Efirdə Çingiz Əhmədovun mikrofonunu bağladılar VİDEO

Əməkdar artist Çingiz Əhmədov Akademik Musiqili Teatrın rəhbəri Əliqismət Lalayevi ittiham edib. SİA-nın məlumatına görə, aktyor bu barədə verilişlərin birində danışaraq teatr rəhbərinin onun və bir neçə aktyorun haqqında girdiyini söyləyib: "Böyük sənətkarlarla bir səhnəyə çıxmışam. İndi o qiymətimi ala bilmirəm. Dövlətimiz mənə qiymət verir, teatr rəhbərliyi vermir. Kimin bostanına daş atmışam bilmirəm. Heç vaxt media ilə gündəmə gəlməmişəm, ağlamamışam. Bu gün o Çingiz deyiləm. Prezidentimizin yolu ilə gedirəm. Sağ olsun ki, teatrımıza "Akademik" statusu verdi. Bunun sayəsində maaşlarımız artdı. Teatrın müdiri Əliqismət Lalayev mənim haqqımı vermir. Niyə Nahidə Orucovanın, Ələkbər Əliyevin, Əzizağa Orucovun haqqını yeyir? Mən artıq teatrın rəhbəri ilə müharibə edirəm".

Daha sonra aktyor çıxışına davam etsə də, canlı efirdə onun səsi alınıb. Proqramın aparıcısı Nanə Ağamalıyeva isə "Anonsumuz var, qısa aradan sonra qayıdacağıq" deyə, bildirib. Fasilədən sonra isə Çingiz Əhmədovun əvəzinə verilişdə qonaq olan müğənni Səidə Dadaşovaya söz verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə