Sevda Ələkbərzadə: “Mədəniyyət və incəsənət sahələrində çərçivələr qalmayıb”- AÇIQLAMA

Sevda Ələkbərzadə: “Mədəniyyət və incəsənət sahələrində çərçivələr qalmayıb”- AÇIQLAMA
Müğənni Sevda Ələkbərzadə yeni beynəlxalq layihə üzərində çalışır. Bu barədə SİA-ya açıqlama verən S.Ələkbərzadə layihənin bəzi məqamlarından bəhs edib: "Bu layihənin gerçəkləşməsində ölkəmizlə yanaşı, başqa 2 dövlətin sənətçiləri də iştirak edir. Amma həmin ölkələrin adlarını hələlik açıqlaya bilməyəcəyəm".

S.Ələkbərzadə onu da bildirdi ki, ifa etdiyi xalq mahnılarını layihə çərçivəsində ərsəyə gətirir. Bu səbəbdən də yalnız yeni oxuduğu pop və bəstəkar mahnılarını layihə çərçivəsindən kənar olaraq dinləyicilərə təqdim edir: "Reper Elşad Xose ilə duetim hamının marağına səbəb oldu. Bundan əlavə, hazırda musiqisi Muxtar Abseynova, sözləri isə İftixar Piriyevə məxsus olan "Mənim qəlbimə" mahnısını ifa etmişəm. Ümumiyyətlə, bir neçə bəstəkarla, o cümlədən Givi Usanaşvili ilə işbirliyim olub. Hal-hazırda da Murad Arifin bəstəsi olan yeni bir mahnı ifa edəcəyəm. Yeni mahnı pop janrındadır", - müğənni bildirdi.

Müğənni müasir musiqinin durumu və inkişafı barədə fikirlərini dilə gətirib: "XXI əsrdə musiqidə dəqiq janr qalmayıb, janr çərçivələri yığışdırılıb. Musiqi ilə yanaşı, dizaynda da, kulinariyada da - ümumiyyətlə, bütün mədəniyyət və incəsənət sahələrində müəyyən çərçivələr qalmayıb. Əvvəllər Amerikada caz-rok, rok, caz, pop və başqa janrlar vardı. Hazırda isə dünyada bir mahnıda dəqiq janrlardan istifadə olunmur. İndi postmodernizmdir" - S.Ələkbərzadə söylədi.

Müğənni Azərbaycan pop musiqisi ilə bağlı narahatlıq keçirdiyini də vurğuladı. Onun sözlərinə görə, bizim pop musiqimiz axsayır: "İstedadlı müğənnilərimiz, musiqiçilərimiz çoxdur. Amma onlar müasir olmalıdırlar. Təəssüflər olsun ki, belə deyil. Yəni, hazırda Azərbaycan pop musiqisindən 80-ci illərin qoxusu gəlir. Artıq 2011-ci ildir. Gərək mahnılar standartlara uyğun olsun. Belə ki, mahnının aranjemanı, səslənməsi, kantası müasir tələblərə cavab versin. Bəzi DJ-lər mahnını elə ifa edirlər ki, adamın çox xoşuna gəlir. Ona görə də, mahnıda əsas amil aranjeman və ifa tərzi hesab olunur".

Bütün xəbərlər Facebook səhifəmizdə