Onların ayaqlarına siz də nəzər salın - SORĞU

Onların ayaqlarına siz də nəzər salın - SORĞU
Bir misal var, dost başa baxar, düşmən ayağa... Biz düşmən olmasaq da gözümüz ayaqlarına baxdı. Özü də şou-biznes nümayəndələrinin. SİA-nın bu dəfəki sorğusu onların geyindiyi ayaqqabı haqqındadır. Maraqlıdır, hər zaman qeyri-adi görünməyə can atan məşhurlar ayaqqabı baxımından nə qədər zəngidirlər. Sorğu zamanı həmçinin ən bahalı və ən ucuz ayaqqabı sahibi də aşkar olundu. O məşhurun kim olduğunu bilmək istəyirsinizsə, sorğumuzu axıradək oxumağınızı məsləhət görürük.

Rəhim Rəhimli: "Düzünü desəm, mənim ayaqqabıya həvəsim yoxdur. Mən ümumiyyətlə ən çox köhnəlmiş geyimlərə üstünlük verirəm. Yəni cırıq, yırtıqlı, çirkli. Mən heç vaxt brendə üstünlük verməmişəm. Hər birini tanıyıram və bir çoxundan da geyinmişəm. Amma yalnız orijnal malları seçirəm. Mən ildə bir dənə klassik ayaqqabı alıram. Oda qara rəngdə. Ayaqqabının formasına gəlincə isə, burnu miz, sanki kəsilmiş ayaq geyimlərinə üstünlük verirəm. Qışda batinka geyinirəm, digər aylarda isə keta geyinirəm. Ən ucuz ayaqqabımın qiyməti 20 manatdır. Çünki "keta"dır. Onlar isə ucuz olurlar. "Keta"m var ki, 15 manata almışam. Amma ən bahalı ayaqqabım 350 manat olub. Bunu isə ildə 1-2 dəfə alaram. Dükana girəndə ayaqqabının rənginə və qəribəliyinə üstünlük verirəm. Rəngi bulanıq olsun, kirli kimi görsənsin, ipləri çox olsun. Bir də istəyirəm ki, ondan heç kəs də olmasın. Ona görə də Bakıdan ayaqqabını sonuncu dəfə 2 il bundan əvvəl almışam. Əksər hallarda Türkiyədən alıram. Bir sirr də açım ki, bəzi sənət dostlarımla aramızda ayaqqabı dəyişikliyi olub. Hər hansı bir çəkilişdə ayaqqabılarımızı dəyişmişik. Olub ki, çəkiliş olub gedib onlardan ayaqqabı almışam və ya əksinə, onlar gəlib məndən götürüblər. Qaldı ki, ayaqqabımı geyinib, mənim kimi yeriyə bilməklərinə... Bəli onlar bunu bacardı. Çünki mənim ayaqqabımı geyinən də mənim kimi sənətçidir, dəblə ayaqlaşan şəxslərdir və modern üsluba üstünlük verənlərdir. Ən böyük ayaqqabı kolleksiyasını isə Röya görmüşəm. Hər dəfə məni çağırır ki, gəl, bax, gör bu paltarla bu ayaqqabı gedir? Onda nə rəng istəsən tapa bilərsən. Mən ümumiyyətlə, qadınların ayaqqabılarına baxaram, amma kişilərinkinə yox. Çünki bilirəm ki, geyindiyim ayaqqabı heç kimdə yoxdur. Hazırda ayağımda olan ayaqqabıdan heç kimdə ola bilməz. Çünki mən başqa üslubda geyinirəm.

Faiq Ağayev: Mənim geyindiyim ayaqqabılar artıq 6 ildir ki, Bakıda tikilir. Gözəl əl qabuliyyətinə malik olan usta Emin bəy var ki, konsertimin ayaqqabılarını ona həvalə edirəm. Gündəlik geyindiklərim də idman üslubuna üstünlük verirəm. Markalar ola bilsin ki, "Zara"dan, "Sash"dan, türk firması olan "Efçi Plass"da ola bilər. Həyatımda ən bahalı ayaqqabım isə 1200 manatlıq olub. Ucuzuna gəlincə isə idman ayaqqabım olub ki, 45 manat pul vermişəm. Amma ondan da ucuz ayaqqabım var ki, evdə geyindiyim başmağımdır, o da yəqin 2-3 manatlıqdır (gülür). Qeyd edim ki, mənim geyindiyim şirkətin ayaqqabılarından geyinənlər var, lakin mənim ayaqqabımı geyinməyə cəhd göstərənlər və yerişimi fikirləşib ayağı dolaşıb üzü üstə gələnlər də var.

Samir Piriyev: Bəlkə fikir vermisiniz, mən geyimimdə hər zaman klassikaya üstünlük verirəm. O cümlədən də ayaqqabılara. Bilirəm ki, xanımlar hər zaman kişilərin ayaqqabısına fikir verirlər. Mən isə sadəliyin tərəfdarı olmuşam. Ayda heç olmasa iki-üç dənə ayaqqabı almağa məcburam. Yekəxanalıq kimi çıxmasın, amma mən xalqın qarşısına çıxıram və bir dəfə səhnədə geyindiyimi ikinci dəfə geyinə bilmirəm. Qara ilə yanaşı tünd göy rəngdə olan ayaqqabıları da sevirəm. Mən ümumiyyətlə geyim barəsində heç vaxt özümü sıxmamışam. Əgər gözəldirsə almışam. Ayaqqabıya 10 manatda vermişəm, olub ki, 600 manatda almışam. Heç vaxt markaya, brendə fikir verməmişəm. Brend nədir ki, reklamdır da. Amma heç vaxtda düşünməmişəm ki, bundan heç kəsdə olmasın. Axı belə məsələlərlə heç kəsi təəccübləndirmək olmaz.

Rəqqasə Fatimə: Deyim ki, hər zaman bir dükandan geyinib, bir firmaya üstünlük verirəm, yox. Əgər ayaqqabı xoşuma gəlirsə onu sadəcə alıram. Əslində mən heç vaxt istədiyimi Bakıda tapa bilmirəm. Düzdür, Bakıda çox gözəl ayaqqabılar var. Ancaq mən bilirəm ki, ondan Azərbaycanda kimlərsə geyinir. Eksklüziv ayaqqabıları xoşlayıram. İnşallah qismət olsun təzə evimə köçüm, orada ayaqqabılarım üçün xüsusi yer düzəltmişəm. Mənim evimdə nə qədər ayaqqabı, çəkmə var. Hərdən elə bir çəkmə yadıma düşür ki, onun heç yerini belə tapa bilmirəm. Ən çox isə qara rəngi sevirəm. Qara və ağ rəng dəbin ən şux rəngləridir. Çəhrayı və tünd göy də gözəldir. Ən bahalı çəkməmə çantası ilə birlikdə 750 avro pul vermişəm. Amma onu da burdan yox, xaricdən almışam. Ən ucuz ayaqqabım isə 40 manat olub. Çəkməm olub ki, endirimlə 43 manat pul vermişəm. Onu deyim ki, mənim endirimlə aram yaxşıdır, ancaq xaricdə. Bakıda endirimlə rastlaşa bilmirəm. Çünki xoşuma gələn 45 manatlıq ayaqqabı məni görüb 85 manat olur (gülür). Burda isə hər hansı bir dükana girəndə, eynəklə papaq taxıram ki, məni tanımasınlar.

Rəfail: Mən ayaqqabını haradan gəldi geyinirəm. Ümumiyyətlə, israfçı insan deyiləm. Olub ki, "Binə" və "Sədərək"dən də, el arasında deyilən kimi "ayraportdan" da geyinmişəm. Bəlkə də ulduzların yarısı kiminsə əli ilə "talkuçkadan" alıb üstünə emblemə vurub deyirlər firmadır. Mən elə deyiləm, məndə açıq-aydındır. Baxın, bu ayağımdakı ayaqqabını "Tarqovı"dan almışam. 60 manat idi, 45-ə aldım. Mən qiyməti aşağı salmasam da onlar özləri mənə hörmət edirlər. Bakıda deyil, başqa bir şəhərdən almışam, onu da bizim pula çevirəndə 25 manat edir. Ən bahalı ayaqqabım isə 120-150 manat arası olub. Ayaqqabıda məni ən çox maraqlandıran rahatlıqdır. Ümumiyyətlə, hər bir ayaqqabının öz gözəlliyi var. Amma əslinə qalsa mən ayaqqabının köhnəsini xoşlayıram. Çünki onlar çox rahat olur.

Coşğun: Ayaqqabılarım bir çox dükanlardandır. "Pier Cardini", "Yoks", "Ramsey", "Ampula"dan da geyinirəm, müxtəlif dükanlara üz tuturam. Mən ən çox qiymətə yox, görünüşə fikir verirəm. Əgər ayaqqabı mənim ayağıma rahatdırsa, dərisi keyfiyyətlidirsə, mən onu alıram. Ən ucuz ayaqqabımı 120, ən bahalı isə 350 manat olub.

Almaz Ələsgərova: Mən son zamanlar daha çox balaca dabanlı ayaqqabılara üstünlük verirəm. Çünki işimiz gərgindir. Oradan qaçırıq bura, burdan ora. Ona gör istəyirəm ki, ayağım rahat olsun. Dikdaban geyinən də evə gəlib görürəm ki, ayaqlarım "mazol" içindədir. Ona görə çalışıram ki, balaca daban geyinim ki, ağrımasınlar. Axı mən oxuyanda da çox hərəkət edirəm, ayaqqabının rahatlığı mənim üçün çox önəmlidir. Mənim həqiqətən çox ayaqqabım var. Evdə bəlkə də bir otaq mənim ayaqqabılarımı tutmaz. Bu təkcə mənimdir. Sizə hələ qızlarımın ayaqqabılarının nə qədər olduğunu demirəm. Biz ayaqqabı dəlisiyəm də... Hazırda ayağımda gördüyünüzü Hollandiyadan almışam. Qiyməti isə 200 avronu keçib. Ən ucuz ayaqqabım 30 ən bahalı isə 1500 manat olub. Elə ayaqqabı var ki, özü də 500 manatdır çantası da. Mən onu necə almayım? Qeyd edim ki, ayaqlarım bir az enlidir. Buna görə də hər zaman bəzi ayaqqabılara və nazik ayaqlara həsrətlə baxıram. Deyirəm, ay Allah, kaş mənim də ayaqlarım belə olaydı, mən də istədiyimi geyinəydim. Amma heç vaxt deməmişəm ki, bu ayaqqabıdan bir məndə olsun. Axı dünyada hər şeydən bir dənə ola bilməz. Mən belə şeylərə fikir vermirəm.

Elton: Ümumilikdə ayaqqabılarımın sayı hazırda 50-ni keçib. Amma ən çox sevdiyim 10 ayaqqabım var ki, onlardan daha çox istifadə edirəm. Hər dəfə dükana girəndə görürəm və xoşuma gəlir alıram. Sonrada hər il 25-i gedir zirzəmiyə. Çalışıram hər zaman keyfiyyətli ayaqqabılar alım. Axırıncı aldığım isə 100 manat idi. Amma Bakıda dostlarım ayaqqabı dükanı var ki, endirimlə bahalı ayaqqabını mənə 60-70 manata veriblər. Mən ümumiyyətlə bahalı ayaqqabıları sevirəm. Bir kostyum üçün ayaqqabı seçmişdim. Qiyməti isə 470 manat idi. Amma bilirdim ki, bu markadır. Aldım və 3 il o tədbir qalmadı ki, geyinməyim. 3 il yarımdan sonra isə o keyfiyyətini itirməyə başladı. Amma bir az keyfiyyətsiz ayaqqabı alanda 3 aydan sonra heç kimə lazım deyil. Təbii ki, elə insan var 1000 manatdan aşağı ayaqqabı geyinmir. Mənim ən bahalı ayaqqabım isə 600 manat olub. Tərzim klassik olsa da idman üslubunu da sevirəm. Bir az kompleksim var da, ona görə klassikaya daha çox üstünlük verirəm. Bir neçə vaxt öncə Nikolay Baskovda bir ayaqqabı gördüm. Bax onun ayağında gördüyüm məni lap heyran etdi. Üstü parıldayırdı. Çox gözəl idi.

Lalə Məmmədova: Sözün düzü mən bir çox hallarda "Enjoyment" dükanına üstünlük verirəm. Hərdən Xaricə gedəndə orada gözəl dükanlar olur, amma nə qədər endirimli olsa da bahalı mallar satırlar. Ayaqqabılarımı şəhərin ən yaxşı dükanlarından alıram ki, keyfiyyətli məhsul olsun. Ən bahalı ayaqqabım, yalan danışmayacağam, 580 manat olub. Ən ucuz isə 80 manatlıq olub. İdman üslubunda çox rahat idi, düzdür bir balaca dabanlı idi, amma cins materialından, məndə ona 80 manat verdim. Ayaqqabının rahatlığı çox vacibdir, amma eybəcərdə olmasın. Mənim bir arzum var, Gürcüstana səfər edim, orada çox gözəl eksklüziv bir dükan var ki, ayaqqabı ilə doludur. Çox istərdim orada ki ayaqqabılardan alım.

Bütün xəbərlər Facebook səhifəmizdə