mənim subyektiv fikrimdir. Heç kimin bostanına daş atmıram. Yaxşı xanəndələrimiz, özünə hörmət qoyan qızlarımız var. Demirəm ki, hamısı əxlaqsızdır. Səhnə qadını elə səhnə qadınıdır. Mən oğlumun gələcək həyat yoldaşını həkim xanım, yaxud da uşaq bağçasında tərbiyəçi peşəsində görmək istiyərdim. Lakin sənətçi kişinin də, qadının da evə gəlmək zamanı bilinməz. Bütün günü tədbir, çəkiliş, toy - evə ancaq gecə gəlib çıxa bilir. Bax, bu mənada sənətçi xanımı evimdə gəlin kimi görmək istəmirəm. Ev xanımı elə evində oturub uşağının, həyat yoldaşının qayğısı ilə məşğul olmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB