Rəqqasə Fatimə: “Tək qalır, başını itirir, bilmir neyləsin, o kişi aldadır, bu kişi aldadır, işi yoxdur...”- MÜSAHİBƏ

Rəqqasə Fatimə: “Tək qalır, başını itirir, bilmir neyləsin, o kişi aldadır, bu kişi aldadır, işi yoxdur...”- MÜSAHİBƏ

- Fatimə, son zaman rəqsi atacağın barədə yaman söz-söhbət gəzir. Bunlar həqiqətə uyğundur?


- Yox, mən nə işlə məşğul olsam da rəqsi heç zaman ata bilmərəm. Bəlkə nə vaxtsa ara verdim, oynamadım. Amma bu bir müddətlik olacaq. Hərdən insan hər şeydən yorulur, bir az istirahət etmək istəyir. Buna depressiya deməzdim - sadəcə, hərdən bezdiyimi düşünürəm. Nə vaxtsa özümə istirahət verəcəyəm, şou-biznesdən uzaqlaşacağam. Məndən heç kim inciməsin, amma yorulmuşam. Efirlərə çıxmayacağam, müsahibələr verməyəcəyəm. Bu, o demək deyil ki, mən özümü ulduz sayıram. Amma sıxılmışam bu söz-söhbətdən, şayiələrdən, qalmaqallardan. Hərdən lap ürəyim bulanır. Birdən isə özümə yazığım gəlir. İşə o qədər aludə olmuşam ki, nə uşağıma, nə anama, nə də özümə vaxt ayıra bilmirəm.


- Qız uşağı böyüdürsən, özü də atasız, çətindir?


- Çox çətindir. Deyiləsi deyil... Amma bu çətinliyə baxmayaraq mən yaxşı yaşamağımız üçün əlimdən gələni edirəm. Həyatda tək deyiləm. Ancaq dünyada milyon nəfər qadın uşağını tək böyüdür. Əminliklə deyirəm ki, Allah belə qadınları tək qoymur. Çünki cənnət anaların ayaqları altındadır. Nə yolun yolçusu olmağına baxmayaq, bu, anadır! O qədər heç məşhur olmayan, amma qınaq obyektinə çevrilən qadınlar var ki. Onlar necə əzablarla uşağına bir tikə çörək pulu qazanır. Ancaq işləmədən, yalnız əxlaqsız yolla uşaqlarını saxlayanlar da var. Bax, Allahdan istədiyim odur ki, o qadınları əyri yoldan çəkib, düz yola qaytarsın. Qoy, o cür qadınlar çirkin əməllərini buraxıb, təmiz yaşasınlar və uşaqlarına halal çörək versinlər...


- İndiki gününə şükür edə bilirsən?


- Bəli! Şükür edirəm ona görə ki, mən o cür yolun yolçusu deyiləm və balama halal çörək yedizdirirəm. Bəlkə kimlərsə mənə gülərlər, amma belə qadınlar görəndə deyirəm: "Ya Rəbbim, sənə qurban olum, çək onları bu yoldan!" Belə qadınlar görəndə özümə şükür edirəm. Çünki məndən daha pis vəziyyətdə yaşayanlar var. 5 uşaqlı analar var ki, uşaqlarını saxlamağa evi də yoxdur. Tək qalır, başını itirir, bilmir neyləsin, o kişi aldadır, bu kişi aldadır, işi yoxdur. Üstəlik indi elə bir zəmanədə yaşayırıq ki, elə belə heç kimə iş vermirlər. Yüz cür şey təklif edirlər. O qədər söz danışırlar ki...


- Nəzərə alsaq ki, şou-biznesdə olan qadınlar haqda daha çox danışırlar...


- Əfsus! Amma mən istəməzdim bu sahədə olan qadınların dalınca danışsınlar. Çünki şou-biznesdə olan xanımların adı çıxıb. Dediyim sözləri tanıdığım bütün məşhur xanımlara şamil etmirəm. Amma əgər bir qadının varı-dövləti, adı-sanı var, üstəlik Allah onu məşhur edibsə, onun başqa yolla əl atmağa ixtiyarı yoxdur. Mən bu cür qadınlara "qadın" demirəm. Ana olsa da, olmasa da! Amma heç nəyi olmayan və bilmədən kiminsə sözünə aldanan qadınlar da var. Bax, onların heç bir günahı yoxdur. Allahın köməyini ən çox onlar üçün diləyirəm. Amma bu dəqiqə şou-biznesdə elə qadınlar var ki, həm hər şeyləri, həm də "5 dənə" kişisi var. Bəziləri deyir ki, bacarana can qurban. Ancaq mən buna bacarıq demirəm - bu, əxlaqsızlıq nümunəsidir. Nəzərə alsaq ki, tamaşaçılar incəsənətdə olanlardan nümunə götürürlər, onda bizim millətin axırı nə olacaq? Axı bizə pərəstiş edən insanlar var. Bizi sevən insanlar haradasa bizə bənzəməyə can atırlar. Biz yaxşı nümunə olmalıyıq. Ancaq bir problem də var. Bu şou-biznesdə olan pis insanların güdazına yaxşıları da gedir.

Çox istərdim ki, o pis yolda olan insanlar yaxşı-yaxşı fikirləşsinlər və düzgün yola gəlsinlər. Çünki çox fani dünyadır, çalışıb, düzgün yaşamaq lazımdır. Təmiz ol, düzgün ol, yaxşı əməllərlə yaşa, hər zaman düşərsən yada. O, bir söz var ki, "Allah sənə qəni-qəni rəhmət eləsin". Bax, o sözü sağlıqda qazanmaq lazımdır. Sözümün canı o idi ki, bəziləri pulu görəndə harınlayırlar. Biri gedib narkotikə qurşanır, digəri cinsiyyətini dəyişir. İnsanlarda sanki şeytanlaşma gedir.


- Məlum məsələdir ki, hər bir insanın içində şeytan var. Fatimə o şeytana qalib gələ bilirmi?


- Çalışıram, çox çalışıram. Məni bu neçə ildə şeytandan qoruyan bircə şey var. Hər zaman da onu demişəm. Bizim gözəl kəlamlarımız, dualarımız var. "Ayəti kürsi" , "Fatihə surəsi" və başqaları. Bunu hər kəsə məsləhət görürəm. Bu sözləri deməklə istəmirəm kimsə hesab etsin ki, mən özümü çox ağıllı sayıram. Yox, sadəcə bu, mənim içimdən gəlir və həqiqətən də insana kömək olur. Mənim yaddaşım yalnız rəqs barədə güclü olub.

Mən adi nömrələri belə, yadımda saxlaya bilmirdim. Amma Allahın köməyi ilə mən onların hər birini öyrəndim. İndi onları əzbər bilirəm. Hər səhər yuxudan duranda, evdən çıxanda, avtomobilə əyləşəndə, ümumiyyətlə, hər addımım da "Ayəti kürsi"ni deyirəm. Və daxilinə şeytan girən insanlar bu duaları oxusunlar, pis yoldan çəkiləcəklər.


- Demək, bu duaları çoxdan oxusaydın, Allah heç vaxt şeytanı sənin yaxınına buraxmazdı.


- Bəli. Mən vaxtı ilə ərəb rəqsi oynamışam. Bunu danmaq lazım deyil, dana da bilmərəm. Ancaq mən istəmədən bunu eləmişəm. Bizim mentalitetimizə uyğun olmayan və xoşlamadığım bir işlə məşğul olmuşam. O rəqsin geyimi belə mənlik deyildi. Şükürlər olsun ki, mən o rəqsdən uzaqlaşdım. Bu gün, mən yadıma salanda ki, o rəqsi oynamışam, pis oluram. Amma mən o rəqslə balamı saxlamışam. Ərəb rəqsi bu işdə mənə çox kömək olub. Demirəm bu əxlaqsızlıqdır. Amma mənim aləmimdə o xoş bir iş deyil.


- Bəs belə bəyənmirdinsə, niyə oynayırdın?


- Oy, biz onda çox pis vəziyyətdə idik. Dəhşət! Müflis olmuşduq. Allah heç kimə göstərməsin. Biz əvvəllər çox yaxşı yaşamışıq. Birdən belə vəziyyətə düşməyimiz hər birimizə çox ağır gəldi. Biz o zaman hər şeyimizi satdıq, kirayədə qaldıq. Bunu etməli idim. Baxmayaraq ki, mən milli rəqslər oynayırdım, amma ərəb rəqsləri oynamağa məcbur oldum. O zaman mən Azərbaycan Tibb Universitetinə daxil oldum, lakin, təhsilimi yarımçıq qoydum. Bunları bir-bir sənə danışsam, vaxtımız çatmaz. Hər zaman demişəm ki, həyatımdan qalın bir roman kitabı yazmaq olar. Amma Allaha şükürlər olsun ki, mən yoldan çıxmadım.

Məni yoldan da çıxarda bilərdilər, pozğunluğa da apara bilərdilər. Ancaq Allaha məni qoruyub. Ağlaya-ağlaya o restorandan çıxıb, bu restorana girmişəm. Ərəb rəqsini istəmədən, məcburiyyət qarşısında oynamışam. Amma həyatda yaxşı insanlar da var. Onlar mənə əl tutdular, kömək elədilər. Yəni, Allah insanların əli ilə mənə yol açıb. Xahiş edirəm, keçmişə daha qayıtmaq istəmirəm. İndi anama və qızıma şükür edirəm!


- Bəs qızın necə, sənə bənzəmək istəyir?


- O, mənim fanatım deyil. Biz onunla tamamən əks insanlarıq. Çox ərköyün qızdır. Amma buna baxmayaq, biz onunla rəfiqəyik. Mən hər zaman çalışıram ki, Aydan məndən uzaqlaşmasın. O tək uşaqdır, çalışıram ki, eqoist böyüməsin. Bax, mən çox şən, deyən-gülən insanam. Amma o, əksinədir, dəhşətdir. Onun 15 yaşı var. Mən onun yaşında ərə getmək barədə fikirləşirdim. O yaşda sevmişəm və ailə qurmuşam. Ancaq Aydan başqa fikirlərlə yaşayır. Dərs, karyera qurmaq barədə düşünür.


- Hansı peşəyə yiyələnmək istəyir?



- Əslində onun fikri burada deyil, xaricdə ali təhsil almaqdır. Düzü, Praqada oxuyub, diplomat olmaq istəyir.



- Sənin ürəyindən onu öz yoluna çəkmək keçməyib?


- Əslində, onun plastikası məndən də güclüdür. Onu heç kim görməyib və heç kim də görməyəcək. İnan ki, o, məndən gözəl oynaya bilər. Özü ətli qızdır, amma elə bil sümüyü yoxdur. Bədənin hansı nahiyəsini desən, asanlıqla o birisinin yerinə aparıb qoyur (gülür). Bizdə rəqqasə Sevda var ha, bax onun necə plastikası var idi, Aydan da belədir. Aydanın atası da istedadlı idi, anası da göz qabağındadır. Ancaq mən heç vaxt onu özüm tərəfə çəkmək istəməmişəm. Çünki onun arzusu diplomat olmaqdır. Məndə bu işdə ona kömək olacağam.


- Uzun illərdir sənətdəsən. Əziyyətlərinin qiymətləndirilməməsini hiss edirsən?


- Düzdür, təşəkkür gözləmirəm, çünki sevən məni sevir, xalqın içərisində sevilirəm. Bax, bu hal mənə çox xoşdur. Amma ki...


- Amma ürəyindən keçir ki, təqdim edəndə "Çıxış edir Azərbaycanın əməkdar rəqqasəsi" desinlər...


- (Xeyli fikrə getdi) Təbii ki... Çünki mən, Azərbaycanın bölgələrini qarış-qarış gəzən bir rəqqasəyəm. Bu gün döyüş gedən zonalarda, əsgərlərin qarşısında, təmənnasız çıxış edən məhz mənəm! Mən həmən rəqqasəyəm ki, bunu borc bilib, etmişəm. Amma bu gün bizim elə rəqqasələrimiz var ki, belə hadisələrdən heç xəbərləri yoxdur. Mənə qarşı haqsızlıq olur. Belə halları görəndə üzümü döndərib, getmək istəyirəm, amma gedə bilmirəm. Çünki mən rəqslə yaşayıram. Amma insana təsir edir.

Mən hətta keçən il buna görə qəzaya düşmüşdüm. Tərtər rayonuna, əsgərlərə konsert verdikdən sonra, qayıdarkən yolda dəhşətli qəzaya uğradıq. Tək deyildim, həmkarım İlham da bizimlə idi. Allah bizi saxladı. Çünki mən vətənim üçün, təmiz niyyətlə getmişdim. Allahın mənim balama və anama yazığı gəldi. Ancaq özümə qarşı bir az da diqqət görsəm, daha da həvəslənərəm. İnsan gərək stimul alsın ki, irəli getsin. Yoxsa ki...


- Amma indi çox yaxşı görünürsən. Çox adam deyir ki, Fatiməyə sahib olduğu yaşı vermək olmur. Sənin demək olar ki, özün boyda qızın var. Ancaq gözəlliyin, cavanlığın bunu heç büruzə vermir.


- Hələ mən arsız deyiləm. Gör mən arsız olsam, necə olardım. Ancaq deyirlər ki, efirdə çox kök görünürəm. Həyatda məni görənlər, balaca qıza bənzədirlər. Vallah, səmimi deyim, mən özümü və yeməyimi qorumuram. Belə qalmağımın səbəbi rəqsdir. Üzümdə isə bir dəfə plastik əməliyyat elətdirmişəm. Burnumu, ancaq böyük deyildi. Sadəcə çəpər əyriliyi var idi. Onda da dedim ki, day bıçaq altda girirəm də, elə bir az da formasını düzəltdirim. Bundan sonra bilmirəm hansı dəyişikliyi edərəm. Ancaq gözümün altda bir balaca qırışlar var, bəlkə onu dartdırdım. O qırışlar da gülməkdən əmələ gəlib (gülür). Ancaq bu əməliyyat 5 il bundan sonra üçün nəzərdə tutulub. Amma onu da deyim ki, rəqqasələr çox yaşayırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə